Cümə , Sentyabr 18 2020
Home / Dünya / Siyasət / Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib

Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu kütləvi informasiya vasitələrində (KİV) adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib.

APA-nın Moskva müxbirinin Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı P. Bülbüloğlunun etiraz məktubunda son zamanlar bir sıra internet səhifələrində belə sorğuların təşkil edilməsi hallarının artdığı vurğulanıb.

Səfir bildirib ki, məlum olmayan meyarlar və ölçülər əsasında keçirilən səsvermələr vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan, müxtəlif dövlətlərdə və fərqli siyasi şəraitdə ölkəmizi təmsil edən səfirlərin fəaliyyətinin eyniləşdirilməsi və yaxud müqayisəsi cəhdi yanlışdır və qeyri-mümkündür.

O qeyd edib ki, səsvermələrdə ömrünü Azərbaycan dövlətinə, onun maraqlarının qorunmasına həsr edən şəxslərin adlarının yeni təyin olunmuş gənc səfirlərlə müqayisəsi ümumiyyətlə düzgün deyil: “Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi dərin yarası və böyük problemi var. Azərbaycan Respublikasının bütün diplomatları Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələri icra etmək üçün akkreditə olunduqları ölkələrdə öz səlahiyyətləri və imkanları çərçivəsində bu ağır problemin həlli istiqamətində iş aparırlar. Görülən işlərin isə hansısa sorğularda qiymətləndirilməsi nəinki gərəksizdir, həm də zərərlidir”.

P. Bülbüloğlu yuxarıda yazılanları nəzərə alaraq, KİV-dən onun adının qeyd olunan sorğudan çıxarılmasını xahiş edib.

Həmçinin oxuyun

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək – FOTO

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət …