Bazar , Dekabr 8 2019
Home / Dünya / Siyasət / Rusiyalı deputat: Taqanroqda Azərbaycan diviziyasının şərəfinə Xalq muzeyi açılacaq

Rusiyalı deputat: Taqanroqda Azərbaycan diviziyasının şərəfinə Xalq muzeyi açılacaq

Rusiya Dövlət Dumasının MBD, Avropaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin sədrinin birinci müavini Viktor Vodolatski Oxu.Az-a müsahibə verib:

– Rusiya Prezidenti Vladimir Putin “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı ratifikasiya edən qanunu imzaladı. 

– Bəli, bu, o deməkdir ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya beş Xəzəryanı ölkədən dördü tərəfindən ratifikasiya edilib. Bircə İran qalıb. Ümid edirik ki, Tehran yaxın vaxtlarda bu məsələdə qonşularından örnək götürəcək. 

Bu sənəd ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafında geniş imkanlar yaradacaq. Bura həm hərbi əməkdaşlıq, həm boru kəmərlərinin çəkilişi, həm də dənizdə yataqların işlənməsi daxildir. 

Konvensiyaya əsasən, beş Xəzəryanı ölkə istisna olmaqla, heç kim Xəzər dənizində olmaq hüququna malik deyil. Sərhədlərlə əlaqəli bütün məsələləri və Xəzərin ekoloji təhlükəsizliyini təmin edən tədbirləri açıq şəkildə bildirmişik. Dənizin dibi ilə qaz və neft boru kəmərlərinin çəkilməsi məsələləri ətraf mühitin tərkib hissəsi nəzərə alınmaqla bütün beş ölkə arasında razılaşdırılıb. 

Əlbəttə, konvensiya əvvəllər icra olunmamış müxtəlif investisiya layihələrinin həyata keçirilməsinə imkan verir. Bu, yeni iş yerlərinin açılması və alimlərimizin, o cümlədən, azərbaycanlı elm adamlarının texnoloji inkişaflarının ortaq şəkildə həyata keçirilməsi deməkdir. 

– Oktyabrın 3-də Soçidə keçiriləcək Valday klubunun iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında görüş planlaşdırılıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsinin necə qiymətləndirirsiniz?

– Ölkələrimiz arasında ən yüksək səviyyədə münasibət və etimad mövcuddur. Biz Azərbaycan parlamentinə öz dostlarımızın yanına gəldiyimiz kimi gəlirik. Oktyabr ayında Milli Məclisin müvafiq komitəsinin üzvləri Moskvaya gələcəklər.

Biz beynəlxalq bələdiyyə əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edəcəyik. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif edilən bu format ayrı-ayrı məktəblər, idman klubları, mədəniyyət mərkəzləri, müxtəlif şəhərlərin institutları arasında əməkdaşlığı təmin edir.

İkinci Düya müharibəsində qələbənin 75 illiyinin qeyd olunması ilə bağlı məsələləri də müzakirə edəcəyik. Mən Dövlət Dumasında Rostov vilayətini təmsil edirəm. Ola bilsin ki, siz jurnalist kimi Azərbaycanla Rostov vilayətinin necə bağlı olduğunu bilmirsiniz…

– (Sözünü kəsirəm) Taqanroq yaxınlığındakı Sambek yüksəkliklərində Şöhrət memorialı… Mən orada olmuşam.

– Doğrudur. Beş bal… Gələn il Taqanroqda sovet əsgərinin şücaətinə həsr olunmuş Xalq muzeyi açılacaq. İkinci Dünya Müharibəsi zamanı orada 600 mindən çox insan həlak olub. 

1943-cü ilin avqustunda Taqanroqun azad olunması uğrunda döyüşlərdə 90 faizini azərbaycanlılar təşkil edən 416-cı atıcı diviziya xüsusilə fərqlənib. Onların çoxu Rostov vilayətində qəhrəmancasına ölüblər. Taqanroqun azad olunmasına görə 416-cı diviziyasına “Taqanroq” fəxri adı verilib. 

Sambek yüksəkliklərindəki Şöhrət memorialı Azərbaycan SSR-in hesabına tikilib. 1980-ci ildə kompleksin açılışında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev iştirak edib.

Çox istərdik ki, növbəti ildə Azərbaycan diviziyasının igidliyinə həsr olunmuş Xalq muzeyinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak etsin. 

– Rusiyalı politoloqlar və rəsmilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycana müşahidəçi statusunun verilməsinin mümkünlüyünü dəfələrlə bəyan ediblər. Bu təkliflər Yerevan tərəfindən aqressiv qarşılanıb. 

– KTMT ölkələrimizin üzləşdiyi çətinliklərlə birbaşa əlaqəli vacib bir qurumdur. Əgər Azərbaycan bu təşkilatın üzvü olsa, o, təhlükəsizlik məsələlərinə dəstək üçün KTMT-nin bütün kompleksindən istifadə edə biləcək. 

Bəli, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə problem var. Rusiyanın mövqeyi belədir ki, dostluq etdiyimiz ölkələr insanlar ölməsin deyə bir-biri ilə müharibə aparmasınlar. Qalan məsələləri qanuni sənəd və sülh sazişi çərçivəsində həll etmək lazımdır. 

Həmçinin oxuyun

Politoloq: Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar sistemli və əhatəli xarakter alıb

Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır. Təkcə Azərbaycan …