Bazar ertəsi , İyul 13 2020
Home / Dünya / Siyasət / Siyavuş Novruzov icbari tibbi sığorta ilə bağlı məsələ qaldırdı

Siyavuş Novruzov icbari tibbi sığorta ilə bağlı məsələ qaldırdı

İcbari tibbi sığorta üzrə sahənin mütəxəssisləri ətraflı izah verməlidirlər. Çünki bu məsələ təkcə qanunla həll olunası deyil. İnsanlara tibbi sığorta sistemindən necə istifadə olunması izah edilməlidir. 

MediAktiv.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, bununla bağlı “İctimai” televiziyada həftədə üç dəfə veriliş efirə getməli, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyəti izah edilməlidir.

“İnsanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa, sığorta kağızını göstərib müalicə olunub oradan çıxmalıdır. Ona görə də insanlara paketə nələr daxil olduğunu və prosesin necə olacağını izah etmək lazımdır”, – deyə S.Novruzov əlavə edib. 

Deputat bildirib ki, Azərbaycan Tibb Universitetini bitirən şəxslər məhz Bakıda qalıb burada özəl tibb müəssisələrində işləmək istəyirlər.

“Yaxud da qərar qəbul ediləndə adını haradasa yazdırır, amma burada hansısa klinikada fəaliyyət göstərir. Yəni bu sahədə cavabı alınacaq suallar çoxdur. Bu təcrübəni həyata keçirən bir çox inkişaf etmiş ölkələrin nəticələri ilə maraqlanmışam.

Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Elə etmək lazımdır ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılıqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir”. 

S.Novruzov qeyd edib ki, Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar olsa da, onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil:

“Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və mənə düzgün diaqnoz qoyun. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq.

Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik olduqdan sonra sistemi ölkə üzrə tətbiq edə bilərik”. 


Həmçinin oxuyun

Mövlud Çavuşoğlu: “Can Azərbaycana canımız fəda”

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib. MediAktiv.az-ın məlumatına …