Cümə , May 29 2020
Home / Fərdi İnkişaf / Arzuların gerçəkləşməsinə gedən yolda bir il gecikmək könülsüz, bəhrəsiz sərf edilən 4 ildən daha yaxşıdır

Arzuların gerçəkləşməsinə gedən yolda bir il gecikmək könülsüz, bəhrəsiz sərf edilən 4 ildən daha yaxşıdır

   Yeni təhsil ilinə qədəm qoymuşduq. Artıq 9-cu sinfin şagirdləri idik. “Hansı ixtisas qrupunu seçmisiniz?” – Yay tətilindən qayıtdığımız ilk dərs günü müəllimlərimizin salamdan sonra hamımıza ünvanladığı sual belə oldu.

   Əminəm ki, abituriyentlər hər yerdə belə suallarla qarşılaşırlar. Hamı yuxarı siniflərdə oxuyan öz yaxınlarının, qohum-qonşusunun gələcəkdə hansı peşə sahibi olacağı ilə maraqlanır, verdikləri qərarın onlara uyğun olub-olmadığı haqqında fikir bildirir. Özünü dərk etməyə başlayandan hər kəs özünü gələcəkdə bir peşə sahibi kimi görür. Uşaq vaxtı kim məndən “gələcəkdə hansı peşə sahibi olmaq istəyirsən?” – deyə soruşurdusa, heç düşünmədən “həkim”, – deyə cavab verirdim. Zamanla həkimlik peşəsinə olan marağım öz yerini rəssamlığa, aşpazlığa, hətta kiçik yaşlarımdan kitabları çox sevdiyimdən kitabxanaçılığa verdi. Bu gün isə mən ali musiqi təhsili alıram. Sirlərini öyrənməkdə davam etdiyim peşəni sevirəm və bunun mənim tama­milə öz seçimim olmağına baxmayaraq, düşünürəm: yəqin peşə seçimində tez-tez dəyişikliklər etməyim mənim qərarsızlığımdan qaynaqlanıb. Lakin bəzi insanları tanıdıqca, onlarla ünsiyyətdə olduqca başa düşdüm ki, bu məsələdə mən heç də tək deyiləm. Mənim kimilər kifayət qədərdir. Çox az insan var ki, uşaqlıqdan “mən bu peşənin sahibi olacağam”, – deyib sonrakı illərdə öz qərarını dəyişmədən elə həmin peşənin də sahibi olsun. Bəs buna səbəb nədir? Görəsən, gənc­lər peşə seçimində tam müstəqildirlərmi, yoxsa ailədə onlara təzyiqlər göstərilir? Suallarımıza cavab axtarırıq.

  İlk olaraq məhz elə özümdən başlayıram. Uşaqlıq illərində bütün uşaqlar kimi, mən də həkimlərdən çox qorxardım. Özüm qorxduğum üçün elə zənn edirdim ki, bu insanlardan hər kəs qorxur. Düşünürdüm ki, həkim olub, insanları ağrı-acıdan xilas edib yaxşı bir mütəxəssis kimi cəmiyyətdə özümə yer tutsam, deməli, kiminsə işinə yaramış olaram. Uşaq ağlımla şərəfli peşələrdən, sadəcə, həkim və müəllimlik barədə az-çox məlumatım vardı. Xalqa xidmət edən digər peşələrdən xəbərsiz idim. İllər bir-birini əvəzlədikcə, bu peşələr haqqında da məlumatlandıqdan sonra başa düşdüm ki, yox, bu xına o xınadan deyil. Peşə seçimi başqa qərarlara bənzəməz.
Düzgün peşə və ixtisas seçimi sağlam gələcəyə doğru atılan ilkin və ən vacib addımdır. Buna görə də onun seçiminə olduqca həssaslıqla yanaşmalı, son dərəcə düzgün qərar verməyə çalışmalıyıq. Ən əsası da kənardakı təzyiqlərə fikir vermədən özümüz öz istəyimizə uyğun olaraq seçməliyik. Mən belə də etdim. Ailədə ixtisas seçimimə qarşı müdaxilələrə baxmayaraq, sevdiyim sahəni seçdim. Yəni bu günə də nəzər salanda özümü olmaq istədiyim yerdə görürəm ki, bu da mənə xüsusi bir zövq verir. Mən öz-özlüyümdə xəyallarının arxasınca qaçıb onu gerçəkləşdirə bilən bir insan obrazı yaratmağı bacarmışdım. Bəs digərləri necə, bacara biliblərmi bunu?

   Həmsöhbət olduğum Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Musiqişünaslıq ixtisası üzrə üçüncü kurs tələbəsi İnci Məmmədzadə suallarımı belə cavablandırdı:
– Atam musiqiçidir. Uşaqlıqdan musiqi aurasında böyüdüyümüzdən istər məndə, istərsə də bacımda bu sənətə xüsusi bir həvəs vardı. Sonrakı illərdə hər ikimiz uşaq musiqi məktəbində təhsil almağa başladıq. Təhsil illərində müəllimlərimiz bizim çalışqanlığımızdan həmişə razılıq edər, bunu valideynlərimizə də çatdırardı. Onu da başa düşürdük ki, həvəslə yanaşı, eyni zamanda bizim istedad və bacarığımız da var. Ailədə ixtisas seçimində bizə sərbəst seçim­etmə şansı da verilmişdi, biz ikimiz də könüllü olaraq bu sahədə təhsilimizi davam etdirməyə qərar verdik. Seçimimizdə yanıldığımızı düşünmürük. Çünki biz bu ixtisası sevərək seçmişik və bilirik ki, yaradıcılıq tələb edən incəsənət sahəsində həvəs və sevgi olmadan irəli getmək mümkün deyil.
İnci ilə söhbətdən aydın oldu ki, o, sevərək bu ixtisası seçib, bəs başqaları? Elə həmin qrupda təhsil alan digər bir tələbə – Ülviyyə Əhmədova isə fərqli fikirlər səsləndirir:
– Mən də musiqiçi ailəsində böyümüşəm. Atam musiqiçidir. Qardaşım da atamın yolunu davam etdirir. Musiqini sevməyimə, hətta o sahədə təhsil almağıma da baxmayaraq, bu peşənin sahibi olmağı düşünmürdüm. Başqa ixtisasa marağım var idi. Ali məktəblərə qəbul imtahanlarında göstərdiyim nəticə imkan vermədi ki, mən xəyallarımı bəzəyən o ixtisas üzrə təhsil alım. Əslində, hazırlaşıb növbəti il imtahan verməyi düşündüm, lakin ailəm məni musiqiyə yönəltməyə çalışdı, onların istəyinə qarşı çıxmayıb bu ixtisas üzrə qabiliyyət imtahanlarında iştirak etməyə razı­lıq verdim. Bu gün gələcəyin musiqi müəllimi kimi yetişdirilirəm. Ali məktəbi bitirdikdən sonra mən bir pedaqoq kimi musiqiçi yetişdirəcəyəm. Buna görə də həvəslə oxuyur, bilmədiklərimi öyrənməyə çalışıram.
İki müsahibimdən fərqli olaraq həmsöhbət olduğum digər tələbə Zəhra Qasım­ova isə baxmayaraq ki, bu ixtisasda təhsil alır, gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəmədiyini bildirir. Bunun səbəbini soruşduqda isə “mən bu ixtisasın adamı deyiləm”, ­– deyib söhbəti sonlandırır.
İncəsənət fakültəsinin Rəssamlıq ixtisası üzrə 3-cü kurs tələbəsi Elçin Əsgərov isə deyir:
– Özümü dərk edəndən bəri kağız və rəngli qələmlər əlimdən yerə düşmürdü. Rəssamlığa olan həvəsim getdikcə daha da artırdı. Ailəm də məni dəstəkləyirdi. Onların etimadını doğrultdum. Ailəmin mənəvi dəstəyi olmadan bu işlərin öhdəsindən gələ bilməzdim. Buna görə də ixtisas seçimində ailələr övladlarına dəstək olmalıdırlar.
Bir fakültədən bu qədər həmsöhbət kifayət edər, – deyə düşünüb yol alırıq digər fakültələrdən birinə.
Memarlıq ixtisası üzrə 3-cü kurs tələbəsi Anar Sadiqov deyir ki, ixtisasımı çox sevirəm. Ailənin tək övladı olduğumdan ailə üzvlərim bütün xəyallarını mənim üzərimdə gerçəkləşdirməyə çox həvəsli olublar. Bilirəm ki, öz istəyimlə seçməsəm də, bir də gözümü açacaqdım ki, Memarlıq ixtisasının tələbəsiyəm. Onlardan qabağa düşüb özüm gələcəkdə bu peşənin sahibi olmaq istədiyimi dedim. Öz çalışqanlığım ilə bu sahədə artıq uğurlar qazanmağa başlamışam.
Həmsöhbətlərimin bir çoxu oxuduğu ixtisas üzrə işləmək fikrində olmadığını vurğuladı. Adlarının çəkilməyini istəməyən tələbələr, sadəcə, ali təhsil diplomunu əldə etməyin xatirinə burada olduqlarını bildirdilər. Bir az sərt şəkildə desək, demək olar ki, Hüquqşünaslıq, İdarəetmə, İqtisadiyyat, Beynəlxalq münasibətlər, Tibb və sair kimi ixtisasların tələbələri istisna olmaqla, digər ixtisaslarda təhsil alanların çoxu bu cür düşündüklərini gizlətmədilər. Öyrəndikləri ixtisasları gələcəkdə peşə olaraq davam etdirmək istəyənlərin də çoxundan bizi təəccübləndirən cavablar aldıq.
İstəmədiyi bir ixtisasın məzunu olmaq, diplom almaq, işləməmək nə dərəcədə düzgündür, deyə bilmərəm, amma diplom xatirinə təhsil alan insanların sayı get-gedə artmaqdadır. Hər hansı bir universitetdə, texnikumda təhsil alırıqsa, orada bizə böyük bir kollektiv xidmət göstərir, dövlət tərəfindən hər bir tələbəyə görə həmin müəssisəyə vəsait ayrılır. Deməli, bu işdə məsuliyyət daşıyan insanların hamısı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş olur, bir tək səbəbkarlardan başqa. Səbəbkarlar isə ixtisaslaşdıqları sahə üzrə çalışaraq xalqa xidmət etməklə öz öhdəliklərini yerinə yetirə bilərlər.

   Bu məsələdə gənclərdən çox övladlarını özlərinin istədikləri ixtisasa məcburi şəkildə yönəldən valideynləri qınamaq lazımdır. Bəziləri istədikləri ixtisasın tələbəsi adını qazana bilməsələr də, tələbə adından məhrum olmamaq üçün balları çatan sahəni könülsüz olaraq seçirlər. Bu zaman valideynlər övladlarına başa salmalıdırlar ki, bir az da çalışaraq növbəti il qəbul imtahanında istədikləri nəticəni əldə edə bilərlər. Arzuların gerçəkləşməsinə gedən yolda bir il gecikmək könülsüz, bəhrəsiz sərf edilən 4 ildən daha yaxşıdır.

www.serqqapisi.az

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …