Cümə , May 29 2020
Home / Fərdi İnkişaf / Güzgüdə gördüyünüz kimdir?

Güzgüdə gördüyünüz kimdir?

   Güzgüyə baxdığınız zaman, onun əks etdirdiyi insanla sülh yaxud müharibə şəraitində olmağınız tamamilə sizə məxsus bir seçimdir. Əgər hər səhər baxdığınız güzgüdə gördüyünüz şəxs, sizə olduqca mehriban üz göstərirsə bu demək olar ki hər şeydən öncə yeni başlayacağınız günün yaxşı keçəcəyinə işarədir. Özünüzlə barışıq olmaq sizin yaşam boyunca hər hansı sahədə uğura gedən yolda ilərləməniz üçün özünüzə verdiyiniz ən böyük dəstəkdir. Təbii ki insan xətaları olan bir varlıqdır və özünüzlə barışıq olsanız xəta etdiyiniz vaxtlarda da özünüzü bağışlamaq gücünə sahib ola bilərsiniz. Özünüzü bağışlaya bilsəniz həmçinin yaxın ətrafınızda sizə qarşı istəmədən və ya istəyərəkdən səhv edən insanları da bağışlaya bilərsiniz. Bağışlamaq isə tamamən sizin öz yaxşılığınız üçündür. Çünki əfv etmədiyiniz kim varsa və ya hansısa hadisələri bağışlaya bilməmisinizsə onlar sizə gələcəyə doğru atdığınız hər addımda ayaq bağı olacaq. Ən yaxşısı isə yaddaşınızda xoşagəlməz iz buraxmış hadisə və insanlardan yaxa qurtarmaq üçün onları bağışlayıb gələcəyə sağlam addımlar atmaqdır. Əgər güzgüyə baxdıqda özünüz özünüzdən qaçmaq istəyir, gözlərinizi üzünüzdən qaçırır və ya özünüzə layiq olmadığınız tərzdə sözlər işlədirsizsə, o zaman qıraqda düşmən axtarmanıza gərək yoxdur. Öz-özünüzə müharibə elan etmisiniz və kim bilir bəlkə də bu müharibə illər uzunudur ki davam edir, siz də artıq bu hala öyrəşmisiniz. Əksər hallarda özü ilə barışıq olmayıb, özünə qənim kəsilən insanlar ətrafdakı insanlara qarşı da çox vaxt layiq olmadıqları halda sərt davranışlar sərgiləyib, incidici ifadələr işlədə bilirlər. Və təbii ki bu xoşagəlməz halların davam etməsi həmin insanların sonda “tək” qalmasına səbəb ola bilər. ” İnsanlara nə etsəmdə onsuzda dəyərimi bilmirlər, hər şey boşunadı “deyib özünüzü üzməklə bir şey əldə etməzsiniz. Əmin olun ki düşdüyünüz vəziyyətin yeganə günahkarı elə özünüzsünüz. Əgər siz özünüzü sevib dəyər vermirsinizsə, hansı səbəbdən insanlar sizə dəyər verib sevməli və ya hörmət etməlidirlər?  Güzgüdəki əksinizlə xoş rəftar edin, ona gülərüz göstərin və deyin; “yaxşı və pis bütün əməllərimlə özümü olduğum kimi qəbul edirəm. Bu həyatda yanlışlarım olduğu kimi doğrularım və yaxşılıqlarım da var. Qalan ömrümü etdiyim səhvlərimdən dərs çıxarıb özüm-özümə ən yaxşı dost olmağı bacararaq yaşamağı seçirəm.” Dəyərlisən əziz oxuyucu! Yetər ki öz dəyərini ən başda sən özün biləsən.

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …