Cümə , Aprel 23 2021
Home / Fərdi İnkişaf / “İtirə-itirə qazanacaqsan!”

“İtirə-itirə qazanacaqsan!”

     İndiyə kimi baxdığınız və yaxud da qatıldığınız bir neçə yarışlar var. Fikir verdinizsə, hər yarışın sonunda bir komanda qalib gəlir. Bəs digərləri necə, uduzurmu? 20 nəfər qatıldığı bir yarışda 1 nəfər qalib gəlib digərləri məğlub olsa, bunu dünya üzrə hesablasaq, dünyanın 95%-i məğlub olanlar cərgəsində olmağa məcburdur. Belə bir həqiqət ola bilməz. Demək ki, burda səhv bir yanaşma var.

    Biz insanlar hər saniyədə minlərlə yoldan sadəcə birini seçirik. Yəni bir saniyədə beynimizdə minlərlə düşüncə axın edə bilər, amma biz sadəcə birini seçib ona uyğun şəkildə hərəkət edirik və bu proses hər saniyədə kəsintisiz bir şəkildə davam edir. Biz də rahatlıqla bu düşüncələrin hər birini bir yol kimi təsəvvür edə bilərik. Məhz buna görə də hər saniyədə qarşımıza çıxan yol ayrımlarından birini seçirik. Elə uduzmaq və qazanmaq anlayışı da burdan törəyir. Həmin saniyədə seçdiyimiz yolda irəlilədiymiz zaman qarşılaşdıqlarımız bizim qazandıqlarımız olur. Hansı ki, imtina etdiyimiz digər yolda olanlar isə uduzduqlarımızdır. Məsələn, orta məktəbi bitirib universitet seçdiyimiz zaman seçim şansımız olan universitetlərdən sadəcə birini seçə bilərik. Seçdiyimiz universitetdə qarşılaşacaqlarımız bizim qazandıqlarımızdır. Digər universitetdə olanlarsa uduzduqlarımız.

    Göründüyü kimi hər saniyədə bir şeyləri qazanıb, bir şeyləri itiririk. Biz seçdiymiz yolda irəlilədiymiz zaman itirdiklərimizi düşünsək, ağlımız hələ də digər yollardakı imkanlarda ilişib qalsa, qarşımıza çıxanları, yəni qazandıqlarımızı yetəri qədər istifadə edə bilmərik. Bunu da unutmamaq lazımdır ki, seçdiyimiz seçimdən hər saniyə sonra həmin yolda yeni bir seçim daha edirik və əgər bizim ağlımız hələ də o etdiyimiz seçimdə ilişib qalarsa, yeni seçimləri də seçərkən diqqətli və təmkinli ola bilməyəcəyik. Bu da bizi daha dar imkanlı yolları seçməyə vadar edir. Bu hər seçimdə zəncirvari bir şəkildə davam etməyə başlayır və bunun qarşısını almağın isə sadəcə bir yolu var. O da keçmişinlə barışmaq, keçmişini bağrına basmaq və keçmişin nə isə daima onun ən yaxşı keçmiş olduğunu və indiyədək seçdiyin seçimlərin ən doğru seçim olduğunu qəbul etmək. Gələcəyini ən yaxşı səkildə qarşılamaq üçünsə, hədiyyə olan bu günü maksimum dəyərləndirmək lazımdır. Uduzduqların geridədirsə və sən geriyə qayıda bilmirsənsə, uduzduqlarını düşünmək axmaqlıq deyilmi? Keçmişdə qazandıqlarını düşün. Hansı ki, onlar sayəsində burdasan və o qazanma sevincini bir də yaşat üzündə. Bu şəkildə törətdiyin enerji ilə gələcəkdə qazanmaq istədiyini qazandığın anı canlandırdığın zaman sahib olduğun enerjini birləşdir. Bu günü ən mükəmməl bir şəkildə dəyərləndir.

    Milyonlarca il bundan əvvəl insanlar zamanı üç yerə böldülər. Bu günün alimləri də bunu dəyərləndirdi: “Zamanı üç yerə ayırmaq insanların işini çətinləşdirdi”. Bəzi yazarların qızıl sözləri ilə bəzədiyi kitablarda ümumi fikir yenə eyni idi. “Kaş ki”lər insanlara irələdikləri yolda mane olur, “kaş ki”ləri isə keçmiş törətdi.”

    Bu necə doğru ola bilərdi? Keçmişə göz gəzdirdiyimiz zaman uduzduqlarını görüb “kaş ki”ləri törədənlər əslində qazandıqlarının fərqinə varmayanlardır. Elə indicə səhvliklə dilə gətirdim bu ifadəni, “kaş ki”ləri törədənlər-deyə. Yəni “kaşlar”ı, “ki”ləri sən yaratdın oysa, keçmiş sənə uduzduqlarından və qazandıqlarından “nə seçirsənsə, seç” seçimini sunmuşdu. Sən uduzduqlarını seçdiyin üçün “kaş ki”lərdəsən. Bu qədər insan necə görə bilməz ki, özü-özünə zərər vurur? Hələ bir də bunu dərk edib, dərk edə-edə keçmişdən gileylənənlərə heç sözüm yoxdur.

    Keçən il bacımın məzun lentində ürək sözlərini nəzərdən keçirdiyim vaxt bir fikir məni özünə kilidlədi. Eynən bu şəkildə yazılmışdı: “Bilirsənmi, dünyanın ən xoşbəxt insanı kimdir? Keçmişini dəyişdirmə imkanı əlində olsa da dəyişdirmək istəməyən”. Tamamilə doğru qəbul ediləcək bir ifadə. Hər kəs vaxtı ilə itirdiklərini yenidən qazanmaq istər, amma o şəxs unutmasın ki, bunu edərsə, özünü itirə bilər. Bir növü keçmişi dəyişmək özünü dəyişmək kimi bir şeydir. Səni sən edən keçmişindir. O uduzduqların deyil. Səni sən edən qazandıqlarındır, hansı ki, səni bura gətirib. Bir düşün, sən keçmişini dəyişsən, başqa birisi olacaqsan. Sən istəyərsənmi başqası olmaq? Yaşadığın əlaqələrdən, bu möhtəşəm bədənindən, aynaya nur saçan simandan imtina etmək; var olan düşüncələrindən əl çəkmək. Aynaya baxarkən özündən başqasını görmək. Bunları at bir kənara. Bu əvəz olunmaz varlığı başqasına əmanət etmə. Bunları yazarkən belə qəlbimdəki bağırmaq istəyimi dindirə bilmirəm. Nəinki, bir də bunlar gerçəkləşsə. İndi razısanmı? Biz necədə axmaqca düşünürmüşük. Bu sahib olduqlarımızı heçə sayırmışıq.

   Onlarla yazar yazdı:“Keçmişdən qurtul”. Səhv yazdılar. Digərləri yazdı: “Keçmişdəki neqativ hadisələri sil beynindən”. Yenə səhv yazdılar. Bunu düşünmədilər ki, keçmiş əslində onun qazandıqlarıdır. Bir az yuxarıda qazandıqlarımızı və uduzduqlarımızı birlikdə keçmiş adlandırmaqda məcbur idim, çünki onu yazmasaydım, bu həqiqəti sizə çatdıra bilməyəcəkdim. İndi yazıram ki, keçmiş əslində sənin qazandıqlarının toplusudur. Gülməli gəldi deyilmi? Bir daha təkrarlayıram “ Bəli, keçmiş əslində sənin qazandıqlarındır. İstərsən, bir düşün, qarşına çıxanlar qazandıqlarındırsa, keçmiş də  sənin buraya gəldiyin yoldur və gəldiyin yolda onların hamısı qarşına çıxdı. Qazandıqların sayəsində sən, sən oldun. İndi razılaşdınmı mənimlə? Bəs o zaman qədərində uduzduqların nələr idi?

   Sənin uduzduqların əslində səni başqa birisi etməyə çalışan bir şey idi. İndi tanıdığın insanların siyahısını dəyişməyə, səni olduğun yerdən, olduğun vəziyyətdən uzaqlaşmağa vadar edən bir şey. İndi fikirləş görüm necə fikirləşirsən? Vaxtilə həyat yoldaşınla tanışmasaydın və uduzduqlarının olduğu yoldan biri ilə o andakı qazancını dəyişsəydin, indi “səndən ayrı qala bilmərəm” dediyiniz uşağınız heç olmayacaqdı. Artıq içinizdə o yaşamayacağınız həyata qarşı bir nifrət var, deyilmi? Keçmişin qazandıqlarındır. Yəni, insanlarla birlikdə olduqda birisi “mənim 3 dənə basketbol diplomum var”-dediyi zaman necə qürurlanırsa, sənin də keçmişin haqqında nə ağlına gəlirsə, istər neqativ, istərsə də pozitiv. Daima qürurlanmalısan! Çünki onu sən qazanmısan. O sənin qazandığındır, ya da onun sayəsində özünü qazanmısan. Keçmişində baş verən bir hadisəni canlandırdığın zaman ondan həzz almalısan, belə zamanlar yaşamısan deyə sevinməlisən. Əgər ölümlə üz-üzə gəlmisənsə, qorxmaq əvəzinə çox-çox sevinməlisən. Çünki bunu hər kəs qazana bilmir, hər kəs yaşaya bilmir. Özünlə fəxr etməlisən. Birisini tutub eynən bu şəkildə: “ay kişi xəbərin var nə olub? Ölümdən dönmüşəm”, deməlisən və o anın dadını çıxarmalısan. Uduzduqlarını indi qazansaydın, tanımadığın birisinə əmanət edəcəkdin bu dünya möhtəşəmi vücudunu. İraq-iraq bizlərdən. İmtahandan keçə bilmədinmi? Keçsəydim, filan şeylər olacaqdı demə. Bir fikirləş, keçsəydin, indi sahib olduğun nələr olmayacaqdı? Fikirləşmək belə istəmirsən. Çünki ziyan edir. O zaman keçmişimizi öpüb, basaq bağrımıza. Barışaq biz olmağa səbəb olan o möhtəşəm şeylə. Unutma bu yaşadıqların və düşündüklərin sadəcə sənin keçmişindir. Sadəcə, sən buna sahibsən. İndi artıq bu ifadə sənə qəribə gəlir və içində belə deyirsən: ”kaş ki imiş də nə imiş?”. “Kaş ki”, sadəcə olmayan və olmayacaq bir yoxun törədicisidir. Yox olmaqmı istəyirsən? Əlbəttə ki, yox. Çünki sən hələ o qədər keçmiş yazacaqsan ki, o qədər şey qazanacaqsan ki, düşünmək belə olmur. İndi əla bir ifadə işlədib sona imza atım.  Aha da gəlir: “Sən bu gün qazandıqlarını düşündükcə aldığın enerji ilə düşündüklərini qazanmaq istəyən birisən”. Artıq sənin gələcəkdə bir şey qazanmaq üçün lazım olan enerjini başqa yerlərdə axtarmağına ehtiyac yoxdur. Sadəcə keçmişini yada sal. Qazandıqlarını düşün! Keçmiş qazandıqların, indi qazandığın, gələcək isə, qazanacaqlarındır.

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …