Cümə axşamı , Dekabr 5 2019
Home / Fərdi İnkişaf / Kitab oxumağı, mütaliə etməyi hər birimiz vərdişə çevirək

Kitab oxumağı, mütaliə etməyi hər birimiz vərdişə çevirək

     İnsanı digər canlılardan ayıran ən mühüm xüsusiyyət ondakı oxumaq, yazmaq, öyrənmək, düşünmək və anlamaq amilidir. Məhz sahib olduğu bu keyfiyyətlərə görə insana yaşadığı dünyada fərqli bir missiya yüklənmiş, digər canlılar onun əmrinə verilmişdir. Bu missiyanı layiqincə yerinə yetirmək üçün isə oxumağın böyük əhəmiyyəti var. İnsan yaradılışı etibarı ilə hər zaman öyrənmək ehtiyacı içindədir ki, bunun da yolu oxumaqdan keçir. İlk əmri “Oxu” olan islam dininin mənsubları olaraq əlbəttə ki, bu məsələ hamımızı düşündürməlidir. Kitab bilik mənbəyi, qiymətli elmi xəzinədir. O, bir nəslin özündən sonrakı nəslə qoyub getdiyi milli sərvət, mənəvi vəsiyyətdir. Bəşəriyyətin bütün həyatı məhz kitablarda öz əksini tapmışdır. Qəbilələr, insanlar, dövlətlər zamanla yox olub getmiş, kitablar isə qalmışdır. Bir sözlə, dünyada yazının kəşf olunması ən mühüm hadisələrdən biridir və bu kəşf qiymətli fikirlərin, biliklərin, nəsihətlərin kitab şəklinə salınıb nəsildən-nəslə ötürülməsinə yol açmışdır. Dünyada ən qədim kitab nümunələrindən biri məhz Azərbaycanda qeydə alınmış və müəllifliyi eramızdan əvvəl VI əsrdə Zərdüşt peyğəmbərə aid edilən “Avesta” hesab olunur. Çox təəssüf ki, xalqımızın mifoloji görüşünün mühüm cəhətlərini özündə əks etdirən bu qədim əsər eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən yandırılmış və sonradan böyük çətinliklərlə müəyyən hissələri yaddaşlardan toplanmışdır. Bu günə gəlib çatmış, əsrlərlə qorunub saxlanılmış qiymətli kitablardan isə xalqımızın ulu dastanı “Kitabi-Dədə Qorqud”u, Nəsirəddin Tusi kimi böyük alimin, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Füzuli kimi ölməz söz ustadlarının əsərlərini göstərmək olar.

         Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı həmişə kitabı müqəddəs hesab etmiş, elmə, biliyə yüksək qiymət vermişdir. Kitab gənclərin mənəvi tərbiyəsinin formalaşmasında kompas rolunu oynayır. Əbəs yerə deyil ki, dinimiz İslam da kitabın müqəddəsliyini təlqin edir. Həzrət Əli deyirdi: “Yeni bir şey öyrənmədən keçirdiyim bir gündə mənim üçün xeyir yoxdur. Xeyir övlad və mal artırmaqda deyil, elm artırmaqdadır”. Məhəmməd Peyğəmbər (s.ə.s.) bir saatlıq mütaliəni 40 günlük ibadətdən üstün sayırdı.

         “İnsanı bütün canlıların ən qüdrətlisi edən fiziki qüvvə deyil, biliyin qüvvəsidir”. Bu qüvvəni əldə etmək isə kitab oxumaq, mütaliə etmək yolu ilə mümkündür. İnsan ilk növbədə özünə inam hissi qazanmalıdır. Daima müvəffəq olma həyəcanı ilə yaşamalıdır. Çalışqan insanın gündəmində  nailiyyətsizlik yoxdur. Bir insanın sahib olduğu fikir və düşüncələr onun bilik və mədəni səviyyəsi qədərdir. Mədəni irsimizə nəzər saldıqda gözqamaşdırıcı  bir tablo ilə qarşılaşırıq. Bizim əcdadımız daima böyük düşünmüş, böyük işlərə imza atmışdır. Biz də ondan ibrət götürərək özümüzü inkişaf etdirməli və onların  açdığı cığırla irəliləməliyik. Ən azından onların yazdığı əsərlərin sayı qədər kitab oxumağa çalışmalıyıq. Bir müdrik oxumaq barədə belə deyib: “Oxuyanla oxumayan arasındakı fərq ölü ilə diri arasındakı fərq kimidir. Çünki oxumaq həyatın qabığını yenidən çatlatmaqdır”.

         Bəli, oxuyaraq hadisələrin və baş verən proseslərin iç üzünü öyrənən bir adam ilk növbədə özünə güvən qazanır. Bu da öz növbəsində insanın düşüncə üfüqünü açaraq ona geniş bir dünyagörüşü və hadisələri analiz etmə bacarığı qazandırır. Daim mütaliə ilə məşğul olan, kitab, qəzet, jurnal oxuyan insan hər oxuduğuna, duyduğuna, izlədiyi hər xəbərə inanmaz, düşünər, analiz edər, hadisələrə baxış prizması dəyişər, özünə inam hissi daha da güclənər.

         Kitab oxumaq vərdişini qazanmaqda isə böyüklər kiçiklərə daim nümunə olmalıdırlar. Uşaq valideynlərini kitab, qəzet, jurnal oxuyarkən görməli, ailəvi şəkildə evdə kitab oxumaq saatları təyin olunmalıdır. Yaxşı deyiblər: “Uşaq ailənin güzgüsüdür”. Onların tərbiyəsində ailə mühiti xüsusi rol oynayır. Düzgün tərbiyə isə uşağın hərtərəfli formalaşması deməkdir. Onların mənən yarımçıq böyüməmələri üçün tərbiyə komponentlərinin birləşdirilməsi çox vacibdir. Mütəxəssislər təsdiqləyirlər ki, bunun da ilk yolu mütaliə mədəniyyətindən keçir.

         Unutmayaq ki, çox vaxt televizor qarşısında keçirilən zaman ailənin kiçik fərdləri üçün olduqca təhlükəlidir. Milli mentalitetimizə, adətlərimizə zidd olan bəzi verilişlər uşaqların tərbiyəsində mənfi izlər buraxa bilər. Odur ki, əgər övladımızın əxlaqında, mənəviyyatında hər hansı bir naqisliyin olmasını istəmiriksə, onda mütaliə mədəniyyətinin yüksək səviyyədə inkişaf etməsinə səy göstərməliyik. Bunun əsası isə əlbəttə ki, ilk növbədə ailədə qoyulur. Bir millətin gəncliyi çox böyük bir xəzinədir. Bu xəzinəni oxuyaraq, oxudaraq vətənə, millətə faydalı hala gətirmək lazımdır. Çünki yetişən zəkaları kitablarla bəsləməyən millətlər həlak olmağa məhkumdurlar.

         Oxumaq vərdişi ilə bağlı bütün dediklərimizlə yanaşı xüsusilə diqqət edilməli olan bir cəhət də var ki, bu, oxunacaq kitabın düzgün seçilməsidir. Əlbəttə ki, hər il nəşr olunan minlərlə kitabın içində faydalı əsərlərlə yanaşı, bu əsərlərlə eyni rəfə qoyulmayacaq nəşrlər də vardır. Bütün bu kitabların arasında oxunacaq doğru kitabları seçmək çox əhəmiyyətlidir. Bu isə ancaq insanları düzgün istiqamətləndirməklə mümkündür. Seçilən əsərin oxucuya həyəcan verməsi və zövqlə oxunması mühümdür. Doğrudur, bu gün bütün dünya ölkələrini demək olar ki, kompüter şəbəkəsi bürüyüb. Cəmiyyətimiz dəyişib, elmin, texnologiyanın ən son nailiyyətləri-kompyuterlərlə dünyanın istənilən nöqtəsi ilə bir andaca əlaqə yaradırıq. Gənclərimizə də internetdən hazır məlumat əldə etmək kitab, qəzet, jurnal oxumaqdan daha asan gəlir. Əlbəttə ki, həyat dialektikadır. Daim inkişaf, irəliyə doğru addımdır. Ona görə də bu addımı pisləmək olmaz. Lakin əsrimiz kompyuter əsri olsa da, kitabın öz yeri, öz qədir-qiyməti var. Heç bir müasir informasiya növü bir bədii ədəbiyyatı sevə-sevə oxuyaraq aldığımız mənəvi qidanın, zövqün yerini verməz. Odur ki, gəlin elm Çində də olsa ardınca gedin deyərək elmdə məkan sərhədini, beşikdən məzaradək elm öyrənməyi tövsiyə edərək elmdə və oxumaqda zaman sərhədini qaldıran bir mədəniyyətin mənsubu olduğumuzu unutmayaq. Kitab oxumağı, mütaliə etməyi hər birimiz vərdişə çevirək və bu vərdişi gələcəyimiz olan gənclərə də aşılayaq!

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir