Bazar , Sentyabr 22 2019
Home / Fərdi İnkişaf / Mübahisələrdən uzaq durun

Mübahisələrdən uzaq durun

    Adətən bir şeyi bildiyimiz üçün danışırıq. Ya da bir şeyi bildiyimizi zənn etdiyimiz üçün. Qarşımızdakı insanlarla mübahisə etmək çox nadir hallarda işə yarayır. Mübahisələr adətən tərəflərin öz düşüncələrindən bir az daha əmin olması ilə nəticələndiyi üçün əksər vaxt mübahisələrdə qazanan tərəf olmur.

    Hansısa bir məsələdə haqlı ola bilərsiniz həmdə sonuna dək, lakin eynilə haqsız olduğunuz məsələdə mübahisə etmək mənasız olduğu kimi burda da mübahisə mənasız və ən əsası nəticəsiz olacaqdır.

   Sosial şəbəkələrdə və ya xəbər saytlarının şərh bölməsinə baxmağınız kifayətdir ki, insanların mübahisəyə, fikir savaşına nə qədər meylli olduğunu görəsiniz. Və bunun nəticəsində hər kəs öz fikrinin doğruluğunu təstiq etmək üçün əlindən gələni edir. Lakin əsas məsələ budur ki, mübahisələrin çox azında kiminsə dediyi fikir qarşı tərəfin düşüncəsində dəyişiklik yarada bilir.

    Demək olar ki, yaşadığımız hər gün mübahisələrlə qarşı qarşıya dayanırıq. Bəs fikir ayrılığı yarandığı zaman bunun şiddətli mübahisəyə çevrilməsinə necə əngəl ola bilərik?

     İnsanlar arasında ünsiyyətin əsasını sözlər təşkil edir və bu baxımdan sözlərin nə dərəcədə önəmli olması aşkardır. Lakin  ünsiyyət zamanı deyilən sözdən, fikirdən daha önəmli onun hansı səs tonu ilə deyilməsidir. Belə ki, hər hansı bir mövzuda fikir bildirdiyiniz zaman qarşıdakı insan üçün (əgər sizi həqiqətən dinləyirsə) deyəcəyiniz sözlər önəm kəsb edir. Həmdə eyni zamanda sözlərinizi hansı səs tonu ilə deməniz də mühümdür. Hətta balaca uşaqlara belə nəyisə izah etməyə, doğrunu göstərməyə çalışdıqda onunla kəskin şəkildə, acı sözlərlə danışdıqda o sizin fikrinizi qəbul etməyəcək hətta dinləməyəcək belə. Və hər şeyi öz bildiyi kimi etməyə davam edəcək.

     Günümüzdə insanların fikirlərinin çoxu əsassızdır və təməli bu cür qoyulur; kimsə kimdənsə nəsə eşidir, onu araşdırmadan qəbul edib  bir başqasına ötürür. Və nəticədə bir məsələ haqda söhbət açıldığı zaman sahib olduğu əsassız fikirlər sayəsində həmin məsələ ilə bağlı bilgi sahibi olduğunu zənn edir. Beləliklə qarşıdakı insanla fikir savaşı edir. Təbii ki qarşı tərəfdə öz düşüncələrinin doğruluğuna inandığı üçün məmnuniyyətlə bu savaşa qol qoyur.  Əgər söylənilən fikirlər fərqli isə o zaman mübahisə şiddətlənir, yox əgər eyni isə sonda deyilən sözləri təstiq etməklə hər ikisi öz eqolarını bəsləmiş olur. Əslində isə mübahisədə qazanan ya da itirən tərəf olmur. Mübahisənin özəyini eqo təşkil edir. Çünki eqo nə qədər ön planda olursa bilgi o qədər az, kibir isə bir o qədər yüksək olur. Bütün mübahisələrdə hər iki tərəf öz düşüncələrinin doğru olduğunu zənn etdiyi üçün özünü haqlı çıxarmağa çalışır. Sonda bir tərəf bu savaşdan təngə gəldiyi üçün mübahisəyə son verir. Özünün haqlı olduğunu düşünən tərəf özünü mübahisənin qalibi elan edir, daha üstün ağıla malik olduğunu zənn edərək bu sayədə sadəcə öz eqosunu bəsləmiş olur. Digər tərəf isə məğlub və aciz şəkildə susur çünki eqosal olaraq aşağılanmışdır. Bu zaman heç kim fərqində olmasa da mübahisə zamanı hər iki tərəf də məğlubdur. İlk itirilən şey insanlıq(dostluq), yaxşı bir münasibət olur. Qazanılan isə eqo, daha çox kibir və psixoloji sarsıntıdır. Buna görə də mümkün qədər mübahisələrdən uzaq durmanız lazımdır. Hətta haqlı olduğunuzu bilsəniz belə.

     Çünki bəzən “yanlış zamanda deyilən doğru söz belə yanlış ola bilir”.

   Tanımadığınız və ya o qədər də yaxşı tanımadığınız insanlarla mübahisədən uzaq dura bilərsiniz amma məsələ öz yaxınlarınız(ailəniz, dostlarınız,qohumlarınız) olduğu zaman bəzən doğruları demək sizin öhdənizə düşə bilər. Məsələn, dəyər verdiyiniz birinin doğru bildiyi yanlışlar ya indi ya da gələcəkdə onun üçün yararlı olmaya bilər hətta zərərli ola bilər. Buna görə də siz doğruları bilirsinizsə, həmin insana bu doğruları demək də sizin öhdənizə düşür.

    Mübahisədə haqsız olan tərəf çox hallarda yüksək səs tonu ilə danışığa üstünlük verir. Bu ona görədir ki həmin insan şüuraltı olaraq düşünür ki, “əgər deyəcəyim söz məni haqlı çıxarmaq gücündə deyilsə, o zaman yüksək səslə istədiyim sözü deməyim mənə güc qazandıracaq və haqlı olan tərəf də mən olacağam”. Təbii ki bu yanlış düşüncədir(!) və əgər haqlı olan tərəf sizsinizsə (sırf dəyər verdiyiniz üçün doğruları demək sizin öhdənizdədirsə) sizində  belə etməyiniz istəmədiyiniz durumlara yol açacaqdır. Bununla yanaşı hər hansı mövzuda fikrinizi dediyiniz zaman alçaq səs tonu ilə sözləri düzgün seçərək deməyiniz sizin fikrinizin müsbət qarşılanmasına zəmin yaradacaqdır. Hətta fikrinizlə razılaşmasalar belə siz artıq öhdənizə düşəni etmiş olacaqsınız. Buna görə də qətiyyən sözlərinizin qəbul görməsi üçün səs tonunuzu qaldırmağa çalışmayın. Çünki bu üsul, sözünün doğru olmadığını bilə-bilə sırf öz mənafeyi üçün səsini yüksəldən və özünü haqlı çıxarmağa çalışan “Haqsızların” işidir. Həm də unutmamalıyıq ki, qəlblər bir birindən uzaqlaşdıqca insanlar səslərini yüksəldərək danışır, nə zaman ki qəlblər bir birinə yaxın olur o zaman nəinki səs tonu qalxır hətta nə demək istədiyimiz sözlərə gərək qalmadan gözlərimizdən oxunur.

(Bu məqalə Əliyev İsmayıl və İsmayılova İnci tərəfindən yazılmışdır)

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir