Cümə axşamı , Noyabr 21 2019
Home / Fərdi İnkişaf / XOŞBƏXTLİK SƏRABI

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll edib bir qış günü dərdsiz, qəmsiz soba arxasında isinməyi. Və birdən işlər elə gətirir ki, tam da istədiyiniz kimi olur bütün işləriniz; həll edirsiniz, evə gəlib sobanızın arxasına keçirsiniz.

Günlərdir, aylardır bu anı arzulayırdınız. “Rahat olacağam,” -deyirsiniz, amma heç bir dəyişiklik hiss etmirsiniz. Axtardığınız o hüzuru tapa bilmirsiniz. Hətta niyə rahat ola bilmirəm? -deyə daha çox narahat olursunuz. Bəs niyə belə oldu? Axı nə zamandı bunun üçün çabalayırdınız. Sonra əsəbləşirsiniz, çıxırsınız evdən və bir mağazanın yanından keçərkən bir körpə uşağın rəfə düzülmüş bəzəkli kağıza bükülü şəkərə baxışılarına şahid olursunuz. Ayaq saxlayırsınız. O baxışlar sizə axtardığınız o hüzuru verəcək kimi gəlir. Bəzəkli kağıza bükülmüş şəkəri almaq üçün cəmi 10 qəpiyi çatışmayan körpənin baxışları. “Şəkəri çox sevirsən? Mən sənə alıram…,”- deyirsiniz. Uşağın üzündə ümid dolu bir sevinc oyanır, gözlərinə ümid, dodaqlarına təbəssüm qonur, sizə “sağ olun” -deyə utancaq bir səs eşidirsiniz. Tükləriniz biz-biz olur o anda. Və içinizə sevinc dolur, nəşə dolur, hüzur dolur. Evdəki sobanın isidə bilmədiyi içinizi, bir dolu baxış, bir titrək səs isidir, həm də günəşi köksünüzə almış kimi isidir.

Əslində, həyatda hər şey belədir. Bizlər ömrümüz boyunca həyat şərtlərimizi yüksəldərək rahatlığın dadını hiss etmək istəyirik. Son dəbdə olan maşını, telefonu alaraq rahat olacağımızı zənn edirik. Halbuki, fərqində olmadan səhrada sərabı görmüş çölçünün ona qaçması misalı, biz də xoşbəxtlik sərabımıza doğru qaçırıq. Halbuki, nə ucu bucağı görünməyən evimiz, nə son model telefonumuz, nə də xəyalı ilə yaşadığımız zinyət əşyaları bizə axtardığımız o hüzuru bağışlamaz. Çünki səhv yerdə axtarırıq. Onu tapa biləcək bir yer deyim mi sizə? Yetim, ac bir uşağa yemək təqdim edərkən sənə yönələn saf baxışlarında. İşdən evə qayıdarkən qapıda min həyəcanla gözləyən körpənizin hislərində. Evində bir tas da olsa bir şorba bişdi mi, deyə maraqlandığınız qonşunuzun qapısında. Anadan uzaq olarkən zəng edib eşitdiyiniz kövrək dolu səsdə. Neçə-neçə tələbə yola salmış, indi yaşlanmış tək yaşayan və gözü qapıda olan müəllimin sizi görərkən gözündən axan yaşda və öpdüyünüz əllərində. Bəlkə, dostu görərkən bir təbəssümdə… Bunları əldə etmək üçünsə, əlavədən bir şey etməyimizə ehtiyac yoxdur. Yalnız insanlığımızı xatırlamaq, insan kimi yaşamaq və ən əsası, o xoşbəxtliyi yaşatmaq kifayətdir.

Kimsə belə demişdi: “Xoşbəxt olmaq istəsən, xoşbəxt ol”. Amma məncə bu daha doğrudur: “Xoşbəxt olmaq istəsən, xoşbəxt et!” Yəni “Xoşbəxt et ki, xoşbəxt olasan!”

Həmçinin oxuyun

Tənqidlərlə necə baş etməli?

Tənqid qısaca, insanın həyata dair müxtəlif mövzularda doğruya çatmaq üçün ətrafından aldığı müsbət və ya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir