Çərşənbə , Oktyabr 23 2019
Home / Gündəm / 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə silsilə tədbirlər davam etdirilir

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə silsilə tədbirlər davam etdirilir

Muxtar respublikada davamlı iqtisadi inkişafın təmin olunmasının nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb.
Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 27-də Şahbuz şəhərində yerləşən Ahıllar evində ahıllarla görüş keçirilib. Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev vurğulayıblar ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına geniş imkanlar yaradıb. Ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Ahılların sağlam həyat tərzi yaşaması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Ahıllar evində də sakinlərin rahat yaşaması üçün hərtərəfli şərait yaradılıb. Ahıllar bayram tədbirlərinə dəvət olunur, onlarla görüşlər keçirilir. Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu konsert proqramı ilə çıxış edib. Sonda ahıllara hədiyyələr təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində muxtar respublikanın uzunömürlü sakini, 110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarova ilə görüş keçirilib.
Görüşdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirak ediblər.

Həmçinin oxuyun

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin  lider mobil operatoru “Azercell …