Bazar , Dekabr 15 2019
Home / Gündəm / Azərbaycanın işğal olunmuş ərazilərinin turizm potensialı

Azərbaycanın işğal olunmuş ərazilərinin turizm potensialı

   Qarabağ turizm bölgəsi Azərbaycan turizm sənayesinin inkişafı üçün çox zəngin ehtiyyatlara malikdir. Bu, hər şeydən əvvəl onun çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olmasıdır. Həmçinin respublikamız nadir təbii-iqlim xüsusiyyətlərinə malik bir ölkədir. Yer kürəsindəki 11 iqlim tipindən 8-nin burada olduğu müəyyən edilmişdir. Ölkəm Azərbaycanın bütün bölgələri turizm baxımından çox gözəldir. Amma onu qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeritməyə və Azərbaycan torpaqlarını işğal etməyə başladı. Ermənistan Azərbaycan torpaqlarının 20% -ni işğal etməklə bizə çox böyük zərbələr vurdu, o cümlədən turizm baxımından. Bizim işğal altındakı torpaqlarımız turizm baxımından çox gözəl bölgələrdir amma 20 ildən artıqdır ki, Ermənistan hələ də onları işğaldan azad etməkdən imtina edir. Eyni zamanda bu işğal nəticəsində bütün dünyada o, illərdə Azərbaycanın adı müharibə bölgəsi kimi tanınmağa başlandı və təbii ki, bu da ölkəmizdə turizmin inkişafına həmin zaman böyük zərbə vurdu. Çünki müharibə olduğu bölgələrə turistlər getməkdə maraqlı deyillər. Ürək ağrısı ilə də olsa işğal olunmuş ərazilərimizdən “Qarabağ turizm” bölgəsi haqqında danışacağıq. Hansı ki Azərbaycanın ürəyi sayılan qədim Qarabağ diyarı bu ölkəyə mühüm tarixi və mədəni töhvələr vermişdir.

    Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həmdə istedadlı şairlər, yazıçılar, musiqiçilər yada düşür. Qarabağ- Azərbaycan musiqisinin beşiyidir. Bu diyarın təbiəti və təbii ehtiyyatları heç kəsi laqeyd qoymur. Elə buna görədir ki, indi bu gözəl diyarımız işğal altındadır. Hal-hazırda Ermənistan respublikası tərəfindən işğal edildiyi üçün biz burada yalnız onun tarixi imkanlarından bəhs edə bilərik. Burada hələ sovetlər zamanında yaradılmış kurortlar, istirahət və əyləncə mərkəzləri insanların marağını cəlb etməklə, müalicəvi xarakterinə görə də şöhrət tapmışdı. Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa sanatoriyası”, “Gülablı sanatoriyası”, Şuşanın istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən pioner düşərgələri və bu kimi turizm məskənləri ayrıca seçilirdi. Bu turizm və müalicə obyektləri Azərbaycan xalqının milli-tarixi dəyərlərini dünyaya tanıtmaqla yanaşı dövlət büdcəsinə külli miqdarda gəlir gətirirdi. Ölkəmizin hər yerində olduğu kimi burada da müstəqilliyimizin verdiyi imkanlardan istifadə edərək daha çox və möhtəşəm turizm obyektləri inşa etmək olardı. Hazırda belə bir inkişafın və dünyaya açılımın qarşısını ermənilərin apardığı mənfur işğalçılıq siyasəti kəsir. Təkcə Şuşa və Ağdamdan danışmaq mənfur düşmən tapdağı altında olan torpaqlarımızın turizm potensialını əks etdirən sərlövhə kimi aydın olur. Şuşa haqqında çox eşitmişik, yazanlar-deyənlərdə az deyil. Kaş görə biləydim! İnsanlar, adətən itirdiyinin dəyərini onun yoxluğunda daha da yaxşı, daha da dərin başa düşüb dərk eləyirlər. Deyilənlərdən başa düşürük ki, indi bu diyarın təmiz havasına, əsrarəngiz flora və faunasına, təbii landşaftına daha çox ehtiyyac duyuruq.

    Şuşanı Şərqin Konservatoriyası adlandırırmışlar. Hazırda həmin konservatoriya, nadir gözəllik diyarı özünün gerçək mahiyyəti ilə ziddiyyət təşkil edən vəhşi xislətlərin tapdağı altında olan bir məskənə çevrilib. Tarixdəndə məlum olduğu kimi qonaq-qaralı olan Şuşamızda 1936-cı ildə ilk istirahət evi açılıb. 1964-cü ildə pansionat yaradılıb. 1970-ci ildə isə Turşsu Bazası öz turistlərini qəbul etməyə başlayıb. Şuşada respublika və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə tabeli 17 pioner düşərgəsi, respublika üzrə 1 ixtisaslaşmış uşaq sanatoriyası yerləşirdi. Ev turizmi anlayışı əksər bölgələrimizdə indi-indi təşəkkül tapdığı halda, Şuşada isə ev turizmi hələ ötən əsrin ortalarından yaranmağa başlayıb. Təxmini hesablamalara görə, 2min ailədən artıq rayon sakini mənzillərini turistlərə kirayəyə verirmişlər. Bundan başqa, turizm sahəsinin inkişafı rayon mədəniyyət müəssisələrinin gəlirlərinə də müsbət təsir edirdi. Belə ki, daimi qonaqlarla bol olan rayonda bu bolluğa uyğun fəaliyyət göstərən kinoteatrlar, rəsm qalerayaları, klublar, mədəniyyət evlərinin bir qismi turistlərə pullu xidmət göstərməklə ailə büdcələrinə əlavə vəsait cəlb edə bilirdilər.

   Ağdam şəhəri isə tarixən Qarabağın ən iri şəhərlərindən biri olmuşdur. Ağdam rayonunda xeyli sayda memarlıq abidələri var ki, buda Ağdamın tarixiliyini, qədimliyini isbat edən başlıca dəlillərdəndir. Şahbulaq kəndində XVIII əsrə aid karvansaranı, XVII əsr məscidini, XVII əsr Xanoğlan məqbərəsini, Qafqaz Albaniya xristian dövrünə aid məbədləri, Pənahəli xanın saray və məqbərəsini bunlara əyani misal göstərmək olar. Ağdamda 7min yaşlı buğdanın saxlanc yeri-Ağdam Çörək Muzeyi vardı. Burada nadir eksponatlar- çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Ağdamda atla səyahət də geniş yayılmışdı. Ağdamın “Şahbulaq” Turist Bazası eyni zamanda 40 nəfər turisti yüksək səviyyədə qəbul etmək üçün nəzərdə tutulubmuş. Ümumi sahəsi 3 hektar olan bu turist obyektinin özünəməxsus fərqlilikləri varmış. Bazada turistlərin at belində səyahətlərə, gəzintilərə çıxmaları təşkil edilirmiş.

   Əlbəttə, bu müsbət uğurlara baxmayaraq, Azərbaycanın müəyyən vaxtlarda başı üstünü qara buludlar almış, mənfur düşmənlər vətənimizə ağır zərbələr vurmuşlar. Bu gün Qarabağın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkiləri çox olmuşdur. Bu itkilər təhlil edilir, təhlilin hesabatı ictimailəşdirilir, xalqımızın ən böyük problemi olan Qarabağ münaqişəsi və erməni mənfurlarının tarixi torpaqlarımızı işğal altında saxlaması barədə konkret faktların dili ilə təqdim edilir. Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, transit-komminikasiya şəbəkəsi erməni vandalları tərəfindən dağıdılmış, bir sözlə bölgənin turizm infrastrukturu tamamilə məhv edilmişdir.

   Yuxarıda qeyd etdiyimiz turizm potensialından geriyə ürək ağrıdan hisslər qalmışdır. Bu vəziyyətdə bölgədə turizmin inkişafı haqqında düşmən işğalından azad edildikdən sonra əzəli torpaqlara qayıdıb infrastrukturun, turizm obyektlərinin bərpasından sonra tanış olmaq mümkündür. Qarabağ torpaqlarının işğalda qalması nəticəsində böyük bir turizm potensialının, əvəzsiz flora və faunanın məhv edildiyi, Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən birinin xarabalığa çevrildiyi, bundansa təkcə bir ölkə vətəndaşının yox, bütün mədəni sivilizasiyanın itirdiyi barədə dünyanın aparıcı ölkələrinin geniş məlumatları olmalıdır.

ARZU QASIMOV

Naxçıvan Dövlət Universiteti

Pedoqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə

I kurs magistrant

Həmçinin oxuyun

Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir