Cümə , May 29 2020
Home / Gündəm / AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq

AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq

Yeni təyyarələrin alınması Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) marşrut şəbəkəsinin genişləndirməsinə imkan yaradacaq.

Bunu AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov deyib.

“AZAL-ın strateji inkişaf planı var, yeni təyyarələrin alınması nəzərə alınaraq açılacaq yeni marşrutlar müəyyənləşdirilib. Yeni reyslər əsasən Cənub-Şərqi Asiya ölkələrini əhatə edəcək. Bundan başqa, digər istiqamətlər üzrə də uçuşların sayının artırılması planlaşdırılır”, – deyə S. İlyasov qeyd edib.

Onun sözlərinə görə, hazırda populyar istiqamətlər arasında Moskva və İstanbul ilə yanaşı Dubay, Çin və Avropa şəhərləri də yer alıb. AZAL-ın ixtiyarında olan təyyarələrin sayı uçuş şəbəkəsinin daha da inkişaf etdirmək üçün kifayət deyil: “Buna görə də biz “Airbus A320Neo” və “Boeing 787” tipli təyyarələrin alınmasını planlaşdırırıq”.

S. İlyasov onu da bildirib ki, hazırda AZAL-ın balansında 20-dən çox sərnişin təyyarəsi var.

Qeyd edək ki, “Boeing” korporasiyası ilə iki “Boeing 777” geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq əldə olunub. Bu laynerlər AZAL-ın donanmasında yeni model təyyarələr olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə AZAL-ın uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.

Bundan əlavə, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı aviaistehsalçılardan 20-dən artıq yeni nəsil təyyarənin əldə edilməsi daxildir (10 “Airbus A320Neo”, 8 “Boeing 787 Dreamliner” və 3 “Boeing 777”).

Xatırladaq ki, Cənub-Şərqi Asiya regionuna Vyetnam, Tailand, Myanma, Kamboca, Laos, İndoneziya, Malayziya, Filippin, Sinqapur, Şərqi Timor və Bruney daxildir.

Həmçinin oxuyun

İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan “Formula E” üzrə İtaliya Qran-prisi təxirə salınıb. MediAktiv.az  yarışın Mətbuat Xidmətinə …