Cümə , Noyabr 15 2019
Home / Gündəm / Culfa rayonunda Payız -qış mövsümünə hazırlıq

Culfa rayonunda Payız -qış mövsümünə hazırlıq

Əhalinin içməli su təchizatında heç bir çətinlik olmayacaq.
Bu gün muxtar dövlətimizdə diqqətdə saxlanılan əsas məsələlərdən biri də payız-qış mövsümünə hazırlıqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilmiş müşavirədə aidiyyəti orqanların qarşısında konkret vəzifələr qoyulmuş, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin daim diqqətdə saxlanılması xüsusi olaraq vurğulanmışdır.
Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da payız-qış mövsümünə əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, qarşıda duran vəzifələrlə əlaqədar tədbirlər planı hazırlanmış və bu plana əsasən nəzərdə tutulan işlər sistemli şəkildə yerinə yetirilir.
Payız-qış mövsümünə hazırlıqla bağlı rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin rəisi Yaqub Məmmədovla Culfa şəhərinin girişindəki Su Təmizləyici Qurğular Kompleksində həmsöhbət olduq Y.Məmmədov bildirdi ki, yeni su xətləri çəkilir, ulularımızdan miras qalmış kəhrizlər və bulaqlar təmir olunur, süni göllər yaradılır, su anbarları tikilir. Rayonumuzun düzənlik ərazilərinin əkilib- becərilməsində suvarma mənbəyi kimi Araz və Əlincə çayı mühüm əhəmiyyətə malikdir. Araz çayı üzərində quraşdırılmış yenitipli nasoslar və Əlincə çayından çəkilmiş su arxları vasitəsi ilə yüz hektarlarla sahə sututar ərazilərə çevrilmişdir.
Yaqub Məmmədov həmçinin vurğuladı ki, Culfa şəhərinin və Gülüstan kəndinin içməli su şəbəkəsinin və kanalizasiya xətlərinin tikintisi uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində 2088 metr uzunluğunda kaptaj qazılmış, kaptaj üzərində 30 baxış quyusu, 1500 suyönəldici inşa edilmişdir.
Diametri 400 mm olan borularla 9,8 kilometr ana su xətti çəkilmişdir. Şəhərin girişində Su Təmizləyici Qurğular Kompleksi tikilərək istifadəyə verilmişdir.
Culfa şəhərində 3237, Gülüstanda 185 olmaqla cəmi 3458 abonent su şəbəkəsinə qoşulmuş, evlərə və iş yerlərinə sayğaclar quraşdırılmışdır. Eyni zamanda Culfa şəhərində 3273 abonent kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Ayrıca 71 idarə-müəssisə, 95 kammersiya strukturu içməli su və kanalizasiya xidmətindən istifadə edir.
2017-ci ilin yanvar ayında istifadəyə verilən bu müasir sistemdən sonra Culfa şəhərində və Gülüstan kəndində 25700 nəfər əhali fasiləsiz olaraq təmiz su ilə təmin edilir, çirkab suların axıdılması üçün xidmət göstərilir.
Yaqub Məmmədov bildirdi ki, Su Təmizləyici Qurğular Kompleksi ən müasir texnologiyalardan və avadanlıqlardan istifadə olunaraq inşa edilmişdir. Bu müasir qurğuları işlətmək üçün mütəxəssis kadrların yerləşdirilməsinə diqqət göstərilir. Bu kadrlar Komitənin müvafiq qurumları tərəfindən mütəmadi olaraq təlimatlandırılır, müxtəlif təcrübə mübadiləsinə cəlb edilirlər.
Belə ki, bir əməkdaşımız keçən il komitənin xətti ilə 7 gün müddətində Portuqaliyada təcrübə mübadiləsində iştirak etmişdir.
Rayonun sayğac quraşdırılmayan 21 kəndində 20 mindən artıq əhalini içməli su ilə təmin etmək üçün 30 kaptaj, 39 subartezian quyusu fəaliyyət göstərir. Bu kaptajlara və subartezian quyulura daima qulluq göstərilir. Əhalini fasiləsiz su ilə təmin etmək üçün mütəmadi olaraq təmir-bərpa işləri görülür.
Camaldın kəndində 760, Dizədə 350, Göydərədə 470, Qazançıda 130, Ləkətağda 150, Ərəzində 200, Saltaqda 200, Milaxda 250 metr olmaqla cəmi 2510 metr məsafədə müxtəlif diametrli içməli boru xətlərində təmir-bərpa işləri görülmüşdür. Camaldın və Ərəzin kənd kaptajlarının 180 metr hissəsi təmir edilmiş, Ərəzin kaptajının 60 metr hissəsi yenilənərək bərpa edilmişdir. Əlincə kəndində 400 metr uzunluğunda yeni kaptaj tikilərək istifadəyə verilmişdir. Bənəniyar Kırna, Ləkətağ kəndlərində yeni subölüşdürücülər quraşdırılmışdır.
Rayon Meliorasiya və Su Təsər­rüfatı İdarəsinin kollektivi 2019-cu ilin suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün, ilin əvvəlindən başlayaraq səylə çalışmışlar. Belə ki, idarəyə məxsus maşın-mexanizmlərin, nasos stansiyaları və hidrotexniki qurğuların təmir işləri aparılmışdır.
Maşın və mexanizmlər saz vəziyyətə salınaraq kanal və arxların lil və çöküntülərdən təmizlənməsi işlərinə cəlb edilmişdir.
Yaycı “Daşarx” kanalının Yaycı “Göl” arxı ilə birləşən hissəsi əlverişsiz coğrafi relyefdə yerləşdiyindən tez-tez qəzalar baş verir, suyun verilməsində fasilələr yaranırdı. Bunu nəzərə alaraq kanalın bu hissəsini 800 metrlik məsafədə istiqamətinin dəyişdirilərək, yeni kanalların çəkilməsi işləri aparılır.
Rayonda fəaliyyət göstərən nasos stansiyalarında əsaslı təmir işləri görülmüşdür.
Bu müddət ərzində suvarma boru xətlərində, o cümlədən yüksək təzyiqli boru xətlərində təmir-bərpa işləri həyata keçirilmişdir. Belə ki, Bənəniyar su anbarından çıxan yüksək təzyiqli boru xəttinin 770 metr hissəsində, “Culfa-1” nasos xəttinin 450 metr hissəsində, əsaslı təmir bərpa işləri aparılmışdır. Bundan başqa 1470 metr müxtəlif diametrli suvarma xətlərinin çürüyüb-deşilmiş hissələri bərpa edilərək saz vəziyyətə gətirilmişdir.
Payız suvarma mövsümünün mütəşəkkil keçirilməsini təmin etmək üçün nasos stansiyalarına subartezian quyularına texniki baxış keçirilmiş, arx və kanalların təmizliyinə nəzarət gücləndirilmiş, yüksək təzyiqli boru xətlərini istismara yararlığı araşdırılmış, müvafiq tədbirlər görülmüşdür.
İçməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyəti ilə bağlı müşahidə olunan nöqsanların aradan qaldırılması əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, biz Meliorasiyalar qarşısında qoyulan əsas vəzifələrdir.
2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq qurğu və avadanlıqlara texniki baxış keçirilmiş, nasazlıqlar aradan qaldırılmışdır.
Bənəniyar su anbarının su gətirici əsas və əvəzedici kanalının qış mövsümündə buzlanmasının qarşısın alınması üçün müvafiq tədbirlər görülməyə başlanmış, o cümlədən duz tədarükünə başlanmışdır. Suvarma mövsümü bitdikdən sonra göllərin və su tutarlarının maksimum doldurulmasına nail olmaq üçün hazırlıqlara başlanmışdır.
Söhbətimiz zamanı Yaqub Məmmədov qeyd etdi ki, şəhərin müvafiq qurumları ilə birlikdə qazanxanalarda və çoxmərtəbəli binalarda görüləcək işlər müəyyənləşdirilmişdir.
Su sayğaclarının xüsusi ilə həyət evlərindəki, su sayğaclarının qış aylarında donmasının qarşısının alınması üçün indidən abonentlərlə təbliğat işinə başlanılmışdır.
Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin işçiləri üzərlərinə düşən vəzifənin öhdəsindən gələrək payız-qız mövsümündə vətəndaşlarımızı fasiləsiz su ilə təmin etmək, kənd əməkçilərinin min bir zəhmətlə əkib-becərdikləri taxıl zəmilərini, əkin sahələrini, yaşıllıq zolaqlarını vaxtında su ilə təchiz etmək, əhalinin içməli suya olan tələbatını ödəmək üçün bütün imkanlardan istifadə edirlər. Çünki onlar yaxşı bilirlər ki, su həyat, bolluq, bərəkət, təmizlik deməkdir.

A. AĞAYEV

Həmçinin oxuyun

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin …