Bazar ertəsi , İyul 26 2021
Home / Gündəm / Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılır – FƏRMAN

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılır – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

MediAktiv.az-ın məlumatına görə, Fərmanla qərara alınır ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılsın.

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilir.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilir.

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyinə verilir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə:

Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi;

Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Cəmiyyətin müşahidə şurasının seçilməsi;

Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;

Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi.

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və onlarda ediləcək dəyişikliklərin təsdiqi;

Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılır.

Cəmiyyətin yenidən təşkil və (və ya) ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan dövlət əmlakının bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin balansına verilməsini təmin edəcək, bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin inzibati bina ilə təmin edilməsi üçün tədbirlər görəcək və bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Həmçinin oxuyun

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır – TAM SİYAHI

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır. MEDİAKTİV.AZ xəbər verir ki, bu gündən bir sıra yumşaldılma …