Bazar , Sentyabr 26 2021
Home / Gündəm / İki qüdrətli dövlətə malik bir qəhrəman millətin övladları

İki qüdrətli dövlətə malik bir qəhrəman millətin övladları

Azərbaycan və Türkiyə mədəni əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-birilə qırılmaz tellərlə bağlıdır. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu qardaşlıq bağları çox qədim və zəngin ənənələr üzərində qurulub. Tarixboyu bir çox taleyüklü məsələlərin həllində də bu xalqlar çətin, ağır vəziyyətlərdə bir-birinə yardım edib, arxa-dayaq olublar. 

Birinci Dünya müharibəsi zamanı yüzlərlə azərbaycanlı könüllü olaraq Türkiyəyə yollandı, Osmanlı ordusunda düşmənə qarşı mübarizə apardılar. Çanaqqala zəfərinin qazanılmasında onlarla azərbaycanlının da payı vardır. 1919-cu ildə qardaş ölkədə milli mücadilə hərəkatının genişləndiyi xəbərini alan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi dərhal türk xalqına dəstək planını həyata keçirib. Cümhuriyyətin Baş naziri Nəsib bəy Yusifbəyli 1,5 milyon fransız frankı məbləğində pul yardımı çekini və neft qəbzlərini Türkiyəyə göndərib. Bundan başqa, Anadoluda milli mücadilənin başlandığını eşidən ana-bacılarımız, bacılarımız qulaqlarındakı sırğaları, barmaqlarındakı üzükləri çıxararaq Türkiyəyə göndəriblər. Kazım Qarabəkir Paşa “İstiqlal hərbimiz” adlı əsərində yazır ki, Nəsib bəy Yusifbəyli Anadoluya vurduğu teleqramda Rauf bəy Orbayın Türkiyədən Azərbaycana gəlməsini və nə qədər tələb olunursa, silah verməyə hazır olduqlarını bildirmişdi. Bütün bunlar azərbaycanlıların dostluqda, qardaşlıqda sədaqətliliyin və qardaş Türkiyəyə böyük sevgisinin təzahürü idi.

Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində eyni sevgini, dəstəyi qardaş Türkiyə xalqından görüb. Ənvər Paşa, Nuru Paşa, Kazım Qarabəkir Paşa və Azərbaycanı öz Vətəni kimi sevən neçə-neçə türk sərkərdənin adını müstəqillik qazandıqdan sonra eşitdik çoxumuz. Onlar 1918-1920-ci illərdə erməni daşnaklarının ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda törətdikləri qırğınlara biganə qalmayıb, müqavimət qüvvələrimizin köməyinə gəliblər. “İnsan ancaq öz doğma yurdu, Vətəni üçün canından keçər”, – deyirlər. Həmin illər onlarla türkiyəli qardaşımız da Azərbaycan, Naxçıvan naminə öz canlarını fəda edib. Vətənimizi quldurlardan müdafiə edən igidlərimizə döyüş yoldaşı olub, onlarla birlikdə şəhidlik zirvəsinə ucaldılıb. 
“İgid şəhid olduğu yerdə dəfn edilər”, – deyərlər. Neçə-neçə türk övladı da qədim yurdumuzda şəhadət zirvəsinə ucalıb, burada dəfn olunub. Onların əziz xatirəsini yetmiş illik sovetlər dönəmində xalqımızın yaddaşından silməyə çalışsalar da, zaman öz sözünü dedi. Müstəqillik qazandıqdan sonra dahi rəhbəri ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə türk şəhidlərinin adları bir daha xatırlandı, onların şərəfinə abidələr ucaldıldı.

Bu gün Naxçıvan şəhərində ucalan Türk şəhidləri abidəsi, Sədərək rayonunda Şəhidlər xiyabanının yaxınlığında yerləşən Əli Çavuşun məzarı üzərində ucalan abidə qəhrəmanlıq nümunəsi, qardaşlıq simvoludur. Əli Çavuş 1918-ci ildə Naxçıvana gələn türk ordusunun sırasında daşnak Andranikə qarşı mübarizə apararaq şəhadətə ucalıb. Son nəfəsində belə vəsiyyət edib: “Məni elə yerdə dəfn edin ki, oradan Ağrı dağı görünsün. Əsən küləklər yurdumun torpağının ətrini mənə gətirsin. Hər Günəş doğanda və batanda Ağrının gözəlliyini duya bilim…” belə ehtimal olunur ki, Əli Çavuşun Sədərək kəndində dəfn edilmə istəyinin səbəbi isə bu yerlərin onun doğulduğu Sinopa bənzəməsidir. 
Yüz ildən artıq bir vaxtdır ki, qədim Sədərək bir türk şəhidini öz övladı kimi qoynuna alıb. Əvvəllər o, tək idi və bu təklik düz 70 il davam etdi. Onu unutdurmağa çalışsalar da, xalq onun məzarını öz əziz övladının uyuduğu müqəddəs yer kimi qoruyub saxladı. 1990-cı ilin həmin dəhşətli və qürurlu günlərində Əli Çavuşun məzarının yanına yeni-yeni ziyarətgahlar salındı. Sədərəyin müdafiəsində igidliklə döyüşənlər də şəhidlik məqamına yüksəldilər. Bu gün Sədərək Şəhidlər xiyabanında qardaş şəhidlər yan-yana uyuyurlar. Oraya gedən bütün ziyarətçilər Əli Çavuşu da ehtiramla yad etməyi unutmur. Axı necə unuda bilərik yaddan çıxara bilərik keçən, dar gündə köməyimizə gələn Vətənimiz uğrunda canından türk oğlunu?.. 
Bu gün də Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından mətanətlə çıxmış qardaşlıq, dostluq bağları sıx birləşdirir. Bu gün də Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ulu öndərimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamları yolumuza nur saçır. Qədim yurdumuzun azad səmasında qanad çalan türk və azərbaycanlı şahinlərin göylərdə dalğalandırdıqları ay-ulduzlu bayraqlarımız bizə qürur yaşadır, qardaş şəhidlərin ruhunu şad edir və əminik ki birgə böyük zəfərlərə imza atmaqla bu müqəddəs ruhları daha da sevindirəcək.

Ramiyyə ƏKBƏROVA

Həmçinin oxuyun

KİV: “Taliblər” geyiminə görə qadını qətlə yetirib

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması üzvlərinin bir qadını geyiminə görə qətlə yetirdiyi barədə xəbərlər …