Cümə , Noyabr 15 2019
Home / Gündəm / “Molla Nəsrəddin” jurnalının görkəmli nümayəndəsi : ƏLİ NƏZMİ

“Molla Nəsrəddin” jurnalının görkəmli nümayəndəsi : ƏLİ NƏZMİ

Ölməz Molla Nəsrəddinin irsi daha çox müstəqillik əqidəsi və
təfəkkürü ilə öyrənilməyə möhtacdır”. H.Əliyev

Əli Nəzmi “Molla Nəsrəddin”də ilk olaraq bir neçə mollanəsrəddinçidən fərqli olaraq, nə şeir, nə də felyeton ilə çıxış edib. Onun ilk çıxışları məktubları olub.
M.Ə.Sabirin vəfatından sonra istər “Molla Nəsrəddin”də, istərsə də “Məzəli”, “Tuti”, “Zənbur”, “Babayi-Əmir” və s kimi satirik jurnallarda əsasən “Şəmşirək”, “Şəmşir”, “Sijimqulu”, “Kefsiz”, “Məşədi Sijimqulu”, “Sərsəri”, “Şallax” imzaları ilə ən yaxşı şeirləri yazan Əli Nəzmi olmuşdur. Bunlarla yanaşı Əli Nəzmi “Məlimat”, “Tərəqqi”, “Yeni irşad”, “Günəş”, “Qardaş köməyi” kimi qəzet və jurnallarla da əməkdaşlıq etmişdir. Bu mətbu orqanlarındakı çıxışı bir daha sübut edir ki, Ə.Nəzmi təkcə satirik şeirlər deyil, eyni zamanda nəsrlə də maraqlanmış, publisistik məqalələr və felyetonlar da yazmışdır .
Qeyd edək ki, 1914-cü ildə Əli Nəzmi “Məzəli” satirik jurnalının redaktoru Haşım bəy Vəzirovdan bir məktub aldı. Redaktor onu jurnalla əməkdaşlıq etməyə dəvət edirdi. Əli Nəzmi bu dəvəti qəbul edərək “Məzəli” ilə də əməkdaşlığa başladı. Buradakı ilk “Pul” adlı satirası ictimaiyyət arasında böyük rəğbətlə qarşılandı. Bunu Haşım bəy də qiymətləndirərək şairi 20 manat pulla mükafatlandırmışdır. Tədqiqatçı alim Firidun Hüseynovun yazdığına görə, “bu, on ildən bəri qəzet və jurnallarda yüzlərlə əsəri çap olunan şairin aldığı birinci zəhmət haqqı olub”.
Sabir ədəbi məktəbi, əsasən də 1906-1916-cı illər arasındakı on il müddətində ən yüksək mərhələsini yaşayırdı və bu məktəbin ən istedadlı davamçıları yetişməkdə idi. Sabir kimi nəhəng bir sənətkarla ünsiyyətdə olmaq, ondan öyrənmək, bəhrələnmək bu məktəbin davamçlarının tale qismətinə düşən bir xoşbəxtlik idi ki, Əli Nəzmiyə də qismət olmuşdu.
“Molla Nəsrəddin” jurnalının və özünün yaradıclığının ən məhsuldar dövründə, yəni 1916-cı ildə Ə.Nəzmi Gəncə şəhərinə köçdü. Tədqiqatçı alim Qulam Məmmədlinin yazdığına görə, 1916-cı ildə Mirzə Cəlil Əli Nəzmiyə məktub yazaraq onu Tiflisə dəvət edib. Ə.Nəzmi isə yeddi nəfərdən ibarət bir ailə ilə Tiflisdə dolana bilməyəcəyini nəzərə alaraq getməyib və Mirzə Cəlildən üzr istəyib.
1920-21-ci illərdə Gəncədə müəllimlər kursunda oxumaqla yanaşı, müəllimlik edən Ə.Nəzmi ara-sıra mətbuatda da çap olunurdu. 1922-ci ildə “Molla Nəsrəddin”in Bakıda çap olunan dördüncü sayındakı kiçik bir elan onun diqqətini cəlb etdi. “Kefsizə. Neçə il ayrı düşəndən sonra yada salırıq yoldaşımız və ikinci Sabirimiz Kefsizi (Məşədi Sijimqulunu). Harada olduğunu bilmədiyimiz üçün ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez vəqtdə öz lətafətli şeirləri ilə məcmuəmizi zinətləndirəcəkdir”.
Beləliklə, yenidən Ə.Nəzminin imzası “Molla Nəsrəddin”də tez-tez görünməyə başladı. Bu zaman Gəncədə yaşayan Əli Nəzmi həm də “Yeni Gəncə “qəzetində çalışırdı. 1926-cı ildə qəzet bağlandı. İşsiz qalan Ə. Nəzmi üz tutdu Bakıya. Burada bir neçə qəzet və jurnallarla əməkdaşlıq edən Ə. Nəzmi yenidən onun üçün çox doğma olan “Mola Nəsrəddin”ə qayıtmış və jurnal bağlanana qədər burada katiblik etmişdir. Ə.Nəzmi yenidən “Molla Nəsrəddin”ə qayıtdıqdan sonra “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Bugünkü ədəbiyyatımız haqqında” ilk məqaləsini də özünə ustad sandığı Mirzə Cəlil yaradıclığına həsr etmişdir. 1927-ci ildə Ə.Nəzmi “Sijimqulunamə” adlı “Azərnəşr”də çap etdirdiyi əsərini də ustadının xeyir-duası ilə (əsərə Mirzə Cəlil müqəddimə yazıb) oxucularının ixtiyarına vermişdir.
Sovet dövründə “Kommunist”, “Yeni yol”, “Kəndli qəzeti” mətbu orqanlarında çalışan şair bir neçə kitablarını da çap etdirə bilib. Ömrünün son illərində isə “Molla Nəsrəddin” jurnalının nəşri tarixi ilə bağlı öz həyatı və müasirləri haqqında maraqlı məlumatlar verən iri həcimli xatirələrini yazıb. “Keçmiş günlər” adlı bu mənzum xatirə “XX əsr azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin bəzi məsələlərini öyrənmək üçün də qiymətli mənbələrdən biridir”.
Əli Nəzmi şeirə 1903-cü ildən başlasa da, “Molla Nəsrəddin” də ilk dəfə nəsr ilə, felyetonları ilə iştirak etmişdir. Jurnalın 11-ci nömrəsində Əli Nəzminin “Əlidəyənəkli” imzası ilə bir kiçik məktubu dərc olunmuşdur. Burada gəncəli quşbaz Hacı Hüseynin oğlu ilə rəftarından bəhs edilir. Hacının oğlu ağacdan dolaşa tutmaq istəyəndə yıxılır, qıçı sınır. Atası bu əhvalatdan xəbər tutub gəlir, oğlundan ilk soruşduğu bu olur: “– Oğul, necəsən? – Quş cibində ölməyib ki? Sağdırmı?”
Müəllif bu məktubunda jurnalın mövhumata və mövhumat kitablarına qarşı ardıcıl, şiddətli mübarizəsini nəzərdə tutur. İstər bu məktubda, istərsə də quşbaz oğlunun əhvalatında müəllifin qələmindəki məharət, incəlik və satira aydın hiss olunmaqdadır. Əli Nəzmi də Sabir kimi “Molla Nəsrəddin” in vəzifəsini, məqsədini çox gözəl başa düşmüşdü. Bu jurnal həm məqsədi, həm də dili, üslubu ilə xalqa yaxın olan, xalqın ruhunu ifadə edən yazılar tələb edirdi. Əli Nəzmi jurnaldakı fəaliyyəti ilə şeirdə də məharət sahibi olduğunu isbat etdi.
Bildiyimiz kimi ,Sabirin “Ey pul” şeiri məşhurdur. Ümumiyyətlə, pul bu dövrdə qələm sahiblərinin diqqətini cəlb edən mövzu idi. Azərbaycanda kapitalizmin inkişafı əsrin ilk on illərində Bakıda sənayenin artması, kapitalın nəinki iqtisadi aləmdə, həm də məfkurə aləmində hakimlik etməsi ədəbiyyat xadimlərinə təsirsiz qala bilməzdi. Bu zaman pul hər şey idi! İstismar dünyasında pula “bütün müşkül işləri açan” deyirdilər.
Əli Nəzmi bu həqiqəti “Pul” adlı müsəddəsində çox parlaq bir şəkildə ifadə etmişdir. Əgər böyük Sabir bir pulpərəst, köhnə görüşlü kişinin pula necə sitayiş etdiyini göstərmişsə, Əli Nəzminin şeirində pul hökmranlığının özü, bir ictimai azar kimi təsvir olunur. Şair göstərir ki, “hər quru cismə can”, “sahibu- hök-mi-rəvan!, “zindeyi-cavidan”, “amirü-şahu”, “amiru-xan”, “cinu, ləqəb, nişan”… hamısı ancaq puldur. Müəllifın satirası burada müstəsna şiddət kəsb etmişdir. Gülüş ilə yanaşı göz yaşı, istehza ilə yanaşı təəssüf, tənqid ilə yanaşı məyusluq! (“Ay zəhrimar pul! Ay gidi pul!”) Əli Nəzminin şeirində pul, “məğlubedilməz” bir qüvvə kimi göstərilir.
Əli Nəzminin bu dövrdəki şeirlərini oxuyanda köhnə dünyanın çirkin və acınacaqlı mənzərələri qəribə bir lövhə kimi təsəvvürdə canlanır. Bu yatanlara, saqqalı hənalı oğrulara, riyakar ruhanilərə, hiyləgər tacirlərə, şeytan ziyalılara baxdıqca gülür, həm də pərişan olursan. Sevinməli bir şey var ki, o da vaxtı ilə bu ictimai tüfeyliləri görən və ömrünü onlarla mübarizəyə sərf edən gözüaçıq, vətənpərəst, insanpərəst azadlıq sevən insanların varlığı və şərəfli əməyidir.
Əli Nəzminin əsərləri də belə bir əməyin məhsuludur. Şair, vətənində gördüyü cəhalət nümayəndələrindən əl çəkmir. Onların varlığı şairi rahat buraxmır, onları döyəcləmək, qəflət yuxusundan oyatmaq istəyir. Onların təkfiri və hücumu Əli Nəzmini qorxutmur. Şair əmindir ki, bü gün də olmasa, sabah maarif işığı bütün qaranlıq guşələri işıqlandıracaq, günəş şüası yatanları oyadacaqdır.
Biz tədqiqatçıların fikrincə, mollanəsrəddinçilər arasında nisbətən “bəxti gətirən” Əli Nəzmi olmuşdur. Çünki başqa mollanəsrəddinçilərə nisbətən Əli Nəzmi hələ sağlığında əsərlərinin böyük bir hissəsinin nəşrinə nail olmuş, Ö.F.Nemanzadə kimi tez-tez sürgünlərə, həbslərə məruz qalmamış, Ə.Qəmküsar kimi faciəli həyat yaşamamışdır. Amma təəssüflər ki, onun da həyatı qələm, məslək yoldaşları olan mollanəsrəddinçilər kimi ehtiyac içində keçmiş, uşaqlığından ömrünün sonuna kimi bu ehtiyac onu tərk etməmişdi.
Əli Nəzmi ömrünün əlli ilini bədii yaradıcılıqla məşğul olmuş, Mirzə Cəlil, Sabir kimi ömrünü vətənin tərəqqisinə, mədəniyyət və maarifin çiçəklənməsinə həsr etmişdir. O, Sabirin vəfatından sonra ikinci Sabirimiz oldu və onun yerini boş qoymadı. “Məşədi Sijimqulu”, “Kefsiz”in zövq və səfalı, duzlu və məzəli şeirinin dalı heç vaxt kəsilmədi. Onun əsərlərində cəmiyyətdə kök salan sosial ziddiyyətlər, yoxsulluq, dini fanatizm, qadın azadlığı öz əksini tapırdı.
Ümummilli lider Heydər Əliyevin çox haqlı fikrinə görə, yazıçı, şair dövrün nəbzini tutmağı bacarmalı, aktual mövzuları gündəmə gətirməli, ideya və bədii cəhətdən onları yüksək səviyyədə həll etməyi bacarmalıdır. Çünki cəmiyyətin inkişafının bütün mərhələlərində pedaqogikanın, pedaqogika tarixinin əsas vəzifəsi tərbiyələndirmək olmuşdur. Elə bu mənada da bir əsrdən artıqdır ki, Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafında Əli Nəzminin məktubları, satirik şeirləri və felyetonları mühüm rol oynamışdır.

Həmçinin oxuyun

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısında

Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin …