Cümə axşamı , Sentyabr 17 2020
Home / Gündəm / Naxçıvanlı alimin Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsər erməni vəhşiliklərini ifşa edir

Naxçıvanlı alimin Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsər erməni vəhşiliklərini ifşa edir

   “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitab AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin Böyük Britaniyanın milli arxivlərində apardığı tədqiqatın nəticəsi kimi ərsəyə gəlib. Bu sənədlərdə erməni faktorunun böyük güclər, xüsusilə də İngiltərə üçün əhəmiyyətini ifadə edən ingilis dövlət adamlarının öz aralarındakı yazışmaları və yüksək səviyyəli rəsmi şəxslər tərəfindən imzalanmış çox gizli raportlar mövcuddur ki, bunlar müəllif tərəfindən tədqiqata cəlb  olunaraq geniş təhlil edilmişdir. Böyük Britaniya arxivlərində yer alan sənədlər tarixi reallıqların ortaya çıxarılması və araşdırılan problemin daha obyektiv kriteriyalar içərisində dəyərləndirilməsi baxımından xüsusən vacibdir. Həqiqətən də erməni iddialarına tutarlı şəkildə cavab vermənin, əsas olaraq da dünya ictimaiyyətinə həqiqətləri çatdırmağın yolu digər materiallarla birlikdə, Böyük Britaniyadakı arxiv sənədlərinə də müraciət etməkdən keçir. Bu baxımdan Emin Şıxəliyevin zəngin arxiv materialları əsasında hazırladığı tədqiqat işi olduqca aktualdır.

   AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr edilmiş kitabda XX əsrin əvvəllərində “erməni məsələsi”nin İngiltərənin geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi, Hərbi Kabineti, Ali Baş Qərargahı, Hərbi Kəşfiyyat Xidməti  və s. qurumlar tərəfindən qəbul edilən qərarlarla külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatların ermənilər üçün təmin edilməsindən bəhs edilmiş, bu yardımların pərdəarxası səbəblərinə açıqlıq gətirilməyə çalışılmışdır. Böyük Britaniyanın arxivlərindən əldə olunan materiallara əsasən müəyyənləşdirilmişdir ki, qarşılıqlı istifadə münasibətləri çərçivəsində formalaşan ingilis-erməni əməkdaşlığı Azərbaycanın bir çox bölgəsində fəlakət mənbəyi olaraq ortaya çıxmış və minlərlə müsəlman türk əhalisinin qətlə yetirilməsinə səbəb olmuşdur.

   Kitabda məsələnin mahiyyəti dörd istiqamət üzrə öyrənilmişdir. Belə ki, müəllif kitabın birinci fəslində “İngiltərənin geosiyası planlarında “erməni məsələsi”nin yeri”ndən bəhs etmiş və İngiltərənin Qafqaz siyasətinin “tarixi Şərq məsələsi”nin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilməli olduğu qənaətinə gəlmişdir. Erməni-İngilis əlaqələrinin hələ orta əsrlərə gedib çatdığını qeyd edən müəllif bu əlaqələrin daha çox dini və ticarət səviyyəsində inkişaf etdiyinə diqqət çəkmişdir. XIX əsrdən başlayaraq isə erməni məsələsini ortaya atmaqla İngiltərə Osmanlı torpaqlarını parçalamağı və parçalanmış ərazilər üzərində hegemonluq qurmağı hədəfləmiş, eyni zamanda Rusiyanın isti dənizlərə enməsinin qarşısını almağa çalışmışdır.

   Kitabın ikinci fəslində müəllif “Erməni dövləti”nin yaradılması planının və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin pərdə arxası” məqamları barədə oxuculara ətraflı şəkildə məlumat vermiş və bu planla bağlı bir çox məqamları əldə etdiyi arxiv sənədləri əsasında ortaya qoymuşdur. Kitabda qeyd olunur ki, ermənilərin ingilis dəstəyinin ən layiqli və eti­barlı namizədinə çevrilməsinin əsas səbəbləri onların “Böyük Ermə­nistan” ideologiyası ilə yaşamalarında və mifoloji düşüncələrə olan inamlarında da axtarılmalıdır. Məlum olduğu kimi, ermənilər dünya ictimaiyyətinə ən qədim xalq olduq­larını, Şərqi Anadolu və Qafqazın Hz. Nuh tərəfindən onlara vəd edildiyini isbat etməyə çalışırlar. Həmin vədlər çərçivəsində “Böyük Ermənistan” ola­raq xarakterizə olunan bu torpaqlar dünyanın ilk qədim dövlətlərindən biri kimi Aralıq dənizi də daxil, Qaradənizdən Xəzər dənizinə qədər böyük bir ərazini əhatə edir. Ermənilərin o dövrdə də belə iddialara aludə olduqlarını nəzərə alan İngiltərə üçün bundan daha əlverişli bir fürsət ola bilməzdi.

   “İngiltərənin gizli planlarında Naxçıvanın yeri” adlanan növbəti fəsli kitabın digər əhəmiyyətli hissələrindəndir. Müəllifin fikrincə erməni dövlətinin Türkiyə ilə Azərbaycan arasındakı Naxçıvanı da əhatə edən bölgədə yaradılması İngiltərənin planları çərçivəsində olmuşdur. İngilislər Türkiyə meyilli olan Azərbaycana inanmadıqlarından məhz ermənilərə etimad edir və Türkiyənin Transqafqaza olan qapısını əbədilik bağlamaq üçün Naxçıvanı ermənilərə verməyə çalışırdılar. Bu hissədə tədqiqatçı ingilislərin Naxçıvandakı fəaliyyətinin mahiyyətini birbaşa arxiv sənədlərinin dili ilə oxuculara çatdırmış, yeri gəldikcə sənədlərin tərcümə edilmiş hissəsləri təhlil edərək nəticə çıxarmağı oxucuların ixtiyarına buraxmışdır.

   Kitabın sonuncu fəslində İngilis ordusunun Qafqazdan çıxması və bu prosesin əsas nəticələrindən bəhs edilmişdir. Bu hissədə göstərilir ki, 1918-ci ilin sonlarına yaxın dünyadakı geosiyasi proseslərin dəyişməsi ingilislərin erməniləri sona qədər müdafiə etməsini və Qafqazda təcavüzkar siyasətini davam etdirməsini əngəlləmişdir. Britaniya arxiv sənədlərindən birindən gətirilən sitat da bunu sübut edir: “Türklərin panturanist arzularına qarşı baryer olması üçün erməni dövlətinin qurulmasını istəyirik… Lakin məsələ ilə bağlı qarşımızda iki problem var: Bunlardan birincisi qurulacaq erməni dövlətinin sərhədləri ilə bağlıdır. İkinci problem isə bu dövlətin qurula bilməsi üçün vacib olan böyük bir mandat güc haqqındadır. Biz Ermənistanın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərimizə götürmək fikrində deyilik. Onsuz da bizim görüləcək çoxlu işlərimiz var”.

   Kitabın əhəmiyyətini artıran əsas məqam isə Birləşmiş Krallığın Milli Arxivlərindən əldə edilmiş sənədlərin oxuculara və tədqiqatçılara “Əlavələr” hissəsində olduğu kimi təqdim edilməsidir. Beləliklə də, müəllif tədqiqatçıların sənədlərlə birbaşa tanış olmasına və gələcəkdə təqdim edilmiş sənədlərin digər istiqamətlərdə də tədqiqata cəlb olunmasına şərait yaratmış olur. Təqdim edilən belə sənədlərin sayı 50-dən çoxdur.

   Qeyd edək ki, tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, rəyçiləri tarix üzrə elmlər doktoru, professor Musa Qasımlı, tarix üzrə fəlsəfə doktoru, dövlət mükafatı laureatı Nigar Gözəlovadır.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar keçirib-FOTO

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və …