Cümə , Sentyabr 18 2020
Home / Cəmiyyət / Turizm sektorunda bərpa prosesi başlayıb

Turizm sektorunda bərpa prosesi başlayıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən etibarən Qlobal Distribyutor Sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açıb. Artıq aviabiletləri AZAL ilə birgə həmçinin, ölkədə fəaliyyət göstərən turizm şirkətləri satacaq. Bununla yanaşı, AZAL İstanbul istiqamətində avireyslərin sayını yenidən artırır. Bəs bu kimi yeniliklər son beş aydır fəaliyyətləri tamamilə dayanmış turizm şirkətlərinə necə təsir edəcək?

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev MediAktiv.az-a bildirib ki, koronavirus pandemiyası turizm sektorunun fəaliyyətini tamamilə dayandırmışdı: “Lakin son  bir ay bundan əvvəl turizm şirkətləri öz fəaliyyətlərini qismən bərpa etdilər. Avqustun 1-dən turizm şirkətlərinin işi müəyyən qədər yüngülləşir. Belə ki, turizm şirkətləri həm ölkəyə gəlmək istəyən turistlər, həm də xaricə getmək istəyənlər üçün rahatlıqla tur-paket təklif edəcəklər”.

O qeyd edib ki, əvvəlki  illərlə müqayisədə ölkədən getmək və ölkəyə gəlmək istəyən turistlər arasında nəzərəçarpacaq qədər fərq olacaq: “Lakin aviaşirkətlərin turizm şirkətləri ilə əməkdaşlıq etməsi turizm şirkətlərinin  fəaliyyətlərinin davamına  şərait yaradır. Aviabiletlərin satışının turizm şirkətlərinə də verilməsi tur-paketlərlə bağlı sifarişlərə müsbət təsir göstərəcək. Turizm şirkətləri əməkdaşlarını ixtisara salmayacaq, işsizlik termini turizm  əməkdaşlarının üzərindən götürüləcək. Turizm şirkətlərinin problemləri  müəyyən qədər həll olacaq. Lakin növbəti illərdə də turizm sənayesində  durğunluq yaşanacaq”.

 Artıq tur-paketlərlə bağlı sifarişlər var  

R.Quliyevin  sözlərinə görə, turistlərin tur-paketlərə tələbi azalsa da artıq sifarişlər var: “Turizm şirkətləri  həmin sifarişləri dəyərləndirir. Əvvəl Bakıdan Antalyaya, Kuşadasına birbaşa aviareyslər var idi. Bu gün birbaşa aviareyslər yoxdur. Bakı ilə Türkiyənin turizm şəhərləri arasında birbaşa aviareyslər açılana qədər turizm şirkətləri İstanbul üzərindən tur-paketləri təklif edir”.

 Turizm sənayesində gözləntilər

Ekspert ölkədə fəaliyyət göstərən sanatoriyalara, hotellərə çağırış edib: “Hazırda ölkədə tətbiq edilən sərt karantin qaydaları aradan qaldırıldıqdan sonra şəhərlərdən rayonlara gediş-gəliş açılacaq. Bu zaman insanlar  hotellərə, sanatoriyalara üz tutacaqlar. Ölkədə fəaliyyət göstərən hotellər, termal sanatoriyalar turistlərin etimadını qazanmalıdır”.   

Turizm sənayesinin inkişafı ölkə iqtisadiyyatına müsbət təsir edir və gəlir gətirir. Bu sahədə müşahidə edilən durğunluq milyonlarla insanların işsiz qalması deməkdir.

Həmçinin oxuyun

Dövlət Komitəsi: Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırılıb

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didər­gin düşən insanların problemləri Azərbaycan dövlətinin …