Şənbə , Sentyabr 21 2019
Home / İdman / Çempionlar liqasında həyəcan qaldığı yerdən davam edir

Çempionlar liqasında həyəcan qaldığı yerdən davam edir

   Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir. Sabah və birigün mərhələnin ilk qarşılaşmaları baş tutacaq. Şübhəsiz ki, sabahın ən maraqlı mübarizəsi Turində keçiriləcək. Turnirin favoritləri arasında göstərilən “Yuventus”la “Barselona” üz-üzə gələcəklər. Bu, tərəflərin avrokuboklar tarixində 8-ci dueli olacaq. İndiyə qədər “Barselona” 3, “Yuventus” isə 2 dəfə qələbə qazanıbsa, 2 görüş bərabərliklə nəticələnib. Komandalar sonuncu dəfə 2014/15 mövsümünün finalında qarşılaşıblar ki, onda da ispanlar (3:1) üstün olublar. Ümumiyyətlə, cəmi bir dəfə rəqibini mübarizədən kənarlaşdırmağa müvəffəq olan “qoca sinyora” son qalibiyyətini 14 il öncə – 2002/03 mövsümündə “Nou Kamp”da əldə edib.

     Qarşılaşma öncəsi “Barselona”nın heyətlə bağlı problemləri daha çoxdu. Arda Turan, Rafinya və Aleş Vidal zədədən əziyyət çəkirlərsə, komandanın aparıcı üzvlərindən olan Serxio Buskets cəza üzündən İtaliyaya yollanmayacaq. “Yuventus”da isə yeganə itki zədəli Marko Pyatsadı. Digər xorvatiyalı forvard Mario Mandzukiç də zədədən əziyyət çəkir. Ancaq onun vəziyyəti matç günü müəyyənləşəcək.

      Günün digər görüşündə Dortmund “Borussiya”sı “Monako”nu qəbul edəcək. Mövsümün sürpriz komandası “Monako” 1/8 final mərhələsində gözlənilmədən “Mançester Siti”ni üstələmişdi. Hazırda əla formada olan Knyazlıq klubu “böyük beşlik” ölkələrində ən çox qol vuran iki komandadan biridi. Bu da əsasən gənc futbolçularla mübarizə aparan “Borussiya”nın işinin asan olmayacağından xəbər verir. Bu cütlükdə kimisə favorit göstərmək çox çətindi. “Monako” məhsuldarlığını Almaniyada da nümayiş etdirib, cavab qarşılaşmasına sərfəli nəticə ilə çıxmağa çalışacaq.

     Hər iki komandada problemlər kifayət qədərdi. “Monako”da Temue Bakayoko cəza, Qabriel Boşilya və Quido Karrilyo isə zədə səbəbindən “Siqnal İduna Park”da meydana çıxmayacaq. Almanlarda isə itki daha çoxdu. Erik Durm, Mario Götze, Andre Şürrle və Yakob-Brun Larssen baş məşqçi Tomas Tuhelin ixtiyarında olmayacaq. Bu azmış kimi, Şinji Kaqava, Marko Roys və Yulian Vayqlın da iştirakı sual altındadı.

      Çempionlar Liqasının son finalçısı “Atletiko” İngiltərə çempionu “Lester”i sınağa çəkəcək. Ötən həftəsənu La Liqada “Real”dan səfərdə xal alan “Atletiko” yarımfinala daha yaxın hesab edilir. Ən azı təcrübə Dieqo Simeonenin yetirmələrini bir addım öndə göstərməyə şərait yaradır. Argentinalı mütəxəssisi əsas narahat edən məqam zədəli oyunçuların çox olmasıdı. Belə ki, Bernabe Barraqan, Nikolas Qaytan, Kevin Qameyro, Migel Anxel Moya, Tiaqo və Sime Vrsalko zədədən əziyyət çəkirlər. Ancaq onlardan hansının “Lester”lə görüşü buraxacağı hələlik məlum deyil.

     İngilislərdə isə Ues Morqanla Molla Vaquenin meydana çıxmayacağı dəqiqdi. Ancaq onlar əsas heyət üzvləri olmadığından, “Lester”in səfərə ideal heyətlə yollanacağını söyləmək olar.

     Daha bir finala bərabər oyun “Bavariya” ilə “Real” arasında keçiriləcək. Hər iki komanda daxili birincilikdə ilk sırada qərarlaşır və çempionluğa olduqca yaxındı. Hətta çoxları bu cütlüyün qalibinin ÇL-i qazanacağını proqnozlaşdırır. “Real” turnirin son çempionu olsa da, cütlüyün favoriti “Bavariya” göstərilir. Çünki Münhen klubu hazırda əla formadadı. Komanda bunu Bundesliqanın ötən turunda Dortmund “Borussiya”sı ilə qarşılaşmada da nümayiş etdirdi.

     Digər maraqlı məqam Karlo Ançelottinin keçmiş köməkçisi Zinəddin Zidanla rəqib olmasıdı. Hər iki mütəxəssisi zədəlilər narahat etməyə bilməz. Almanlarda Manuel Noyer və Tomas Müller bu səbəbdən son matçlarda iştirak etməyiblər. Klubun həkimləri onları “Real”la görüşə yetişdirməyə çalışırlar. Zidanın qayğıları isə daha çoxdu. Rafael Varandan sonra La Liqanın son turunda Pepenin də zədələnərək mövsümü qapaması həlledici anlarda heç yerinə düşmədi. Onların yoxluğunda müdafiənin mərkəzində kapitan Serxio Ramosa böyük oyun təcrübəsi az olan Naço tərəfdaşlıq edəcək.

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

11 aprel

22:45. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Turin, “Yuventus” stadionu

22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa)
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, “Siqnal İduna Park”

12 aprel

22:45. “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə)
Madrid, “Visente Kalderon” stadionu

22:45. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)
Münhen, “Alyans Arena”

Həmçinin oxuyun

Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir