Bazar ertəsi , Avqust 19 2019
Home / iqtisadiyyat / İqtisadiyyatda “partlayış” effekti – Ölkəyə milyardlar axacaq

İqtisadiyyatda “partlayış” effekti – Ölkəyə milyardlar axacaq

“Prezident İlham Əliyevin azad iqtisadi zonalarla (AİZ) bağlı son sərəncamı Ələtdəki AİZ-in də yaradılması işini sürətləndirəcək. Aparılan hesablamalara və texniki-iqtisadi əsaslandırmaya görə, lazımi hüquqi rejim və bütün şərtlər tətbiq olunarsa, Ələt AİZ-i 2040-cı ilədək Azərbaycan iqtisadiyyatına kumulyativ, yəni “partlayış” effekti ilə 57 milyard dollarlıq töhfə verə bilər. Bu çərçivədə ölkədə 60 min əlavə iş yeri açıla bilər”.

Bunu Milli.Az-a açıqlamasında Prezident İlham Əliyevin Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətini şərh edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji Planlaşdırma və İnkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, bütün hesablamalara görə, Ələtdəki AİZ effektiv olacaq və ölkə iqtisadiyyatına milyardlarla xeyir verəcək: “Ələtdəki yeni Bakı Limanının tikintisi 3 faza üzrə davam edir. Birinci fazanın tikintisi bu ilin sonunda bitməlidir. Neft terminalsız Ələtdə təkcə limanın yükaşırma qabiliyyəti 15 milyon ton və ya 100 min konteyner olacaq. Yeni Bakı Limanı əlverişli coğrafi mövqeyinə görə seçilib. Liman həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizinin tam mərkəzində yerləşir. Buradan Rusiya və İrana, Bakı-Tiflis-Qars dəmiryolu ilə Türkiyəyə, Qara Dənizə və oradan Avropaya çıxış imkanı var. Dünya təcrübəsi göstərir ki, AİZ-lərin limanlarda yerləşməsi səmərəli olur. Ona görə də Ələtdəki AİZ buradakı liman ətrafında yaradılacaq. Limanın ərazisi də Zonaya daxil olacaq.

Qeyd edim ki, Prezident İlham Əliyev 17 mart 2016-ci il tarixində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt Terminalı) ərazisi daxil olmaqla, Azad Ticarət Zonası (ATZ) tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın icrasının təmin olunması məqsədilə 7 sentyabr 2016-cı il tarixində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti arasında müqavilə imzalanıb. Şirkət artıq AİZ-in Baş Planını və hüquqi rejiminin layihəsini hazırlayaraq bizə təqdim edib, biz də öz növbəmizdə onu İqtisadiyyat Nazirliyinə təqdim etmişik. Texniki-iqtisadi əsaslandırmaya görə, burada bütün faktorlar – həm ticarət axını, həm regiona alternativ marşrutlardan yük axınları nəzərə alınıb. Konsepsiyanın məğzi Ələtdən 1000 km radiusda yerləşən bazarlara çıxış imkanının təmin edilməsindən ibarətdir. Bu o deməkdir ki, 130 milyon əhalinin yaşadığı bazara çıxış imkanı var. Araşdırmalar zamanı 200-dən çox seqment təhlil olunub. Onlardan ən effektivi 4 sektor üzrə 13 sənaye seqmenti seçilib. Baş Plana əsasən, AİZ-də artıq hansı seqmentin hansı hissədə yerləşəcəyi də artıq müəyyənləşib. Yəni bu qədər dəqiqliyinə qədər təhlillər aparılıb. AİZ-də xüsusi hüquqi rejim olacaq. Milli Məclis bununla bağlı qanun qəbul edəndən sonra böyük ehtimalla, ilin sonuna artıq ilk qeydiyyat başlaya bilər. Prezident İlham Əliyevin sərəncamı isə konsepsiya üzrə verilmiş təkliflərin gömrük, vergi, sərhəd, miqrasiya, nəqliyyat və s. sistemlərlə uyğunlaşdırması işini daha da sürətləndirəcək. Bütün meyarlar üzrə müəyyən edilib ki, Ələtdəki AİZ effektiv olacaq”.

X.Həsənli qeyd edib ki, burada bütün sahibkarlara əlverişli şərait yaradılacaq: “Konsepsiyaya əsasən, torpaq sahəsi ayrılır, baza infrastruktur qurulur və investorlara deyilir ki, bu sektorlar daha səmərəlidir və ora investisiya qoya bilərsiniz. Xarici investor investisiya qoyanda ilkin olaraq tikinti üçün həm yerli əmək bazarından işçi qüvvəsi cəlb edəcək, həm də yerli materiallardan istifadə edəcək. Bu ilk növbədə tikinti sektoruna töhfə verəcək. Növbəti mərhələdə əlavə dəyər yaradılaraq məhsullar istehsal ediləcək. Şərqdən bizə xammal gələcək, bizdən Qərbə isə həmin xammala əlavə dəyər veriləcək və burdan son məhsul ixrac ediləcək. Ələt AİZ-in də üstünlüyü onda olacaq ki, bura xammal gələcək, burada isə son məhsula çevrilib regional bazarlara yönəldiləcək. Yəni “idxal-əlavə dəyər qazanmış məhsul-ixrac” prosesi baş verəcək. Bunun üçün sahibkarlara lazımi münbit şərait yaradılacaq. Onlar üçün ən önəmli şey olan vergi və gömük güzəştləri tətbiq olunacaq. Asan biznes qurmaq üçün qeydiyyat “bir pəncərə” prisinipi üzrə aparılacaq. Konsepsiyaya əsasən, Ələtdə “best of best”, yəni ən yaxşı təcrübə tətbiq olunacaq. Sahibkar üçün bütün məhdudiyyətlər aradan götürüləcək. Bundan sonra ona istehsal etdiyi məhsulu son bazara çıxarmaq üçün ona anbar və nəqliyyat xidməti təklif olunacaq. Burdan cəmi 200-300 km şimala və cənuba getməklə İrana, Rusiyaya, 400-500 km qərbə Gürcüstana, oradan da Qara Dənizə, bir o qədər də məsafə şərqə isə Orta Asiyaya çıxış əldə etmək olur. Sahibkar üçün bundan yaxşı konsepsiya ola bilməz. Dünyada çox AİZ var, amma onların hamısı effektiv olmur. Amma Ələt AİZ-in çox effektiv olacağı proqnozlaşdırılır.

Neft sektorunda Hasilatın Pay Bölgüsünə dair sazişlərin fərqliliyi ondadır ki, onlar tam fərqli qanunla tənzimlənir. Ələtdəki AİZ də oxşar mexanizmlə tənzimlənəcək. Burada bütün iqtisadi məsələlər, mübahisələr beynəlxalq məhkəmələrdə, məsələn Londonda həll oluna bilər. İnvestora böyük investisiya yatırmaq üçün layihənin həm iqtisadi, həm də hüquqi tərəfi maraqlıdır. O, əmin olmalıdır ki, yatırdığı sərmayə toxunulmayacaq, qorunacaq. Bizim Azərbaycan qanunvericiliyini onlara izah etməyimiz əlavə vaxt və maliyyə sərfinə gətirib çıxara bilər. Amma dünyada hazır brend kimi formalaşmış və tam qəbul edilmiş hüquqi rejimlər var. Biz də onu tətbiq etməklə vaxt itirməkdən investoru cəlb edə bilərik. Ona görə də bizim konsepsiyada Ələt AİZ-dəki münasibətlərin də beynəlxalq hüquq normaları ilə tənzimlənməsi təklif olunur. Dövlət başçısının sərəncamı ilə yaradılmış işçi qrupu isə onun necə tətbiq olunmasını, prinsiplərini, incəliklərini müəyyən edəcək, detalları aydınlaşdıracaq”.

Şöbə müdirinin fikrincə, bura dünyada tanınmış şirkətlərin, brend developerlərin cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır: “Əgər bunlar olmazsa, investorların cəlb edilməsi çətinləşəcək. Dünya təcrübəsinə görə, adətən belə zonalar yaradılanda ilk növbədə tanınmış şirkətləri cəlb edirlər. Çünki investorlar adətən həm yaradılmış lazımi hüquqi rejimə və həm də tanınmış şirkətlərin adına görə gəlirlər. Biz bir beynəlxalq şirkət yaradana və onun reklamını aparıb tanıdana qədər illər keçər. Amma “DP World” artıq dünyada bir brenddir. Onun marka kimi burada mövcud olması artıq investorlarda əlavə sual və qorxu yaratmayacaq”.

İlkin İzzət

Milli.Az

Həmçinin oxuyun

Ekoloji qanunvericiliyin pozulmasına görə 32 min manatdan çox ödəmə tətbiq edilib

1-15 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir