Cümə axşamı , Sentyabr 17 2020
Home / iqtisadiyyat / Maliyyə Nazirliyi 18 milyon manat artıq və əsassız ödənişi büdcəyə qaytardı

Maliyyə Nazirliyi 18 milyon manat artıq və əsassız ödənişi büdcəyə qaytardı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il 13 büdcə təşkilatına və nəzarət zərfi dövlətə məxsus bir səhmdar cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.

MediAktiv.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda hənçinin deyilir ki, 4 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri bir neçə şəhər və rayonda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirib. Aşkar olunan 26,292 milyon manat məbləğində artıq və əsassız ödənişlərin 14,965 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər fəaliyyət dövrünü əhatə edən yoxlama ilə ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərini sifarişçilər ödəmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Yoxlama zamanı bir sıra təchizatçı şirkətlərin öhdəlikləri və lizinq müqavilələri üzrə ödənilməmiş borclardan 14,3 milyon manat vəsaitin “Aqrolizinq”in hesabına, 0,052 milyon manat vəsaitin isə dövlət büdcəsinə qaytarılması təmin edilib, həmçinin, bəzi şirkətlərə göstərilmiş aqrotexniki xidmətlər üzrə 7,5 milyon manat dövlət vəsaitinin 2020-ci ilin sentyabr ayına qədər geri qaytarılması öhdəliyi üzrə təminedici tədbirlər həyata keçirilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin apardığı yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq 5 büdcə təşkilatı üzrə 1,676 milyon manat məbləğində artıq və əsassız ödənişlərə dair yoxlama materialları, eləcə də “Aqrolizinq” üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11,259 milyon manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilib. 

Hesabat dövründə Xidmətin mütəxəssisləri aidiyyəti hüquq mühafizə orqanlarının müraciətlərinə və məhkəmə qərarlarına əsasən 13 təşkilatda aparılan yoxlama ilə 3,523 milyon manat məbləğində artıq və əsassız ödənişləri aşkar edərək (3,296 milyon manatı bərpa edilib) yoxlama materiallarını müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə təqdim edib.

Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları 20 qurumda zəruri araşdırmalar aparıb, cəmi 0,007 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edərək (0,004 milyon manatı bərpa edilib) aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədləri müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 73 nəfər vəzifəli şəxsə 0,066 milyon manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib, aşkar edilən 0,043 milyon manat məbləğində artıq və əsassız ödənişlərlə əlaqədar (0,033 milyon manatı bərpa edilib) 3 qurum üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.

Ümumilikdə, 2019-cu ildə aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 29,822 milyon manat məbləğində artıq və əsassız ödənişlərin 18,264 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib. 

Həmçinin oxuyun

Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır. MediAktiv.az bu barədə …