Bazar , İyul 12 2020
Home / iqtisadiyyat / Muxtar respublikada istehsal olunan məhsulların satış bazarları genişlənir

Muxtar respublikada istehsal olunan məhsulların satış bazarları genişlənir

İxrac hər bir ölkənin davamlı iqtisadi artımının təmin olunmasında vacib rol oynayır. Məlum olduğu kimi ixracın artması bir tərəfdən milli gəlirin yüksəlməsi ilə yanaşı, digər tərəfdən xarici valyuta ilə bağlı çətinlikləri aradan qaldırmaqla ümumi iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Bu səbəbdən ixracın artırılması ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılmasına yönəlmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması isə yerli istehsalçılara ixrac imkanlarından tam yararlanmaq fürsəti yaradır. Belə ki, ötən dövrdə bu istiqamətdə mühüm işlər görülərək muxtar respublikanın sosial-iqtisadi imkanları daha da genişləndirilmiş, iqtisadi perspektivləri nəzərə alınaraq lazımi infrastruktur yaradılmışdır. Təbii ki, bütün bunlar daxili bazarın hərtərəfli təminatında əsas rol oynamış, idxal məhsulların həcmi dəfələrlə azalmışdır. Artıq muxtar respublikada yerli və idxal xammal əsasında işləyən çox sayda sənaye müəssisələri fəaliyyət göstərməkdədir.

Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilən quruculuq işlərində və ixrac potensialında “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin payı böyükdür.

2010-cu ildə yaradılmış və tamamilə yerli xammal əsasında fəaliyyət göstərən bu müəssisə muxtar respublikanın təbii sərvətlərindən daha səmərəli istifadə etməklə travertin və mərmər emalı üzrə ixtisaslaşmışdır. Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsində mühüm rol oynayır.

Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Gündəlik istehsal gücü 2500 kvadratmetr olan müəssisədə bej, oliv, siyonid və  travertin məhsulları ilə yanaşı, qara inci mərmər də istehsal edilir. Müəssisədə tam avtomatlaşdırılmış müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin burada əl əməyinə əsaslanan dekorasiya sahəsi də fəaliyyət göstərir. Müəssisəyə verilən hər hansı bir sifarişə uyğun travertinin üzərində oyma üsulla naxışların işlənməsi mümükündür.

Müəssisədə istehsal olunan yüksək keyfiyyətli məhsullar xarici bazarlara çıxarılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Respublikamızda və xarici ölkələrdə keçirilən biznes forumlarda müəssisə nümayəndələrinin iştirakı və beynəlxalq sərgilərdə müəssisədə istehsal olunan məhsulların nümayişi təmin edilmiş, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olmuşdur. Həyata keçirilən kompleks tədbirlər, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti öz bəhrəsini vermiş, cari ilin ötən dövrü ərzində “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələrində hazırlanan 1555 ton travertin daş məhsulları sifarişə uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında Gürcüstan Respublikasına göndərilmişdir. Bu tədbirlərin davamı olaraq istehsal olunan 250 ton travertin bu gün Gürcüstan Respublikasına yola salınmışdır.

İxrac ilində İqtisadiyyat Nazirliyi tərəfindən xarici ölkələrdə ixracatçılarımıza dəstək ola biləcək təşkilati tədbirlər görülmüş, yerli istehsal məhsullarından olan vafli, tütün məmulatları (siqaret), travertin, mərmər, mineral sular Gürcüstan, Türkiyə, ABŞ, İraq, Ukrayna, Əfqanıstan, Belçika Krallığı, Türkmənistan kimi ölkələrə ixrac edilmişdir. İxrac edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etmək məqsədilə 52 hаldа mənşə sertifikatın verilməsi xarici ölkələrə məhsul ixracını asanlaşdırmışdır.

Sənaye məhsullarına ixracla bağlı geri ödəmə mexanizminin tətbiq olunması da muxtar respublikada istehsal olunan məhsulların ixracının stimullaşdırılmasında mühüm rol oynayır. Qeyd edək ki, cari ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 11 müraciət daxil olmuş və ixrac olunmuş sənaye məhsulları üzrə 21 min manatdan çox ixrac təşviqi ödənilmişdir. 

Bu gün muxtar respublikada sahibkarlara göstərilən böyük diqqət və qayğı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikada istehsal olunan ixrac imkanlarını artırmış, iqtisadi əlaqələri daha da genişləndirmiş, yerli malların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Həmçinin oxuyun

Muxtar respublikada təbiətə qayğı göstərilir – FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə yanaşaraq demişdir: “Ekoloji məsələlərə diqqət, …