Bazar ertəsi , Fevral 22 2021
Home / Mədəniyyət / Dönüb geri baxanda…

Dönüb geri baxanda…

Yasəmən Ramazanova- bu ad hələ 1970-ci illərdən teatr sevərlərə və sənət adamlarına yaxşı tanışdır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası, Xalq artisti Yasəmən Ramazanova ömrünü sənətə, teatra həsr edən bir sənətkardır. Hələ 1970-ci illərdə Naxçıvan şəhərində fəaliyyət göstərən Xalq teatrında hazırlanan tamaşalarda həvəskar kimi başladığı sənət yolu onu o zaman İncəsənət institutu adlandırılan ali təhsil ocağına, oradan isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına gətirib. İstedadı və bacarığı ilə tələbəlik illərindən seçilən  gənc Yasəmən rejissor  Lütfi Məmmədbəyovun dəvəti ilə  yazıçı-dramaturq Mehdi Hüseynin “Alov” tamaşasında Səriyyə roluna çəkilir. O zaman Azərbaycan Televiziyasında hazırlanan bu televiziya tamaşasında Həsənağa Turabov, Fuad Poladov, Kamal Xudaverdiyev, Vəfa Fətullayeva , Yaşar Nuri və digər görkəmli sənətkarlar iştirak edirdilər. Bu super peşəkar ansambıla qatılan 20 yaşlı gənc tələbə-aktrisanın oyunu heç də onlardan geri qalmırdı. 

Yasəmən Ramazanova Naxçıvan teatrının səhnəsində bir-birindən maraqlı rollar yaratmağa başladı. Onun ifasında dram, faciə, komediya eyni ustalıqla tamaşaçıya təqdim edilirdi. Az bir zamanda seyriçilərin sevimlisinə çevrildi. Hətta afişalarda onun adını görüb tamaşalara gələnlər də az deyildi. Musiqi duyumu və səsi onu musiqili komediyaların qəhrəmanına çevirmişdi. Həmin illərdə bu teatrda fəaliyyət göstərən tələbkar və peşəkar aktyorların rol aldığı tamaşalarda uğur qazanmaq çox böyük bacarıq və ciddi zəhmət tələb edirdi. Amma həyatını və ömrünü bu sənətə həsr edən, onu sonsuz məhəbbətlə sevən Yasəmən xanım üçün bu o qədər də çətin olmadı. Burada Xədicə Qazıyeva, Firuzə Əlixanova, Miribrahim və Zəroş Həmzəyevlər, Sofya Hüseynova, Roza Cəfərxanova, Kazım Hüseynov, Əyyub Haqverdiyev, İsgəndər Abdullayev, Aydın Şahsuvarov,  İbrahim Bənəniyarlı, Nəzakət Xudiyeva  və digər sənətkarlarla səhnəyə çıxmaqla bərabər onların məktəbini də əxz elədi.   Keçdiyi məktəb və istedadı ona bu işdə kömək oldu.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və 1980-ci illərdə çox məşhur olan “Cavid” Poeziya Teatrının səhnəsində ifa etdiyi obrazlar: Nina, Göyərçin, İsmət, Afət (“Şeyx Sənan”, “Uçurum”, “Ana”,”Afət” Hüseyn Cavid), Gültəkin (“Aydın” Cəfər Cabbarlı), Gülnaz (“O olmasın bu olsun” Üzeyir Hacıbəyov), Ənbər (“Füdzi dağında qonaqlıq” Çingiz Aytmatov, Kaltay Məhəmmədcanov), Zenfira (“Qaraçılar” Aleksandr Puşkin), İnanc xatun (“Atabəylər” Nəriman Həsənzadə), Lamiyə (“Dodaqdan qəlbə” Rəşad Nuri Güntəkin), Ceyran xanım (“Ağa Məhəmməd şah Qacar” Əli Əmirli) və digər obrazlar təkcə baxımlığı ilə deyil, orijinallığı ilə də tamaşaçıların yadında qalıb. 

Bununla yanaşı Yasəmən xanım 1980-ci illərdən başlayaraq  Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə də sıx əməkdaşlıq edib. Telviziya və radioda hazırlanan müxtəlif tamaşalarda aktrisa, bəzi verilişlərdə isə aparıcı kimi çıxış edib. Eyni zamanda dövlət əhəmiyyətli tədbirlərin aparıcısı olaraq ictimai işlərdə də fəallıq göstərib. Hətta Azərbaycan komsomolunun 31 və Ümumittifaq komsomolunun 19-cu Qurlrutayının nümayəndəsi olub. Bu isə o zamanlar hər bir gəncin ən böyük arzusu idi.    

Yasəmən Ramazanovanın oyandığı rollar ona görə təbii və canlı alınır ki, o bütün obrazlara tələbkarlıq və savadla yanaşır. Obrazın daxili aləminə varma, onu mənimsəmə və özününküləşdirmə bu aktrisanın daxili aləminin zənginliyindən xəbər verir.

Etiraf edək ki, 1990-cı illərdə əldə etdiyimiz müstəqillik və iqtisadiyyatın yenidən qurulması digər sahələr olduğu kimi, mədəniyyətə də xoşagəlməz təsir etdi. Amma ömrünü bu sahəyə birdəfəlik bağlayan insanlar, sənətkarlar bu imtahadan uğurla çıxdılar. 1990-cı illərin əvvəlində Yasəmən Ramazanova gənc aktrisa kimi   Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsini tərk etmədi. Əksinə, o vaxtlar teatrda hazırlanan bütün tamaşalarda çıxış etdi. Yeni mədəni əlaqələrimizin yarandığı Türkiyə Respublikasının Naxçıvanla qonşu şəhərlərinə təşkil edilən tamaşalardakı çıxışı ilə qardaş ölkənin də sənətsevərlərinin rəğbətini qazandı.   

Aktyor üçün ən mühüm amillərdən bir də müşahidə bacarığıdır. Bu xüsusiyyət güclü  olan sənətkarlar səhnədə  həm də rejissor kimi uğur qazanırlar.   

Bu qabiliyyətə malik olan Yasəmən xanım Naxçıvan teatrında rejissor kimi də fəaliyyət göstərib. O,  H.Cavidin “Afət”, C.Xuqayevin “Mənim qayınanam” tamaşalarına ustalıqla quruluş verib. Yaxşı təşkilatçılıq və idarəetmə bacarığı olan aktrisa 2005-ci ildən 2016-cı ilə kimi M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri-direktoru vəzifəsində çalışıb. Kukla Teatrının  səhnəsində H.Cavidin “Ana”, G. Kərimovanın “Nəğməkar bülbül”, Ş.Qüdrətoğlunun “Ağ atlı oğlan”, A.Şaiqin “Yazıya pozu yoxdur”, “Gözəl bahar” , Z.Vedilinin “Təpəgöz” , C.Məmmədquluzadənin “Çay dəstgahı”, S. Canbaxşiyevin “Cik-cik xanım” əsərlərini uğurla tamaşaya qoyub. Ü. Hacıbəylinin “Arşin mal alan” operettası isə ilk dəfə Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində marionetka üslubunda məhz onun rejissorluğu ilə tamaşaya qoyulub. Bu isə kukla teatrı üçün  tamamilə yeni bir  forma idi.

Onun rəhbərliyi dövründə Kukla Teatrı  ölkə səviyyəsində, İran, Türkiyə, Tacikistanda keçirilən beynəlxalq festivallarda mədəniyyətimizi uğurla təmsil edib, müxtəlif təltiflərlə geri dönüb. Hətta 2014-cü ildə Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən Kukla Teatrlarının Beynəlxalq Festivalında təşkilatçılar tərəfindən “İlin  qadını”  seçilib. Bu isə Yasəmən xanımın yaradıcılığına və zəhmətinə beynəlxalq səviyyədə verilən dəyərdir.

Yasəmən Ramazanovanın teatrımızın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub.

Əsl sənətkar və sənət adamı üçün teatr həmişə doğma ev, yaradıcılıq məbədi olub. Bu gün də Xalq artisti Yasəmən Ramazanova Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındadır. O, bu sənəti varlığı qədər sevir, bəlkə də elə bu sevginin nəticəsidir ki, yeganə övladı Mir Qabil Əkbərovu da bu istiqamətə yönləndirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasını bitirən Mir Qabil təkcə maraqlı və özünəməxsus tərzdə  tamaşalar hazırlamayıb, hətta Bakıda özünün “Şah Mat” Teatrını da yaradıb.

  Bu gün yanvarın 25-də Yasəmən xanım özünün doğum gününü qeyd edir. Geri boylanıb baxanda onu tamaşaçılarla yanaşı arxada qalan illərdən Səriyyə (“Alov”), İsmət (“Ana”),  Afət (“Afət”), Gülnaz (“Məşədi İbad”), Gültəkin (“Aydın”), İnanc xatun (“Atabəylər”), Ceyran xanım (“Şah Qacar”) və yüzdən artıq obraz salamlayır.   

Səməd CANBAXŞİYEV

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə 106 yeni abidə aşkarlanıb

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 …