Cümə axşamı , Dekabr 3 2020
Home / Mədəniyyət / SÜLH VƏ BARIŞ CARÇISI

SÜLH VƏ BARIŞ CARÇISI

Dünyanın bugünkü inkişafı fonunda dahi Azərbaycan mütəfəkkir-şairi Hüseyn Cavidin sənəti öz aktuallığı ilə daha çox əhəmiyyət qazanır. Böyük şairin “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!” müdrik kəlamı bir şüar olaraq dillər əzbərinə çevrilib öz xilaskar dahisini axtaran müqəddəs ayə təsirini buraxır. Azərbaycan romantizminin qüdrətli nümayəndəsi və bayraqdarı Hüseyn Cavidin qüdrətli bir sənətkar olaraq oxucuların qəlbində “Şeyx”Sənan, “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş”, “Azər” və başqa əsərlərilə əbədilik bir taxt qurmuşdur. Onun bütün yaradıcılığı insan və onun taleyi haqqında qayğıları ifadə edir. Ədalət və sülh carçısı olan Hüseyn Cavid bütün bəşəriyyətin taleyi haqqında qayğılanır və onun nicatı uğrunda çarpışıb-dururdu. Bu mənada onun yaradıcılığı bütün dünya ədəbiyyatı üçün əhəmiyyətlidir və ədəbiyyat adlı kainatda bir qalaktikadır. Təsadüfi deyil ki, Hüseyn Cavid sənətinin birinci pərəstişkarı və onun böyük hamisi olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onun yaradıcılığına yüksək qiymətini ifadə edərək demişdir: “İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır”. Dahi lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərinin mərkəzində ağ mərmərdən ucaldılan Cavid Məqbərəsi də bütün bəşəriyyəti sülhə səsləyən bir rəmz olaraq ucalmaqdadır.

İblis nədir? Cümlə xəyanətlərə bais…

Böyük Cavid bütövlükdə bəşəriyyətin nicatı üçün qayğılanırdı. Bu humanist sənətkar şərin və fəlakətin mənşəyini və əhatəsini araşdırırdı. Bu baxımdan onun yaradıcılığında insanların fəalkətinə səbəb olan bütün qüvvələr şər – İblis deyə ümumiləşdirilir. Buna görə də iki dünya müharibəsi görən böyük sənətkar “İblis” və “İblisin intiqamı”nı yazıb.

Məhz bu gün dünyamızda ictimai və siyasi böhranın, qarşıdurma və ziddiyyətlərin yaşandığı bir vaxtda, xüsusilə böyük mütəfəkkirin mənsub olduğu xalqının ədalətsizliyə uğradığı, vətən torpaqlarının işğaldan azad olunması uğrunda həmrəyliklə mücadilə verdiyi bir zamanda bu böyük mütəfəkkir-sənətkarın haqq, ədalət və sülh ideyası kəsb edən əsərləri də daha çox aktual görünür. Hüseyn Cavid yaradıclığı bütün insanlar, bəşəriyyət üçün sülh və barış ideyası kəsb edirdi, amma öncə Haqq və Ədalət deyə tələb edirdi. Çünki Haqqın və Ədalətin olmadığı yerdə sülhdə, barış da ola bilməz. Buna görə də böyük ədib təkcə bəşərin deyil, mənsub olduğu xalqının, vüqarlı millətinin müztərib qaldığı dərdlərindən, başına açılan bəlalarından da yazır, düşmənə – Şərə, İblisə lənət oxuyurdu. Anadolu hərbzadələrinə müraciətlə yazdığı məşhur “Hərb və fəlakət” adlı əsərində böyük humanist sənətkar yazırdı:

Önümdə dalğalanır tеyflər, qızıl qanlar,

Başımda patlıyor atəşli, sisli vulkanlar.

Təcəssüm еtmədə qarşımda bir cihani-ələm,

Dönüb də tərsinə guya yanar bütün aləm.

…Yaqar, yıqar, əzilir, məhv olur, basar, basılır,

Vətən yolunda ölür, öldürür, asar, asılır.

Humanist sənətkar 1918-ci ildə qələmə aldığı, dəhşətlərindən iztirab çəkdiyi mənfur və xain faşist ermənilərin Qars və Oltu ətrafında törətdikləri qanlı faciə-qırğının kədərli mənzərəsini göstərərək yazırdı:

O titrəşib-mələşən yavrular niçin çabalar?

Niçin yanar əli qoynunda müztərib analar?

O qız, gəlin, o sönən hicləgah, o yaslı dügün,

Nədir o mənzərə? Bir an təsəvvür еt də düşün.

Tuhaf dеyilmi!? Hənuz irmədən bahari-ümid,

Kəfənli çölləri al lalələr qılar təmcid.

O qarlı dağları təzyin еdən qızılgüllər

Dеyil cənazə… birər xəndədir, həyata gülər.

…Gülər ədalətə, insafa, haqqa, vicdana,

Gülər həqayiqi-İncilə, hökmi-Qurana…

Böyük Cavidin bu kədərli, acılar ifadə edən sözləri oxunduqca həm də o faşist ermənilərin bir də Azərbaycanda – Xocalıda törətdikləri dəhşətli soyqırımı aktının tükürpədici hadisələri gözlər önündə canlanır. Cavid bu dəhşətlər qarşısında mərhəmətsizcə öldürülmüş körpə balaların cansız cənazələrinin dünyada sülhdən, barışdan, haqdan, ədalətdən dəm vuran və əldə bayraq edilən dinlərinə gülüş qoparır. Ona görə gülüş ki, varlığı mübhəm olan o bir Allah dinləri, peyğəmbərləri və müqəddəs kitabları ilə bütün insanlığa xoşbəxtlik, səadət və sülh gətirmək əvəzinə erməni kimi faşist düşüncəli, terror əqidəli və qaniçən əməlli etnik qruplar xristianlığı ideoloji silaha çevirərək müsəlman türklərə, azərbaycanlılara qan və ölüm yaşatmaq istəyirlər. Cavidin təbirincə məhz İblis onlardır: onlar ki, qəlbləri, əməlləri, düşüncələri xaindir və xəyanətkardır. Məhz onlar ki, məzlum donuna girib insanlara və insnlığa fəaləkət yaşadır, bəşəriyyəti yalançı “Böyük Ermənistan” faşist-millətçi ideologiyası uğrunda terrost əməllərilə qanda boğmaq istəyirlər. Görkəmli ədib bütün bəşəriyyətin həyatı və taleyini əks etdirdiyi “İblis” və “İblisin intiqamı” əsərlərində bütün münasibətlərin pozulma, bədbəxtlik yaratma səbəblərini əks etdirirdi. Buna görə də:

…Sellər kimi axmaqda qızıl qan

Canlar  yaxar, evlər yıxar insan!.. –

deyə ədib bütün şər niyyətləri öz daxilində, niyyətində gizlədən insanı iblis olaraq göstərir, şəri də bəşəriləşdirərək insanın, cəmiyyətin özünə bağlayırdı. Buna görə çox doğru deyilmişdi ki, Hüseyn Cavidin “Hərb və Fəlakət”, “Hərb İlahı qarşısında”, “İblis” və “İblisin intiqamı” kimi əsərləri müharibə əleyhinə yazılmış ən sanballı əsərlərdəndirlər.

Bəşəriyyəti “qəhr etmədə” olan müharibələrə qarşı nifrət “İblis” əsərinin leytmotividir. Təsadüfi deyil ki, bir-birindən gözəl və daha dərin mənalı əsərləri olan Cavidi “İblis” əsəri ilə  daha çox  tanıyırlar. Cavid bir sənətkarlıq və şəxsiyyət qüdrətilə bütün bəşəriyyətə, cəmiyyətə bədbəxtlik, qarşıdurma və savaş gətirən qüvvələri təqdim edirdi. Xalq ədəbiyyatından, Firdovsinin “Şahnamə”sindən başlayaraq bu günə qədər Azərbaycan və dünya ədəbiyyatında şərin – İblisin ən mükəmməl obrazını və hətta “tərifini” böyük Cavid verməyə nail olmuşdu: İblis nədir? Cümlə xəyanətlırı bais…Ya hər kəsə xain olan insan nədir? İblis… İblisin məşhur monoloqu da məhz şər ünvanlarını konkret olaraq tanıdırdı:

…Mənsiz də  əmin ol sizə rəhbərlik edən var.

Qan püskürən, atəş sovuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,

Altun və qadın düşkünü davanə bəbəklər.

Min hiylə quran, tülkü siyasilər, o hər an

Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü-şər, zülmü-xəyanət,

Onlar duruyorkən məni təhqirə nə hacət.

Onlar, əvət onlar sizi çeynətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi.

Buna görə də “İblis” və “İblisin intiqamı” əsərlərini yazan, dünyanı parçalayan və hökm edən qüvvələri göstərən Cavid dünyanı birliyə və xoşbəxtliyə dəvət edən yolu da göstərməyi qarşısına vəzifə qoyurdu. Bəşəri dəyərlər və humanist ideallarla yaşayan və yazan böyük sənətkar Cavid həm də mənsub olduğu türk xalqını, onun övladlarının qəhrəmanlığını da öygü ilə əks etdirirdi. Qəhrəman və müzəffər türk övladları dünyanın başını sarsan bəlaları dəf etməkdə bütün rə.şaditlə iştirak edir, insanlara xoşbəxtlik, millətlərə saədət və sülh bəxş edilməsində canı ilə, qanı ilə iştirak edirdi. “İblis” əsərində əks etdirilən Vasif obrazı məhz belə bir obaraz idi. Vasif bir türk zabiti kimi türk millətinin bəşəri bəlalara qarşı müzəffər mübarizəsi və sülh naminə qəhrəmanca mücadiləsini əks etdirir. O qorxmaz, cəsur olduğu qədər də mərhəmətli və humanistdir. Ustad sənətkar ümumən Vasif və Elxan obrazlarının simasında türk milli mücadiləsini, azadlıq və xeyirsevərliyini, şərə və zülmə qarşı müzəffərliyini təcəssüm etdirir. Bu mənada insan qəlbindən gələn, insan həyatından çıxan yaşantıları əks etdirən Hüseyn Cavid insanın dünənini, bu gününü, sabahını düşünən və düşündürən sənətkar kimi konkret hansısa zamanın deyil, zamanlarüstü bir sənətkardır. Təsadüfi də deyil ki, çox zaman onu “əsrin peyğəmbəri” də adlandırırlar.

Məhəbbətdir ən böyük din!..

Mənsub olduğu xalqının mənəvi dəyərləri ilə düşünən və sənət idealını yaradan Cavid əbədi xoşbəxtliyi və səadəti təkcə öz xalqı üçün yox, bütün insanlıq, dünya, bəşəriyyət üçün arzulayırdı. Buna görə də onun yaradıcılığında əgər problem olaraq insan və cəmiyyət taleyi aparıcı yer tuturdusa, onun həllində insanlara və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və xoşbəxtlik gətirəcək mütləq sevgi və məhəbbət ideyası nicat yolu hesab olunurdu. “Mənim Tanrım” şeirində yaradıcılıq qayəsi və yaşam kredosunu ümumiləşdirən sənətkar hər cür fəaləkətlərə və fəlakət səbəblərinə lənətlər yağdıraraq yaxşılığı, xeyiri, sevgini Tanrı deyə bəlli edirdi: Bənim Tanrım Gözəllikdir, Sevgidir! Bütün insanlara ayrıseçkilik qoymadan sevgi və məhəbbət arzulayan Cavid sülhə və barışa tərəfdar olaraq çıxış edir, elə bütün bəşəriyyətin də nicatını məhəbbətdə görürdü. Bu xüsusda Hüseyn Cavidin məhəbbət və sevgiyə estetik-ictimai baxış məzmununu şərh edən görkəmli cavidşünas Hənəfi Zeynallı da belə yazırdı ki, sevgi təbii (bioloji) bir fakt olduğu üçün heç bir din və heç bir milliyyət ilə əlaqəsi olmayacağını da ədib tamaşaçılara (və oxuculara) sezdirmək istəyirdi. 

Nəyi görmək dilərsiniz bilməm.

Yanıyor zülm içində həp aləm  –

deyə “Şeyx Sənan” əsərində ictimai-siyasi vəziyyətə qəzəb yağdıran, insan taleləri yönündə narahatlıq duyan görkəmli ədib bütün insanlar və insanlıq üçün xöşbəxtlik gətirən məhəbbəti ictimai məzmunda ictimai yaşayışın yeganə xilas yolu hesab edirdi. Elə görkəmli ədibin “Şeyx Sənan” əsərində iki kor ərəbin oxuduğu mahnıda da ədib məhz hiddət, yanğı və xüsisi ehtirasla :

Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?

Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı!

Tükəndi taqətü-səbrim, ədalət, ah, ədalət!

Nə öncə öylə səadət, nə böylə zillət olaydı –

deyə ictimai ədalət və mənəvi xilas tələb edirdi. Buna görə “Şeyx Sənan” əsərində ədibin yaratdığı Şeyx Sənan obrazının Xumara olan sevgisini xilas etmək üçün özünü uçuruma atıb məhv etməsini, heç bir sosial qrupa, ictimai mühitə yaxınlaşmamasını bir sıra tədqiqatçılar Cavidin yeni din və ya təriqət yaratması kimi izah edirdilər. Buna görə Hüseyn Cavid dini-ictimai ayrıseçkiliklər fövqündə bəşəriyyətə, cəmiyyətə həqiqət olaraq məhəbbəti, insanların biri-birinə olan sevgisini xilaskar olaraq gətirir və ideallaşdırırdı. Elə buna görə də humanist sənətkar:

Din bir olsaydı yer üzündə əgər,

Daha məsud olurdu cinsi-bəşər –

fikrinə gələrək, tədqiqatçılarının da dediyi kimi, yeni təriqət, yeni ictimai yaşayış yolu və düşüncə tərzi müəyyənləşdirirdi.

Bu baxımdan ustad sənətkar dərin ictimai-məzmun, mənəvi əhəmiyyət kəsb edən və estetik tərbiyə gücü olan “Peyğmbər” əsərini yazır. Xatirələrdən birində deyilir ki, Cavid əfəndi ondan son dövrlərdə nə yazdığını soruşarkən, ““İblis”i, “Peyğəmbər”i yazmışam, “Allah”ı da yazıram” , – deyə cavab vermişdir. Konseptuallıq baxımından da bu məntiqli və təbii idi. “Peyğəmbər” əsərində Cavid dünyanın xoşbəxtlik və səadət içində yaşayışı üçün öz ideallarını, inandığı yolu göstərir. Bu mənada sənətkar Şeyx Sənan əsərində olduğu kimi müəyyənləşdirmək istədiyi mənəvi yolu, düşüncə tərzi və ideyasını bu əsərində də davam və inkişaf etdirərək müəyyən edir. Peyğəmbər obrazı ilə özünün mənəvi, ictimai mücadiləsini sanki təqdim edən görkəmli ədib yeni cəmiyyət, yeni yaşayış qurmaq haqqında fikirlərini ortaya qoyur. Buna görə biz düşünürük ki, Hüseyn Cavid sovet dövrü yaradıcılığında dövrün konkret ideoloji tələbləri çərçivəsində yox, ədəbi-estetik tələbləri çərçivəsində yazmağa cəhd edirdi. 30-cu illərdə sənətin və ədəbiyyatın qarşısına qoyulan yeni cəmiyyət və həyat haqqında tapşırığa uyğun olaraq Cavid də öz ideallarını təqdim edirdi. Həmin dövrdə konkret olaraq Leninin, Stalinin rəhbər olaraq ideyalarını həyata keçirməklə yeni cəmiyyət və yaşayış qurmaq istəyən bolşeviklərə böyük sənətkar öz təbirincə rəhbər və yol timsalında Peyğəmbəri və onun ideyalarını təqdim edirdi. 

İnsanları bir-birindən,

Ayırammaz altun, gümüş.

İştə bizi ayırd edən,

Yalnız bilgidir, düşünüş –

 deyə insanları, xüsusilə rəhbər, başçı, liderləri bir-birindən fərqləndirmək meyarı da ortaya qoyurdu. Romantik sənətkar “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” – deyə rəhbərlik missiyası və fəaliyyətini müəyyənləşdirəcək meyarları da təqdim edirdi. Bəlkə elə ədibin:

Öylə bir əsr içindəyəm ki, cihan

Zülmü vəhşətlə qavrulub yanıyor.

Yüz çevirmiş də Tanrıdan insan,

Küfrü haq, cəhli mərifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı,

Məhv edən haqlı, məhv olan haqsız…

Başçıdır xalqa bir yığın cani,

Həp münafiq, şərəfsiz, əxlaqsız –

fikirləri konkret dövrdə ideologiya qüvvələrinin idarəçilik və yeni cəmiyyət quruculuğu fəlsəfəsinə münasibət ifadə edirdi, bir milli ziyalının ictimai proseslərə olan konkret rəyini göstərirdi. Buna görə ədib:

Bən məhəbbət əsiriyim… hər an,

Hər zaman özlərim bir öylə cahan

Ki, bütün kainatı eşq olsun,

Gönül uçduqca etila bulsun.

…Qandan əsla görünməsin də əsər… –

deyə özünün yeni cəmiyyət və yaşayış ideallarının məzmununu və tələblərini ifadə edir, sevgi, məhəbbət konsepsiyasının məzmununu açırdı. Buna görə “Məhəbbətdir ən böyük din” konsepsiyası məqsədli olaraq sovet dövrü ədəbiyyatşünaslığında başqa səmtə təhlil və izah edilərək müəllifini panislamist kimi təqdim edirdilər. Halbuki ədib dramaturji yaradıcılığının “Şeyx Sənan” tarixindən başlayaraq yeni cəmiyyət, həyat və yaşayış haqqında düşünür, öz fikir və düşüncələrini təqdim edirdi. Fikrimizcə, ədibin əsərlərində tez-tez müraciət etdiyi “təriq”, “din” kimi fikirləri isə öz ilkin mənasında deyil, yol, ideya mənasında ədibin bədii-estetik idealı başa düşülməlidir. Cavidşünas Gülbəniz Babaxanlının qeyd etdiyi kimi: “Cavid üçün məhəbbət… bütün millətləri, xalqları, birləşdirən ideologiya, dünyagörüşüdür, yəni bir dindir”. Yaxud görkəmli cavidşünas Rafael Hüseynovun sözlərilə desək: ““Peyğəmbər idim ümmətim olsa”, – deyən Cavid yerdə qələmi ilə, ölməz kitabları ilə insana mərhəmət və şəfqətin üzərində qibləgahı, pənahı, ilahisi Gözəllik və Sevgi olan yeni Təriqət, Yeni Din yaratdı – Məhəbbət Dini! Bu da Caviddən bizə qalan ən munis dua: Mənim Tanrım Gözəllikdir, Sevgidir!”. Bütün bu deyilənlər də onu göstərir ki, Hüseyn Cavid təkcə bir şair, sənətkar deyil, göründüyü kimi, o həm də bir düha, filosof, mütəfəkkirdir. Onun bütün yaradıcılığı, əsərləri onun həyata, dünyaya baxışlarının ümumi konsepsiyasıdır. O, təkcə göstərmək yox, həm də nicatın yolunu da müəyyənləşdirmək istəyi ilə yazırdı. Sənətkar bütövlüyü, ustalığı da burdadır. Sənətkar bütövlüyü elə burdadır ki, Hüseyn Cavid təkcə bəşəriyyətin başına açılan bəlaları göstərməklə qalmır, həm də onun nicat yolunu da müəyyənləşdirməyə cəhd edir. Bu da, sözsüz ki, Cavidin ömrü boyu yaşantılarının, həyat təcrübəsinin, müşahidə və düşüncəsinin, mütaliələrinin nəticəsi idi, bütövlükdə Cavidin şəxsiyyəti idi.

Humanist xalqın barışçı övladı…

Cavid bir sənətkar olaraq xalqının övladıdır. Onun mənsub olduğu xalqının əxlaqi-mənəvi sərvətləri, mədəniyyəti, həyata, dünyaya baxışları və sair ədibi bir şəxsiyyət olaraq yetişdirmiş, bir qüdrətli fikir adamı, sənətkar, ədib və mütəfəkkir kimi formalaşdırmışdır. Sənətkar bir növ öz xalqının “səsi”, dünyaya, bütün bəşəriyyətə verdiyi istedad və yaradıcılıq töhfəsidir. Demək, Cavidi dilə gətirən, onu sənətdə mövqeləşdirən elə onun xalqının da arzusu, istəyi, ideallarıdır. Buna görə də Hüseyn Cavidin bütün əsərləri milli taleyimizi əks etdirən əsərlərdir, deməli, milli sərvətimizdir. Hüseyn Cavidin bütün əsərləri milli zəmində yazılmış əsərlərdir. Ədəbiyyatın milli məziyyəti yalnız öz xalqının həyatını təsvir etmək yolu ilə əldə edilir. Bu baxımdan qüdrətli söz ustadı Hüseyn Cavid xalqının ən yetkin övladı kimi öz əsərləri və sözlərilə xalqının arzularını ifadə edir, xalqının qüdrətli sənətkarı və mütəfəkkiri kimi müdrik və humanist xarakterə sahib xalqı ilə birləşir, xalqının mənsub olduğu humanist və bəşəri dəyərləri öz yaradıcılığında təcəssüm etdirir. Hüseyn Cavid ona görə mütəfəkkir və filosofdur ki, görkəmli elm adamı akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi: “Onun yaradıcılığında “ideal həqiqət axtarıcılığı, xəyalla həqiqət arasındakı təzad, bu təzaddan doğan bəşəri kədərin bədii təcəssümü, hadisələrin daxili mənasına dərindən varmaq …fəlsəfi baxımdan şərh olunmuşdur”.

Cavidin bütün idealı, həyat amalı, qayəsi məhəbbətdən yoğrulmuşdu. “Topal Teymur” əsərindəki şair Kirmanın: “Məhəbbət! Məhəbbət! Əvət, bütün bəşəriyyəti xilas edəcək yanlız məhəbbətdir. Məhəbbətlə çırpınan  bir çoban qəlbi kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşları nəticəsində bir məhəbbət fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa… bütün həyata, bütün kainata nifrətlər olsun!” – deyə səsləndirdiyi sözləri görkəmli Azərbaycan ədibi və mütəfəkkiri Hüseyn Cavidin xalqının mənəvi sərvətləri və dəyərlərinin məntiqi yekunu kimi müəyyənləşdirdiyi həyat və yaradıcılıq idealı, amalı, qayəsi idi. Bu baxımdan çox doğrudur ki, Hüseyn Cavidin bütün yaradıcılığı Azərbaycan xalqının humanizmi və sülhsevərliyinin ifadəsidir.

P.S. Bu gün dünyanın ikiüzlü sifəti, dördlü standartları ilə haqlarına yanaşılan Azərbaycan dövləti 30 ilə yaxındır mənfur və xain düşmən olan ermənilər tərəfindən işğal edilmiş, yağmalanmış, əhalisi didərgin salınmış və qanına qəltan edilmiş əsir-yesir ərazilərini öz ağuşuna almaq, azadlığına qovuşdurmaq üçün birliklə mübarizə aparır. 30 il sülh üçün fədakarlıq edən, humanizmi əldə bayraq edən ölkəmizin səsini kimsə eşitmədi. Dünyada bənzəri olmayan Xocalı qətliamı məhz bu humanist xalqın başına gətirildi. Qədim və gözəl yurd yerləri əlindən alındı, əhalisi ya öldürüldü, ya da didərgin salındı, məscidləri donuz damlarına çevrildi, abidələri dağıdıldı və daha nələr, nələr. Amma kimsə Azərbaycan xalqının səsinə səs vermədi: işğal edilmiş ərazilərinə haqq tələb olunmadı, qətl edilmiş insanların zülmü yerdə qaldı, didərgin düşmüş əhalinin qayğıları heç bir xalqı narahat etmədi, öldürülən körpələrin, qadınların fəryadı qulaqlara yetmədi. Qudurğan düşmən bu səssizlikdən güc qazanaraq havadarlarının dəstəyi ilə yeni ərazilərin işğalı üçün yeni hərbə başladı. Yenə silahlar danışdı, yenə zülm Azərbaycanın dinc əhalisini, körpə balalarını hədəf seçdi, ailələrini dağıtdı. Bu dəfə səbri daşan Azərbaycan xalqı – onun Ali Baş Komandanı və müzəffər Silahlı Qüvvələri böyük rəşadətlə əks-hücum əməliyyatlarına başladı. Haqq savaşına qoşulan ölkəmizə albayraqlı qardaş Türkiyə Cümhuriyyəti dəstək verdi, “Yetdim, can Azərbaycanım!” dedi. “Ya Qarabağ, Ya ölüm, Başqa yolu yox artıq” deyən, “Qarabağ Azərbaycandır” hayqıran müzəffər Azərbaycan Ordusu düşməni doğma torpaqlarından “iti qovan kimi qovdu”, donuzu darıdan çıxardı. Bəli, böyük şairimiz Hüseyn Cavid demişkən: “Yoq, zəif için haq yoq!..Aciz için yoq hüquq…Cihanda haqq da, həqiqət də həpsi qüvvətdir”. Bəli, böyük şairimiz demişkən, yalnız ədalət bərpa olunarsa, insanların haqları qaytarılarsa, sülh də olar, barış da, birgəyaşayış da. Azərbaycan dövləti və ordusu Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatçısı, Azərbaycan torpaqları isə sülh evidir. Bu Sülh evindən müdrik sənətkar Hüseyn Cavid isə bir qoca türk baba olaraq xalqına, millətinin övladlarına vəsiyyət edərək deyir:

İlk istəyim: hiç bir zaman sеvgidən əl çəkməyin,

İnsan oğlu sеvgi için yaratılmış, doğmuşdur.

Yеr yüzünü qardaş bilin, insan qanı dökməyin,

Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur.

…Arslan kibi cəsur olun, fəqət haqsız çıqmayın,

Haqsızlığa qarşı qoyun, bıraqmayın şımarsın.

Zalımları, cəlladları çеynəyin, hiç qorqmayın,

Türk milləti, görülməmiş, boyun büksün, yalvarsın.

Əvət, arslan yavrularım! Türk еli həp şanlıdır,

Еlmas kibi ləkəsizdir, saqın, qafil olmayın.

Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır…

Arş iləri!

Qomşular yol aldı, gеri qalmayın!

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Həmçinin oxuyun

“Türkvizyon” gələn il Şuşada keçiriləcək

2021-ci ildə “Türkvision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər. MediAktiv.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat verib. …