Şənbə , Noyabr 21 2020
Home / Manşet / Naxçıvanda Ağdam doğmalığı yaşadım

Naxçıvanda Ağdam doğmalığı yaşadım

Naxçıvanda yaşayan həkimoftalmoloq Kəmalə Əliyeva. O da mənfur düşmənin işğal siyasəti nəticəsində doğulub-böyüdüyü yurd yerindən məcburi köçkün düşən minlərlə ağdamlıdan biridir. Ailə həyatı qurub və Naxçıvana köçüb. Hər zaman onunlaAğdam haqqında danışanda gözləri dolur, Ağdamda keçən uşaqlığından, işğal illərində şahid olduğu hadisələrdən ürək yanğısı ilə danışırdı. Budəfəki görüşümüz fərqlidir. Bu dəfə bizi Ağdamın işğal ildönümü deyil,Ağdamın azad olunması xəbəri görüşdürür. Qəlbimiz qürurla döyünür, gözlərimiz sevinc gözyaşları ilə dolur. Bir-birimizi təbrik edir, bu xoşbəxtliyi bizə yaşadan Ali Baş Komandana, Azərbaycan Ordusunun şəninə alqış söyləyirik.

Müsahibim Ağdamdan danışır

Mən 1981-ci ildə Ağdam şəhərində anadan olmuşam. Orta təhsilimi də orada almışam. Ağdam bizdən qoparılanda 11 yaşım var idi. Teztez gözlərimi yumub Ağdamı xəyal edirəm. İlk həsrətini çəkdiyim onun tərtəmiz,saf havası olur. Daha sonra meyvə ağaclımeşələri, dağları, çayları. “Hürünün meşəsi” deyilən bir meşə zolağı vardıAğdamda. Başdan aşağı cəviz ağacları əkilmişdi. Bilirsiniz, Ağdamda yaşıllıq zonası çox idi. Meşələrində elə yabanı ağaclar, bitkilər çox olmazdı. Daha çox əzgil, cəviz, fındıq ağacları yetişirdi. Rayonun relyefi əsasən düzənlik, qismən də dağlıq olduğuna görə əkinçilik, maldarlıq üçün çox əlverişli idi. Ərazisindən Qarqar və Xaçın çayları axır. Faunası və florası çox zəngindir. Bir faktı qeyd edim ki, Xarıbülbülə Şuşadan başqa, həm də Ağdamda rast gəlmək mümkün idi. Rayonun Abdal Gülablı kəndində eyniadlı meşə var. Burada gözoxşadıqca Xarıbülbül bitirdi. Ağdamın hər kəndində, hər küçəsində tarixi abidəyə, memarlıq-incəsənət nümunəsinə rast gəlmək olurdu. “Üzərliktəpə abidəsi”, “Qutlu Sarı Musa oğlu günbəzi”, Qarabağ xanı Pənahəli xanınAğdam şəhərindəki imarəti, Xan qızı Natəvanın və oğlunun türbələri, “Şahbulaq qalası” burada olan zəngin tarixin kiçik bir parçasıdır. Ağdam həm də dini-mədəniyyət beşiyi idi. Burada tikilən “Beşikdaş kilsəsi”, “Gavurqala kilsəsi”, “Kiçan monastrı”, məşhur “Ağdam cümə məscidi”, “Paprəvənd məscidi” onu deməyə imkan verir ki, burada hər cür inanc sahibi insanlara hörmət var idi. Heç vaxt dini ayrı-seçkiliyə yol verilmirdi. Bax, belə yer idi Ağdam.

Ağdamda gördüyüm müharibə dəhşəti

Ermənistanın Dağlıq Qarabağı işğal etmək üçün 1988-ci ilin fevralından başlatdığı hərbi təcavüzün ilk mərkəzi elə Ağdam olmuşdu. Ağdamın işğal olunması 1993-cü ilin iyul ayının 23-ü başa çatsa da, rayon 5 ilə yaxın var qüvvəsi ilə mübarizə aparıb. Silah səslərinin, bombaların altında məktəbə gedib-gəlmişik. Bizim rayondan çıxmaq kimi bir düşüncəmiz olmayıb. Ona görə də evimizdən, mülkümüzdən bir dənə də olsun əşya gətirməmişik. Ağdam təkcə öz azadlığı uğrunda mübarizə aparmadı, həm də buraya pənah gətirən qonşu rayon sakinlərini qorumağa çalışdı. 1992- ci ildə Xocalısoyqırımı qurbanlarının görüntüsü hələ də gözümün qarşısındadır. Xatırlayıram ki, soyqırımı hadisəsindən sonra Xocalı sakinləri Ağdama axışmışdı.Yolboyu ayaqyalın qadınlar, ağlayan uşaqlar, yaralı əsgərlər var idi. Günlərlə dayılarım, qohumlarım meşələrdə qalan Xocalı sakinlərini, yaralıları şəhərə daşımışdılar. Maşınların oturacaqları qan içində idi. Yaralılar xəstəxanaya, cəsədlər Ağdam məscidinə aparılırdı. O vaxt anam evə Xocalıdan olan və hər iki valideynini itirən balaca bir qız uşağı gətirmişdi. Sonradan onun sağ qalan qohumlarını tapa bildik. 1992-ci ildən Ağdamda müharibə daha da şiddətləndi. Artıq yaşayış çox təhlükəli olmuşdu. Hər saat bir ev, bir yaşayış məntəqəsi bombalanırdı.Mən və iki bacım Bakıdakı qohumlarımızın yanına göndərildik. Amma təəssüf ki, Ağdamı qorumaq üçün yurd eşqi kifayət etmədi. Mənfur düşmən təpədən dırnağadək silahlanmışdı. Biz isə onların qarşısına sadə atıcısilahlarla çıxmışdıq.Beləliklə, 1993-cü ilin may ayından müharibə daha da şiddətləndi, iyul ayının 23-də isə Ağdam işğal olundu.

Ağdam mənim üçün həm də heç vaxt görmədiyim ata məzarı idi

Ağdamda heç vaxt başında dua edə bilmədiyim ata məzarım qaldı. Şəhid doğmalarım qaldı. 27 il Ağdam arzusu ilə yaşadıq. Bu illər ərzində heç vaxt ümidimizi, inamımızı itirmədik. Hər dəfə yuxumda Ağdama qayıtdığımızı, evimizi, hələ yeni öyrənməyə başladığım pianinomun ağqara dillərini görürdüm. Deməli, bəzi yuxular gerçək olurmuş… Uşaq ağlıma insanların əlində balta-bıçaqla düşmən üzərinə yürüdüyünü, qadınların son nəfəsinə qədər döyüşdüyünü, düşmən əlinə keçməsin deyə özünü yandırdığını yaxşı xatırlayıram. Bu xalq yenilməzdir, qüdrətlidir, iradəlidir. Əlbəttə, biz gectez düşməni doğma torpaqlarımızdan qovacaqdıq. Havadarları hesabına gecənin qaranlığında, qışın çovğununda əliyalın qadınlara, qocalara, uşaqlara divan tutularaq xaincəsinə işğal etdikləri torpaqları biz öz gücümüz, oğullarımızın canı və qanı bahasına geri aldıq. Döyüş meydanında hünər göstərdik, yeri gələndə əlbəyaxa vuruşduq, yeri gələndəmüasirsilahlardan istifadə etdik. Düşmənə yerini göstərdik. Ali Baş Komandanımızın rəhbərliyi altındaAzərbaycan yeni bir tarix yazdı. Bizim qələbəmiz birliyimizdən doğdu. Bütün dünya gördü ki, bu millət haqqı olanı almağı bacarır. Onun güclü ordusu, qətiyyətli Ali Baş Komandanı və məğlubedilməz xalqı var.

“20”– Zəfər rəqəmi…

Möhtərəm Prezident, cənab Ali Baş Komandan 44 günlük Vətən Müharibəsində düşmənə elə bir dərs verdi ki,dünya durduqca bu, onların yadından çıxan deyil. Döyüş meydanındakı zəfərimizi diplomatikmüstəviyə daşıyan cənab İlham Əliyev Ermənistanı təslim aktına qol çəkməyə məcbur etdi. Razılaşmaya əsasən, noyabrın 20-ə kimi ermənilər ata-baba yurdumAğdamı boşaltmağa məcbur oldular. Bu tarixi heç vaxt unutmayacağam. 2020-ci ilin noyabr ayının 20-si Ağdamın erməni işğalından azad olunduğu gün kimi əbədi olaraq yaddaşımda qalacaqdır. Bir neçə gündür ki, ermənilər köç öncəsi Kəlbəcəri və Ağdamı yandırırlar. Onlar bunu ona görə asanlıqla edə bilirlər ki, torpaq özgəyə məxsusdur, onların deyil. Ermənilər bu vandal əməlləri sayəsində özlərini də ifşa edirlər. İnsan öz torpağını necə yandıra, külə çevirə bilər? Deməli,siz bu yerlərə yadsınız. Siz Ağdamı da, Kəlbəcəri də, digər atababa yurd yerlərimizi də işğal etmisiniz. Evləri, məktəbləri, meşələri, hətta təsərrüfat heyvanlarını belə məhv edən düşmən bilməlidir ki, biz o yerləri qurmağa, yaratmağa gəlirik. Necə deyərlər, özgə atına minən tez düşər. Azərbaycan yenə də bütün dünya erməniliyinə qarşı humanizm siyasətini nümayiş etdirdi. Bu gün onlar heç bir təcavüz və soyqırıma məruz qalmadan çox rahat şəkildə Ermənistana qayıda bilirlər. Amma ötən əsrin 90-cı illərində onlar bu humanistliyi bizə göstərmədilər. Hamilə qadınlara, qocalara, uşaqlara belə acımadılar.Amma biz… Uzun sözün qısası. Artıq Ağdam da “Qarabağ Azərbaycandır” deyir. Ağdamın ağ günləri bundan sonra başlayır. Mən ata yurduma qayıtdım. Bu sevinci bizə yaşadan Ali Baş Komandana, onun formalaşdırdığı orduya sonsuz minnətdarlığımı bildirirəm. Bizim də səbrimizin bir sonu var idi. Bu səbr dəmir yumruğa dönüb düşmənin başına çaxıldı.

Naxçıvanda Ağdam doğmalığı yaşadım

Tale elə gətirdi ki, ailə həyatı qurduğum üçün Naxçıvana köçdüm. Bu gün Babək rayonunun Xəlilli kəndində yaşayıram və Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-oftalmoloq kimi çalışıram.Bu illər ərzində Naxçıvan mənə çox doğmalaşıb. İnsanların qonaqpərvərliyi, mehribanlığısayəsində heç vaxt yad yerdə olduğumu hiss etməmişəm. Bir sözlə, insanları ilə qaynayıb qarışıb, Naxçıvanla bütövləşmişəm. Tezliklə, Naxçıvandan quru yolu ilə Ağdama getmək ümidi ilə…

Lalə ALLAHVERDİYEVA

Həmçinin oxuyun

Yeni Azərbaycan Partiyası – 28 İLLİK ZƏFƏR SİMVOLU

Çoxəsrlik tarixə, qədim və zəngin keçmişə malik Azərbaycan xalqı tarixboyu öz müstəqil dövlətini yaratmaq, onu …