Şənbə , Noyabr 21 2020
Home / Manşet / Yeni Azərbaycan Partiyası – 28 İLLİK ZƏFƏR SİMVOLU

Yeni Azərbaycan Partiyası – 28 İLLİK ZƏFƏR SİMVOLU

Çoxəsrlik tarixə, qədim və zəngin keçmişə malik Azərbaycan xalqı tarixboyu öz müstəqil dövlətini yaratmaq, onu qorumaq, inkişaf etdirmək amalı ilə daim mübarizə aparmışdır. Xalqın qəhrəmanlıq ənənələrini özündə əks etdirən bu mübarizə ağır sınaqlardan keçmişdir. Zəngin dövlətçilik ənənələrini özündə yaşadan xalqımız, nəhayət, ötən əsrin 90-cı illərində öz müstəqilliyinə yenidən qovuşdu. Azərbaycanın müstəqilliyini elan etməsi xalqımızın azadlıq və dövlət müstəqilliyi yolunda əldə etdiyi tarixi nailiyyət idi. Lakin müstəqilliyi əldə etmək nə qədər zəruri idisə, onu qoruyub saxlamaq, möhkəmləndirmək bundan daha vacib, çətin və şərəfli idi.

Yaranmış mürəkkəb situasiya yenicə təşəkkül tapmaqda olan dövlətin inkişaf strategiyasını hazırlamağı, onun prioritet istiqamətlərini müəyyən etməyi tələb edirdi. Ötən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin mürəkkəb və təlatümlü bir dövrü idi. Ölkəni düşdüyü böhranlı vəziyyətdən güclü lider və mütəşəkkil siyasi qüvvə çıxara bilərdi. Azərbaycanda belə bir lider görkəmli şəxsiyyət və dövlət xadimi ulu öndər Heydər Əliyev idi. Onun ətrafında bütün ölkə ziyalılarının, vətənsevərlərin toplaşdığı partiya isə Yeni Azərbaycan Partiyası oldu. Beləliklə, 21 noyabr 1992-ci il şanlı tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən birinə çevrildi. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür.

Dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların səriştəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. Həmin vaxtlarda Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin-partiyanın yaranması zamanın tələbi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın bir qrup görkəmli ziyalısının imzası ilə Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə dahi şəxsiyyətdən ölkənin bütün sağlam qüvvələrini birləşdirən bir siyasi təşkilata rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da həmin müraciət ”Səs”qəzetində dərc olundu. Xalqımızın dahi oğlu, dövlət xadimi və böyük təcrübəyə malik ulu öndər o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ümummilli lider Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə ozamankı hakimiyyətin maneələr yaratması səbəbindən partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfrasını orada keçirməyə nail oldular.
Azərbaycan bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda böyük şəxsiyyət Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək demişdir: “Yeni Azərbaycan Partiyası ovaxtkı vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Bu partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ­ölkəmizdəki vəziyyət, sizin hamınıza məlum vəziyyət bizi düşündürürdü. Ona görə də bir tərəfdən biz hesab edirdik ki, partiyanı yaradaraq, biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, ölkənin belə bir ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət bu partiyanın yaranmasına gətirib çıxartdı”.
Bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən ən mühüm amillərdən biri partiyanın təməl prinsipləridir. Bunlar müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalətdir.
Müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, – deyən ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Bu, öncə ölkəmizə olan inamın göstəricisi idi. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı. İlk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar da hər birimizə bəllidir. Söz, mətbuat azadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi. Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Ölkəmiz bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Yeni Azərbaycan Partiyası qələbələr, uğurlar partiyasıdır. Yeni Azərbaycan Partiyası keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib.
Azərbaycan xalqının Prezident cənab ­İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inam və məhəbbəti gücləndirib. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində inkişaf edərək yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırıb. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən edib. Bu, Azərbaycanın milli dövlətçiliyinin möhkəmlənməsini təmin etməklə bərabər, bölgə ölkələrinin geniş əməkdaşlıq vektorlarının mühüm prinsiplərini özündə ehtiva edir. Region dövlətlərinin liderlərinin öyrənmək istədiyi bu formula demokratiyanın, milli birliyin, tolerantlığın, sivilizasiyalararası geniş əməkdaşlığın, multikulturalizmin dərinləşməsinə töhfəverici faktor qismində çıxış edir, regionlararası səmimi təmas nöqtələrinin trayektoriyalarını müəyyən edir. Odur ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət öz mühüm nəticələrini göstərməkdədir.
Yüz minlərlə yeni iş yerlərinin açılması, əməkhaqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ilə geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşa layiqli həyat təmin etmək üçün əlverişli şərait yaradıb. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə regionun lider dövlətinə çevrilib.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyev Azərbaycanda milli ideya platformasını ən dərin təməllər üzərində inkişaf etdirərək ölkənin sosial-iqtisadi, siyasi-hüquqi proqressiyasının, yüksək xətt üzrə irəliləyişini sürətləndirib. Onun ən yeni tarixin qlobal təsirlər və regional proseslər məcrasında mahir və peşəkar siyasi lider kimi çevik qərarları ölkəmizin milli ideoloji bazasını gücləndirib.
Ulu öndər həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi. Dahi şəxsiyyət deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində analoqu olmayan uğurların qazanılmasında bir başlıca səbəb vardır: o da ulu öndərimizin yoluna sədaqət və bu yolun davam etdirilməsidir. Naxçıvan Muxtar Respublikasına 25 ildir, uğurla rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun muxtar respublikada həyata keçirdiyi böyük quruculuq siyasəti, yaratdığı ictimai-siyasi sabitlik, xalqa olan bağlılığı dövlətə və Heydər Əliyev ideyalarına olan sədaqətin bariz nümunəsidir. Muxtar respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. Bu siyasətin mühüm nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvləri, siyasi cəhətdən fəal gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Partiyanın yarandığı ilk günlərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 1118 nəfəri öz sıralarında birləşdirirdisə, bu gün 57 mindən çox partiya üzvünü öz sıralarında birləşdirmişdir ki, bu da muxtar respublikada siyasi aktiv əhalinin 18 faizini təşkil edir. Üzvlərdən 41 faizi gənc, 44 faizi isə qadındır. Partiya üzvlərindən 178 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktoru, 27 nəfəri isə elmlər doktorudur. Partiya üzvlərindən 3 nəfəri Azərbaycan Respublikasının Milli Məclisində, 41 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisində, 1114 nəfəri isə bələdiyyələrdə təmsil olunurlar. Partiyanın rayon (şəhər) təşkilatlarında 502 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Ötən illər ərzində muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülüb.
Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, milli dövlətçiliyin qorunması Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təməl prinsiplərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri partiyanın muxtar respublika təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirərək demişdir: “Müasir şəraitdə partiya üzvlərimizin qarşısında mühüm vəzifələr dayanır. “Sağlam cəmiyyət – güclü dövlət” sistemi üzrə doğma Azərbaycanımızın inkişafına çalışmalı, Yeni Azərbaycan Partiyasının üzvü kimi şərəfli adı öz əməyimizlə doğrultmalıyıq. Bizim məsuliyyətimiz – bizim vəzifəmizdir. Vəzifə – partiya quruculuğunda və hər birimizin konkret fəaliyyət sahələrində işə yaradıcı yanaşmaqdan, dəqiq, dürüst olmaqdan, ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi kimi işləməkdən və ölkəmizi onun görmək istədiyi kimi qurub-yaratmaqdan ibarətdir”.

Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Yeni Azərbaycan Partiyası bu günün və gələcəyin siyasi partiyası kimi ölkəmizin inkişafına güclü təsirini bundan sonra da davam etdirəcəkdir.

Yeni Azərbaycan Partiyası Naxçıvan
Muxtar Respublika Təşkilatının İcra Katibliyi

Həmçinin oxuyun

Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib-FOTO

Yaşı minilliklərə söykənən Duzdağ qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvanın rəmzidir. Eyni zamanda …