Bazar ertəsi , Avqust 19 2019
Home / Müsahibə / Sayman Aruz: Ömrümün peyğəmbərlik çağıdır (MÜSAHİBƏ)

Sayman Aruz: Ömrümün peyğəmbərlik çağıdır (MÜSAHİBƏ)

Müsahib: Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz.

-Sayman müəllim, hər gün tədbir keçirirsiz, yorulmursuz bu tədbirlərdən?

-Əksinə, mən hər tədbirdən enerji yığıram növbəti tədbirlər üçün. Belə getsə elə bütün ömrümüz tədbirlərlə keçəcək. Keçirdiyimiz tədbirlərin hər biri ictimai-ədəbi-mədəni əhəmiyyətə malikdir.

-Özünüzə zaman ayırmırsız?

-Elə ictimai fəaliyyətim bir növ özümə zaman ayırmaqdır. Əgər şəxsi yaradıcılıqdan danışırsızsa, o barədə özüm də narahatçılıq keçirirəm. Çünki, bir çox yazılar var ki, yazmalıyam. Hətta beynimdə onların hamsını yazmışam, kağıza köçürmək qalıb. Dəfələrlə demişəm ki, gedib bir ay bağda qalacam, bu yazıları bitirəcəm. Amma alınmayıb. Hələ yazmadığım yazılarım qarşısında  özümü günahkar hesab edirəm.

-Son vaxtlar ölkədə intihar intihara calanıb. Bir ziyalı kimi özünüzü günahkar hesab edirsiz?

-Quranda bir ayə var ki, kimsə intihar edirsə, günahkar həmin şəxsin özüdür. İnsana şüur verilib, ləyaqət verilib. İnsan özü istəsə günah da qazanar, savab da. İnsan özü həyatda bir şey qazana bilmirsə Allahın və ya başqasının nə günahı var?

-Yəni deyirsiz ki, günahkar deyilsiz.

-Qəti özümü günahkar saymıram. Kiminsə intiharında kimsə günahkar ola bilməz. Hər kəsin problemi ola bilər. Amerika demokratiya mərkəzidir amma orda da intihar hadisələri var. İndi Amerika xalqı hansısa dəlinin, cahilin, axmağın məsulu deyil ki?

-Deyirsiz intihar eləmiş adam axmaqdır, dəlidir?

-Mənə elə gəlir ki, hə. Bu gözəl həyatın nemətlərindən istifadə edə bilmirsənsə, deməli dəlisən də. Və ya Allahın sənə verdiyi bu gözəl əli, ayağı, savadı, istedadı dəyərləndirə bilmirsənsə, deməli dəlisən də.

-Gənc yazarımız Mövlud Mövlud intihar edib.

-Allah ona rəhmət eləsin! Təkcə Mövlud deyil, son vaxtlar bir çox  yazıçılarımız intihar edir.

Yazıçının intiharı dəlilik deyil?

-O da dəlilikdir, amma yazıçı dəliliyidir. Yenə də dəlilik dəlilikdir, oğurluq oğurluqdur. İstəyirsən bir manat oğurla, ya yüz min manat, hər ikisi oğurluqdur. İntihar dəlilik, cahillik, səbrsizlik, dözümsüzlük, imansızlıq göstəricisidir. İslama görə intihar cəhənnəmə aparır. Qanuni baxımdan da cinayətdir. Yəni əgər intihar edən tərəf dirilsə qanun onu həbsə məhkum edər(gülür)

-Nə vaxtsa intihar etmək istəmisiz?

-Mən də intihar etmək istəmişəm. İdeal deyiləm ki.

-Bəs niyə eləməmisiz?

-Özümü imanlı adam hesab eləyirəm. Əminəm ki, dünyada nə baş verirsə, altında bir hikməti var. İnsan bilməlidir ki, gecənin sonrası gündüzdür. Və gündüzdürsə, gecə də gələcək. Gündüz gecənin, gecə də gündüzün qədrini bilməliyik. İndi bahar gəlir, qış baharın intihar etmiş variantı deyil ki? Qış bahara hazırlıqdır.

-Sizin ömrünüzün qış çağıdır, yoxsa, bahar?

-yox, mənə elə gəlir ki, mənim ömrümün peyğəmbərlik çağıdır. Artıq 40 yaşım tamam olur. Deməzdim cavanlıq həyatın baharıdır. Çünki baharda hələ çox ağaclar meyvə vermir. Sadəcə çiçəklənir. Deməzdim ki, qocalıq da ömrün qışı dır. Çünki, bütün meyvələr, yəni ömrünün məhsulu istifadəyə hazır vəziyyətdə olur. Qocalıq ömrün baharıdır bəlkə də… 40 yaş peyğəmbərlik yaşıdı, güzgünün qabağında duranda özümü qoca saymıram. Hələ cavanlıq cizgiləri üzümdə, istəkləri ürəyimdədir. Həm də mən özümü insan olaraq əsl müsəlman çağında hiss edirəm. Mövlana deyir, hər gün imanını təzələ. Hansı dinə qulluq edirsənsə et, hər gün iman gətir. Artıq 40 yaş iman mərhələsidir.

-Uşaqlıq illəriniz necə keçib?

-Şərlə, qırğınla, müharibəylə. Hərdən düşünən uşaqlığım üçün həm darıxıram, həm də yox. O günlərin hamısı yaxşı keçməyib. Hər gün İraq bizi bombalayırdı. Hər hün insan ölürdü. Həmişə gedib məscidin qapısında oturub azana qulaq asırdım. Heç səbəbini də bilmirdim. Əbdül Basid adlı bir nəfərin quran oxuması məni özünə çəkirdi. İndi istəyirəm o günlərə qayıdım. Dayım mədəsindən xərçəng idi. Həkim ona demişdi ki, ciyər kababı ye. Mən səhər oyanıb ciyər kababı aldım, çörəyin arasına qoyub apardım dayıma, dayım mənə sarılıb xeyli ağladı. Onun sabahısı günü də rəhmətə getdi. Bu kimi hadisələr saysız olub həyatımda. Ancaq indi heç kimin ölümü, heç bir hadisə məni sarsıltmır.

-Ən böyük itkiniz nə olub?

-Münzəvi adlı bir qəzəlxan olub, farsca şeirinin tərcüməsi belədir ki, “bəzən ürəyim özüm üçün darıxır”. Ata, ana, bacı, qardaş, hər kəs əvvəl-axır rəhmətə gedir. Deməli ölüm ağır itki deyil.  Itki özünü öz içində itirməyindir.

-Nə vaxtsa özünüzü öz içinizdə itirmisiz?

-Yox. Bəlkə də ona görədi ki, heç vaxt dərindən sarsılmadım. Adam var özünü idarə edir, adam da var ki, onun “öz”ü onu idarə edir. İnsan içindəki özə söykənsə heç vaxt heç nəyi ədəbi olaraq itirməz.

-8-9 ildi ki, Bakıdasız. Əvvəllər sizə kəskin qısqanclıq hissi var idi.

-Qısqanclıq həmişə var. Mənim faliyyətim həm də 45 milyon Cənubi azərbaycanlıların ədəbi-mədəni müdafiəsidir. Qısqanclar çox çalışdılar ki, fəaliyyətimə mane olsunlar amma mənim daxilimdəki iman məni yolumdan döndərmədi.

-Sizə görə xəyanət nədir?

-Hər bir hadisə insan düşüncəsinin məhsuludur. İnsan yarımçıq və naqisdirsə, onun dostluğu da xəyanəti də yarımçıqdır. Dostluğa inanmadığım kimi xəyanətə də inanmıram.

-Allahdan başqa tam nədir?

-Ondan sonra heç nə tam şəkildə bütöv deyil.

-Son dəfə ananızın ağladığı an…

-Anam mənəvi baxımından çox güclü qadındır. Son dəfə dayım rəhmətə gedəndə görmüşəm. Mənim bu günkü möhkəmliyim atamdan, içimdə daşıdığım sevgim isə anamdan gəlib.

-Güneydə yazarlar necədi?

-Qabaqlar çox pis idi vəziyyət. İndi artıq güneylilər Azərbaycan türkcəsində yazmağa cəhd edirlər. Mən çox ümidvaram onların gələcəyinə. İnanıram ki, oradan ciddi ədəbiyyat xadimləri, Şəhriyarlar yetişəcək.

-Siz Azərbaycana gələndən sonra necə oldu? Bir planınız var idi?

-Mən uşaqlıqda istəyirdim tanınmış şair olum. İnsan öz həyatınin proqramını özü yazır. Təbrizdə 2009-cu ildə, Azərbaycana qaçmaq ərəfəsində bir yuxu gördüm. Gördüm ki, Bakıya gəlirəm, evlənirəm, uşağım olur. Durdum mamama danışdım, mamam dedi “ nə danışırsan? Səni gözümdən qoymaram”. Ancaq bu gün o yuxumu bircə-bircə yaşayıram.

-Yuxunuzun sonunu danışmadız.

-Danışaram birdən pəl vurarlar. (gülür)

-Siz Azərbaycana qaçıb gələndən sonra necə oldu? Bir müsahibənizdə oxumuşdum ki, dağın başında bir daxmada yaşamısız bir müddət.

-Sulutəpədə bir daxmaydı. Evdə qaz, işıq, su – heç nə yox idi. Qışın ortasında soyuqdan ölürdüm. Bir köhnə yorğanım var idi, ona bürünüb yatırdım. Mənim fantanlar bağında yatdığım zamanlarım da olub. Mənliyim imkan vermirdi ki, atamgilə zəng edib vəziyyətimi bildirim. Özüm səbr və doğru seçimlə yenə də iqtisadi durumumu tənzimləyə bildim.

-Siz uşaqlıqda ailəvi ac qalmısız?

-Ən azı kartofumuz olub ki, qaynadıb yemişik. Həyətdə toyuq-cücə saxlayırdıq, birtəhər dolanırdıq. Atam çox çalışqan kişi olub, bizi ac saxlamayıb. Biz aclıq yox, daha çox ölüm görmüşük. O dövrdə kürd terroristləri hər gün şəhərə hücum çəkir xalqı hədələyirdilər ki, buranı tərk edin, yoxsa sizi öldürəcəyik. Dəfələrlə ölüm şahidi olmuşam. Bir dəfə Urmu gölündən qayıdanda gördük ki, bir neçə azərbaycanlı əsgəri öldürüb, doğrayıb yolun kənarına atıblar. Belə şeylər çox görmüşəm.

-Məscidin qapısında azana qulaq asan uşaq güllələrin altından keçib gəldi AYB-nin şöbə müdiri oldu.

-Məncə elə azana qulaq asan, güllələrlə böyümüş adam oturmalı idi. Qan-qada, dərd, kədər görməyən adi bir şair orada otura və dözə bilməzdi. Məhv olub gedərdi. Elə mənim kimi güllə görmüş, dırnağı çəkilmiş, zindan görmüş, qorxmaz biri lazım idi.

-Siz zindan da yatmısız?

-Hə. Dəfələrlə dilimizi tələb etdiyimiz üçün tutub aparırdılar, aylarla zindanda qalırdıq. Mənim canımda, qanımda bir inqilabçılıq var. Bu gün təbrizdə az qala atalar sözünə çevrilmiş “öz dilində mədrəsə, olmalıdır hər kəsə” kimi fikirlərin müəllifiyəm mən. Siz elə bilməyin ki, bu yeri asan əldə etmişik.

-Kimsə fikirləşə bilər ki, Sayman Aruz güllələrin altında dözmədi, qaçıb Azərbaycana gəldi.

-Mən vətəndən vətənə gəlmişəm. Mən azərbaycanlıyam. Başqa ölkəyə qaçmamışam ki! Mənə dəfələrlə müxtəlif səfirliklərdə tərcüməçi və.s kimi işlər təklif olunub. Amma mən demişəm ki, öz millətimin ayaqqabısını cütləyərəm, onlara işləmərəm. İndi ədəbi savaş meydanın tam ortasındayam. Mənim millətimə hər sahədə rəhbərlər lazımdır. Mən çalışıram ki, öz ədəbi-mədəni ordumuzu yarada bilək.

-Yarada bilmisizmi?

-Mən bura gələndən sonra xeyli iş görmüşəm. Bir akademiyanın görəcəyi işi tək başıma görmüşəm. Biz güneyin yeni nəslini azərbaycana təqdim və təbliğ etdik, Akademiya da onları tədqiq etdi. Bizim fəaliyyətimizin nəticəsindədir ki, Güney Azərbaycan şöbəsi və ədəbiyyatı ilə bağlı müsahibə aparırsız.

-Sona yaxınlaşırıq Sayman müəllim. Nəsə sözünüz var?

-İndi mən elə özüm sözəm, Elşad. Susmağım da bəzən  bir çoxlarına cavabdır.

Elşad Barat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir