Cümə , May 14 2021
Home / Rəsmi xronika / “Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi” COVİD-19-la mübarizədə

“Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi” COVİD-19-la mübarizədə

Son dövrlər koronavirus kimi təhlükəli “düşmənlə” mübarizədə insanların ümid yeri olan tibb işçilərinin gördükləri işlər, çəkdikləri əziyyət hər kəsə məlumdur. Bu baxımdan artıq neçə aylardır davam edən bu “müharibə”nin ön cəbhəsində döyüşən təcili yardım xidməti tibb heyətinin zəhməti xüsusi qeyd olunmalıdır. COVİD-19-la mübarizə istiqamətində ötən müddət ərzində  təcili tibbi xidmətin fəaliyyəti ilə bağlı  “Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi” publik hüquqi şəxsin baş həkimi  Vüsal Əliyevlə söhbət etdik.

-Öncə onu bildirim ki, Naxçıvan şəhər Təcili Tibb Mərkəzinə COVİD-19-la bağlı ilk müraciətlər mart ayının 24-dən etibarən daxil olmağa başlamışdır. Adi günlərdə 3 və ya 4 briqada ilə işlədiyimiz halda virusla bağlı iş rejimimiz gücləndirilmiş və xüsusi briqadalar yaradılmışdır. İlkin mərhələdə COVİD-19 infeksiyalı xəstələrin dərhal təcrid edilməsi üçün daxili işlər orqanları əməkdaşları və sahə müvəkkilləri ilə qarşılıqlı əməkdaşlıq təmin edildi. Şəhərin hər tibbi ərazisinə bir nəqiliyyat vasitəsi ayrıldı. Lakin bu dövrdə vətəndaşların xəstəliklə bağlı təsəvvürlərinin olmaması, bir çoxunun problemə ciddi yanaşmaması, hətta belə bir virusun varlığına inamsızlıq, sonradan isə əksinə, əhali arasında xəstəliklə bağlı fobiya yaranması Təcili Tibb Mərkəzinə müəyyən çətinliklər yaratdı. Belə ki, əgər adətən 103 xidmətinə gün ərzində maksimum 60-70 çağırış daxil olurdusa,  o vaxt bu rəqəm 300-350- yə qədər artdı. Bu, çox böyük yük idi. Vətəndaşlar 103 xidmətinə iş funksiyasına aid olmayan tələblərlə də müraciət edirdilər. Təsəvvür edin, adi hallarda bir ay ərzində 1500-1700 çagırışlara xidmət etdiyimiz halda COVİD-19-la mübarizə apararkən çağırışların sayı 4000-5000-i  keçmişdi. Təcili Tibb Mərkəzinin tibbi heyəti sərtləşdirilmiş karantin günlərində şəkərli diabet, böyrək, ürək xəstəlikləri olan xəstələrin xəstəxanaya aparılması, yaxud yaşadıqları ünvanlara gedərək təyin olunan sistemin damara köçrülməsi kimi xidmətlər göstərmişdir.

Gün ərzində 300-400 müayinə aparılır, virusla baglı şübhəli xəstələri Naxçıvan şəhər Ağciyer Xəstəlikləri Dispanserinə və Yoluxucu Xəstəliklər Mərkəzinə təxliyə edilir, yeni yoluxma faktı təsdiq olunduqda həmin şəxslərlə təmasda olanlar dərhal karantinə alınırdı. Bəzən yoluxmaya şübhəli olan vətəndaşı özünün razılığı ilə ünvandan çıxarmağa saatlarla vaxt sərf olunurdu və bu da istər-istəməz iş ahənginə təsir edirdi. Üstəlik virusla bağlı məlumatın azlığı kimiproblem var idi.

Belə bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisində əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında keçirilən müşavirə, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması, pandemiya ilə mübarizə məqsədilə yeni tibbi avadanlıqlar alınaraq səhiyyə müəssisələrinə təqdim olunması öz bəhrəsini verməyə başladı. Martın 23-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş həkimlərin, təcili yardım həkimlərinin və feldşerlərin iştirakı ilə koronavirus (COVID-19) və ondan qorunma yolları barədə maarifləndirici tədbir digər səhiyyə müəssisələri kimi bizim fəaliyyət istiqamətlərimizi bir daha dəqiqləşdirdi.

COVİD-19 infeksiyasınaqarşımüalicə-profilaktika tədbirlərinin gücləndirilməsi vəyoluxma şübhəsi olan şəxslərin ciddi müayinə və müalicəsinin  təmin edilməsi üçün bütün tibb müəssisələrinin  gücləndirilmiş iş rejimində çalışmaları, pnevmoniya və ağır kəskin respirator xəstəliyi olan şəxslərdən şübhəli hallarda  COVİD-19-a görə götürülmüş nümunələrin laboratoriyaya göndərilməsi təmin edildi. Bu işdə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində  quraşdırılmış Polimer Zəncirvari Reaksiya laboratoriyası mühüm vasitəyə çevrildi. Bu laboratoriyada mənim rəhbərliyimlə indiyədək minlərlə müayinə aparılıb. Səhiyyə müəssisələrində olan süni tənəffüs aparatları və oksigen konsentratorları işlək vəziyyətə gətirilib, əlavə  oksigen konsentratorları alınıb. Həmçinin Yoluxucu Xəstəliklər Mərkəzində əlavə kompressor və oksigen paneli quraşdırılıb, oksigen və təzyiqlə hava verilməsinin həcmi artırılıb, kəskin böyrək çatışmazlığı olan xəstələrdə hemodializ seansı həyata keçirmək üçün bütün hazırlıq işləri görülüb, 40 funksional çarpayı alınıb. Eyni zamanda muxtar respublikaya 58 min 200 litr formalin alınaraq gətirilib, 10 milyon kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 1, 2 və 3 misli məbləğində mükafatlandırılıblar.

Yeri gəlmişkən, həyata keçirilən bu tədbirlərə görə bütün səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edir və söz veririk ki, bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən inamla gələcək, fəaliyyətimizi günün tələblərinə uyğun quracaq, əhalinin sağlamlığı keşiyində duraraq fəaliyyətimizi daha da artıracaq, qarşıya qoyulmuş vəzifələrin, tövsiyə və tapşırıqların icrası üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.

Onu da əlavə edim ki, sərtləşdirilmiş iş rejimində müəssənin hər bir işçisi daxili nizam intizam qaydalarını qoruyaraq üzərinə düşən vəzifəni yüksək səviyyədə icra etdi və bu gün də edir. Əvvəlki aylarda təcili yardım cox çətin vəziyyətdə fəaliyyət göstərdi. COVİD-19- la mübarizə zamanı həkim heyətindən 4, orta tibb işçilərindən 3, kiçik tibb işçilərindən 2-si bu virusa yoluxdu və müalicə olunaraq  yenidən iş fəaliyyətinə başladı. Z.Əliyeva adına poliklinka COVİD-19-la mübarizəyə qoşulduqdan sonra həm əhali pisxoloji cəhətdən sakitləşdi, həm də təcili yardımın işi yüngülləşdi. Göstərilən bu işlər nəticəsində hər ay Təcili Tibb Mərkəzinə daxil olan cağırışların sayında azalma qeydə alınır.

Tibb heyəti heç bir ləngiməyə yol vermədən xəstələrin çağırışına gedir, onların hospitalizasiyası ilə məşğul olur. Yüksək hərarət, tənəffüs çatışmazlığı, ağırlaşmaya səbəb olacaq hər hansı digər yanaşı xəstəliklər varsa, xəstə stasionara aparılır. Həmçinin qanın oksigenlə təchiz olunmasının faiz göstəricisinə görə xəstənin vəziyyəti qiymətləndirilir və ehtiyac olduqda o, xəstəxanaya yerləşdirilir. Həmin şəxslərin ailə üzvlərindən də müayinə materialları götürülür.

Koronavirus infeksiyası ilə yanaşı, digər xəstəliklərlə bağlı çağırışlara da gedir, gündəlik iş rejimində bütün tapşırıqları rahat şəkildə icra edirik.

Vüsal həkim sonda onu da qeyd etdi  ki, Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyi Təcili Tibb Mərkəzinin öz vəzifə funksiyasını lazımı səviyyədə yerinə yetirməsi üçün lazım olan hər bir şəraiti  yaratmış, dərman və lazımi ləzavimatlarla yüksək səviyyədə təmin etmişdir.

Təcili Tibb Mərkəzin heyəti əhalinin sağlamlığı yolunda çalışıb COVİD-19- la mübarizəni  yüksək səviyyədə yerinə yetirməyə davam edir.

Yeri gəlmişkən onu da qeyd etməliyik ki, rayon mərkəzi xəstəxanalarının təcili tibb xidməti eyni ilə bu yolu keçərək gündəlik iş rejimində bütün tapşırıqları rahat şəkildə icra edir.

…103-ə zəng gəlir. Hardasa, kimsə imdad diləyir. Həmin ünvana yaxın təcili tibbi yardım briqadası dərhal yola düşür. Mənim, sənin, onun taleyindən keçən yola.

Hüseyn ƏSGƏROV

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri   

Həmçinin oxuyun

COVID-19 virusunun Hindistan ştammı Çində də aşkarlanıb

Çinin bir neçə şəhərində COVID-19 virusunun Hindistan ştammına yoluxmalar aşkarlanıb. MEDİAKTİV.AZ xəbər verir ki, bunu Çinin …