Cümə , İyun 5 2020
Home / Rəsmi xronika / Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

MediAktiv.az president.az saytına istinadla bu məktubların daha bir neçəsini təqdim edir.

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri Vüqar Mürsəlov, Sarxan Muradov  Zahir Abbasov dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür edirlər. Məktubda deyilir: “Hörmətli cənab Prezident, hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bəli, bu, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.

Lənkəran şəhərinin sakini Nurlan İbadov Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyü işlərin miqyasının çox böyük olduğunu və bu işlərin xalqımız, o cümlədən lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayır. O yazır: “Möhtərəm cənab Prezident, dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Biz həmişə Sizinləyik.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm”.

Bakı şəhəri, Nizami rayonunun sakini Samir Abdullayev həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğuna, insanlara qayğı göstərdiyinə görə şəxsən özünün və ailəsinin adından dövlətimizin başçısına dərin minnətdarlıq edərək yazır: “Hörmətli cənab Prezident, “Yeni klinika” tibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsalı müəssisəsinin açılışı Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur. Biz də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik. Allah Sizi Azərbaycan xalqına çox görməsin!”.

Ağdam rayonunun Quzanlı qəsəbəsinin sakini Hacıağa Hacıyev ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edildiyini, dövlətimiz tərəfindən qəbul edilən mükəmməl qərarların müsbət nəticə verəcəyini bildirərək yazır: “Hörmətli cənab Prezident, açılışında iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, başda Siz olmaqla Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürən bütün şirkətlərə və insanlara minnətdarlığımı bildirirəm.

İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə işçilərin evdən işləmələrinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü, hətta işə gəlməyən işçilərin əməkhaqları saxlanıldı.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin bir iş deyil. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!”.

Həmçinin oxuyun

Prezident Sumqayıtla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. MediAktiv.az xəbər verir …