Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Səhiyyə / Çinin “Sinovac” peyvəndi nə qədər effektivdir?

Çinin “Sinovac” peyvəndi nə qədər effektivdir?

“Hələ aprel ayında Çin peyvəndinin daha tez istehsal və tətbiq olunacağı məlum idi. Həmin peyvəndin həqiqətən də effektiv olacağı və pandemiyanın mərhələlərinin birində insanları xilas edə biləcəyi ilə bağlı müsahibələrimdə bildirmişdim. Bu peyvənd üzərində tədqiqatlar aparılıb, uğurla sınaqdan keçirilib və müxtəlif ölkələrdə tətbiqinə başlanılıb. Bu gün “Sinovac”ın effektivliyi barədə elmi ədəbiyyata son tədqiqatlar daxil edilməsə də, media vasitəsilə onun qoruyuculuq faizi geniş şəkildə ictimaiyyətə çatdırılıb”.

MEDIAKTIV.AZ xəbər verir ki, bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, “Sinovac” peyvəndinin Braziliyada tətbiqindən sonra effektivliyinin 50-90 faiz arası, sonradan isə Türkiyədə aparılan tədqiqat zamanı 91,25 faiz olduğu müəyyən edilib. Ötən gün isə həmin peyvəndin rəsmi şəkildə Çində istifadəsinə icazə verildi və orada effektivliyin təxminən 79 faiz olduğu açıqlanıb:

“Bu peyvəndin hazırlanma və ölkələrə çatdırılma üsulu Avropa və Amerikada hazırlanmış gen texnologiyasına əsaslanan peyvəndlərdən daha asan və tez başa gəlir. Bu peyvənd inaktiv, yəni ölmüş viruslardan hazırlanır və bu cür digər xəstəliklərə qarşı olan peyvəndlər bir çox ölkələrdə, eləcə də Azərbaycanda da mövcuddur. Amma gen texnologiyası ilə hazırlanan peyvəndlərin xüsusi daşınma və saxlanma şəraitinin tələb olunmasına görə istehsalçılar o peyvəndi bir çox ölkələrə sata bilməyəcəklər. Eyni zamanda “Sinovac”ın bu gün hazır olması və ölkələrə çatdırılması digər istehsal olunacaq peyvəndlərin satışına mənfi təsir göstərəcək. Çünki digər peyvəndlərin istehsaldan sonra saxlanılması və ölkələrə çatdırılması proseduru uzun çəkə bilər. Ona görə də düşünürəm ki, Azərbaycanın digər peyvəndləri gözləməyib effektivliyi məlum olan peyvəndin tətbiqinə qərar verməsi təqdirəlayiqdir”.

Azərbaycanlı alim sözügedən peyvəndin yan təsirləri barədə məlumatlara da münasibət bildirib. O qeyd edib ki, “Sinovac”ın effektivliyi barədə Türkiyədə və Çində aparılan tədqiqatdan sonra yan təsirləri barədə hələlik dəqiq elmi informasiya mövcud deyil:

“İlk olaraq onu bildirim ki, Çində bu peyvəndin rəsmi icazəsini gözləmədən artıq səhiyyə sahəsində çalışanlara bu peyvənd aylar öncədən tətbiq edilib və pozitiv nəticələr əldə edilib. Rəsmi icazədən əvvəl Çində ümumilikdə 4,5 milyon peyvənd dozası istifadə olunub. Bundan başqa, Türkiyədən öncəki olan və elmi ədəbiyyata artıq daxil olan tədqiqatda qeyd edilən çox az sayda allergik reaksiya var ki, bu da peyvəndin ikinci dozasının vurulması zamanı təkrarən rast gəlinməyib. Xəstələrin bir qismi isə peyvəndin vurulduğu yerdə bir neçə gün olan yüngül ağrıları qeyd edib ki, bunlar da heç bir ağırlaşma ilə nəticələnməyib”.

Virusa təkrar yoluxma ilə bağlı məlumatlara toxunan N.Abdullayev bildirib ki, bu və digər peyvəndlər birinci nəsil peyvəndlərə aiddir:

“Birinci nəsil peyvəndlərin əsas funksiyası virusa yoluxma baş verəcəyi halda xəstəliyi çox yüngül simptomlarla keçirtməyi təmin etməkdir. İkinci nəsil peyvəndlər isə selikli qişa immuniteti yarada bilmə qabiliyyətinə görə virusa bir daha yoluxmanın qarşısını tam alacaq. Bu cür peyvəndlərin tam təhlükəsiz tətbiqinə isə təxminən 10-11 aydan sonra başlanacağını ehtimal etmək olar”.

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Azərbaycanın koronavirus əleyhinə vaksini “Sinovac” firmasından alacağı ehtimal olunur.

Həmçinin oxuyun

ÜST yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə fondu yaratdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Uşaq Fondu (UNICEF) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına …