Çərşənbə axşamı , İyun 2 2020
Home / Cəmiyyət / Şərur rayonunun Siyaqut kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

Şərur rayonunun Siyaqut kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

Şərur rayonunun Siyaqut kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən MediAktiv.az -a verilən məlumata görə, tədbiri Şərur Rayonunun İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq tədbirlərin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, milli dəyərlərin qorunub saxlanması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır. Həmçinin qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət verilməsi, erkən nikahların fəsadları, sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən keçirilməsi, nikahdan əvvəl irsi qan xəstəliklərinin, virusların yoxlanılması, qan qohumluğu nikahları zamanı tibbi müayinənin vacibliyi haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Komitə sədri həmçinin qeyd etmişdir ki, aparılan təhlillər zamanı məlum olmuşdur ki, muxtar respublikada tibbi xidmətin səviyyəsinin yüksəldilməsi nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmışdır.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Şərur rayonu üzrə 41878 uşaq vardır ki, bu uşaqlardan da 437-si sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 1.04 faizə qədərini təşkil edir. Muxtar respublika üzrə 1847 sağlamlıq imkanları məhdud uşaq vardır. Bu uşaqların 437 nəfəri yaxud da 23.65 faizi Şərur rayonunun payına düşür. Həmin 437 (167 qız, 270 oğlan) sağlamlıq imkanları məhdud uşaqdan 299-u (123-ü qız, 176-ı oğlan) anadangəlmə, 138-i (44 qız, 94 oğlan) isə qazanılma səbəblərdən sağlamlıqlarını itirmişlər.
Şərur rayonunun Siyaqut kəndi üzrə 14 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 6-sı anadangəlmə xəstəlikləri olan uşaqlardır. Anadangəlmə uşaqlardan 3 oğlanda psixi pozğunluqlar və davranış pozğunluqları, 1 qızda perinatal dövrdə meydana çıxan xüsusi hallar, 1 oğlanda bədxassəli yeni törəmələr, 1 qızda sidik-cinsiyyət sisteminin xəstəlikləri aşkar olunmuşdur.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şərur rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, psixi pozğunluqlar və davranış pozğunluqları xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Həmçinin oxuyun

Naxçıvan şəhər məktəbliləri Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində “Üç alov” …