Çərşənbə , Oktyabr 28 2020
Home / Yaşam tərzi / Sağlamlıq / Vitaminlərlə zəngin, şəfalı bitki -Üvəz

Vitaminlərlə zəngin, şəfalı bitki -Üvəz

Rayonumuzun florası kifayət qədər zəngin bitki sərvətlərinə malikdir. Bu bitki sərvətləri içərisində boyaq üçün əhəmiyyətli, xalq təsərrüfatının, o cümlədən qida sənayesinin müxtəlif sahələrində və eləcə də tibb sahəsində geniş istifadə olunan bitkilər xüsusilə diqqəti cəlb edir. Hələ lap qədim zamanlardan başlayaraq müasir dövrədək rayon sakinləri yabanı halda yetişən və ya mədəni halda yetişdirilən həmin bitkilərin meyvə, kök, qabıq, gövdə, budaq, yarpaq, çiçək və toxum hissələrindən müxtəlif məqsədlər üçün istifadə ediblər. Rayonun çöl, meşə, dağ və digər ərazilərində insanların əməyindən, texniki vasitələrdən, dərmanlardan istifadə olunmadan yabanı şəkildə özbaşına bitən bitkilər ekoloji sağlam və təhlükəsiz məhsullar kimi öz dəyərini qoruyub saxlayırlar. Belə bitkilərdən biri də üvəzdir. Yerli əhalinin “əppəkli” kimi tanıdığı bu bitkiyə “quşarmudu” da deyilir. Respublikamızda 14 növü vardır. Gülçiçəklilər fəsiləsindəndir. Muxtar respublikamızın dağlıq yerlərindəki meşə və kolluqlarda yayılsa da, ehtiyatı azdır. Qırmızı kitaba düşdüyündən mühafizə olunur. Bu bitkinin kolları rayonumuzun Biçənək, Kolanı, Nursu, Yuxarı Qışlaq, Keçili, Güney Qışlaq, Külüs, Kükü ərazilərindəki “Uzun meşə”, “Götürgə”, “Düyəli”, “Dərəboğazı”, “Sultanbud”, “Səhlalı” massivlərində yayılıb. Bu bitki qiymətli olduğundan bağlarda da becərirlər. Meyvələri şaxta düşəndən, eyni zamanda tam yetişəndən sonra toplanılır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təzə dərilmiş meyvələri sərin yerlərdə və ya dondurulmuş halda bütün qış ayları boyunca saxlamaq olur. Həm mədəni becərilən, həm də yabanı halda yayılan üvəz bitkisinin meyvələrindən təzə dərilən kimi, yaxud qurudandan sonra da istifadə olunur. Meyvələrində çoxlu miqdarda şəkər, üzvi turşular (alma, limon, salisil turşuları) və qatranlı maddələr vardır. Bundan başqa, meyvələrinin tərkibində karotin, C, B1, B2 və başqa vitaminlər mövcuddur. Ona görə də meyvələrindən vitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. Mədə-bağırsaq, tənəffüs yolları xəstəliklərinin müalicəsində faydaları olduqca çoxdur. Üvəzin meyvələri şəkərli diabetin can dərmanıdır. Onun qurudulmuş meyvələrindən çay hazırlanır və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa, təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlanır, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər. Üvəzin tam yetişmiş meyvələri kənardan gilası xatırladır. Kom-kom olur. Maraqlıdır ki, çörəyin qıt olduğu illərdə, payızda yetişən turşməzə, bir az da şirinə çalan meyvələrindən bir cib yığılıb yeyiləndə, deyərmişlər ki, elə bil iki lavaş yemisən. Buna görə çörəyi əvəz edən bu bitkiyə “əppəkli” adı da verilib. Ta qədimdən çölçülərin, çobanların çantasında çörək ehtiyatı qurtaranda üz tutarlar əppəkli kollarına. Əppəklinin çoxsaylı pöhrəvermə xüsusiyyəti də vardır. Bu pöhrələr böyüyüb, bərkiyəndə əl ağacı kimi çobanların ən etibarlı “silahına” çevrilir. Onlar həmişə əl ağacını əppəkli, yemişan, qoşadüyün kollarından hazırlayarlar. Belə ki, yeri qazıb torpaqla üstünə örtdükdən sonra qurumuş gəvənə çır-çırpı, odun parçaları qatıb, torpaq üstə ocaq qalayarlar. İkiüç gündən sonra səngimiş ocaq yerindən torpağı qazıb əl ağacını çıxararlar. Qabığı öz-özünə soyular. Elə qızarar ki, xına rəngini alar. Sonra inək yağı ilə əl ağacını yağlayıb eyvanlarda bir müddət saxlayarlar. Qupquru quruyar, cəlbedici görkəm alar. Elə xan çobanların belə əl ağacı əllərində 30-40 il işlək qalar. Üvəzin qiymətli oduncağından musiqi alətləri də hazırlanır. Bu bitkidən dağ kəndlərində dadlı mürəbbə və kompot da hazırlanır. Aşağı Qışlaq kənd sakini Zərnişan Məmmədovadan bu barədə aldığımız məlumata əsasən deyə bilərik ki, bitki toplandıqdan sonra bir həftə kölgəli yerdə üstüörtülü saxlanılır. Belə vəziyyətdə meyvələri yumşalmağa başlayır. Yumşalmış meyvələr yuyulur və yanlarından kəsilir ki, hazırlanan kompot qıcqırmasın. Meyvələri şüşə bankalara yığılır, şəkər tozu və qaynadılmış su əlavə edilir. 20 dəqiqəyə yaxın qaynadılır. Ağzı möhkəm qapaqla bağlanılır. Bitkidən həm də mürəbbə hazırlanır. Bunun üçün meyvələrin içərisi təmizlənir və badam, cəviz, fındıq ləpələri yerləşdirilir. Sonra iki saata yaxın şirəyə qoyulur. Zəif odda bişirilir. Sonda şüşə bankalara yığılır və payızqış aylarında çay süfrələrini bəzəyir.

Hicran

Həmçinin oxuyun

Balqabağın sağlamlıq üçün 7 MÜHÜM FAYDASI

Balqabaq sözün əsl mənasında təbii dərmandır. Müxtəlif faydalı maddələrlə olduqca zəngin olan qalqabaq insan sağlamlığına …